Şuşada kəsdiyimiz çörək haqqı… – Toğrul Allahverdili yazırbackend

Şuşada kəsdiyimiz çörək haqqı… – Toğrul Allahverdili yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada kəsilən çörəyin müqəddəsliyi, 

Şuşaya aşiq olanlar və yaxud dəlilik aşiqliyin əlamətidir, 

Şuşanın doğmalığı insanların qonaq olduğunu belə unutdurur…

Şuşa – adı qədər əzəmətli, özü kimi incə, nəzakətli və mədəniyyətli bir şəhər. Təsadüfi deyil ki, Cənab Prezidentimiz tərəfindən bu müqəddəs şəhər ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bu şəhər barbar, vəhşi bir qəbilə tərəfindən uzun illər işğal altında saxlanmasına baxmayaraq öz incəliyini, gözəlliyini, mədəniliyini və təravətliliyini qoruyub saxlaya bilib. Məhz bu kriteriyalara görə Şuşaya aşiq olmamaq mümkün deyil. Təbii ki, bəzən aşiqlər də özündən çıxarlar. Necə deyərlər, dəlilik aşiqliyin əlamətidir.

Əgər bu gün kimsə Şuşada artıq-əskik davranışlar nümayiş etdirirsə, zənnimcə bunun üzərindən keçmək lazımdır. Çünki uzun illər həsrətində qaldığımız üçün normal olaraq, Şuşanın görməmişinə çevrilmişik. Necə də gözəldir Şuşanın görməmişinə çevrilmək?!

Artıq gözəl Şuşamız mühüm mərasimlərə, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Amma ən maraqlısı odur ki, heç kim özünü bu şəhərdə qonaq kimi hiss etmir. Çünki Şuşa hər kəsə öz doğmalığını, sevgisini, qonaqpərvərliyini hər an göstərən şəhərdir. Ona görə də bəzən bu şəhərdə olan qonaqlar özlərini öz evlərində olduğu kimi zənn edir və necə deyərlər, bəzi davranışlarına diqqət yetirməkdə çətinlik çəkirlər.

Bu günlərdə Cənab Prezidentin tapşırığına uyğun olaraq, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada möhtəşəm beynəlxalq media forumu gerçəkləşdi.

Tədbirin ən yüksək səviyyədə təşkilinə görə Prezidentin köməkçisi Hikmət Hacıyevə, Medianın İnkişafı Agentliyinin rəhbərliyinə və şəxsən Əhməd müəllimə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.

Mənim üçün Şuşa Vaqifin məqbərəsinə yaxın ərazidə yaşayan Şükür dayı ilə Nüşabə xalanın evində kəsdiyim çörək kimi müqəddəsdir. Təsəvvür edirsinizmi bu çörək nə qədər müqəddəsdir? Şuşada kəsilən çörək bizim üçün and yerinə çevrilir artıq. İnanmırsınızsa, deyim: Şuşada kəsdiyimiz çörək haqqı! 

Mənim üçün Şuşa əsl türk anası əməkdar jurnalist Flora Xəlilzadənin dilindən eşitdiyim “Şuşada bir həyətə gəlmişik, başa düşürsünüz bu, nə deməkdir?  ALLAH, BU GÜNƏ ŞÜKÜR” deməsi ilə əzəmətlidir. 

Bütün bunlara rəğmən, amma bu gün Şuşada hansısa şəxslərin nümayiş etdirdiyi davranışlar müzakirə mövzusuna çevrilməməlidir. Biz Şuşanın adını bu cür olaylarda hallandırmamalı, şəhərin əzəmətinə, müqəddəsliyinə, incəliyinə, gözəlliyinə və mədəniliyinə kölgə salmamalıyıq.

Hər kəs başa düşməlidir ki, Şuşa artıq iki ilə yaxındır ki, özünün təmizlik qüslünü alıb. Bir zamanlar paşinyanların alkoqollarla içib murdarladığı şəhər ərazisi artıq öz paklığını bərpa edib və buna görə də şəhərin müqəddəsliyini qorumaq hər birimizin borcudur.

Amma bütün bunlarla yanaşı kimlərinsə Şuşada içkili olmasını tirajlamaqla o cür mühüm və beynəlxalq media forumdan diqqəti yayındırmağa çalışmaq qətiyyən düzgün deyil.

Düşünürəm ki, hansısa şəxsin nümayiş etdirdiyi davranışlar nə Şuşaya, nə Şuşada keçirilən tədbirlərə, nə də ki Şuşada canla-başla çalışan dostlarımızın fəaliyyətinə kölgə salmamalıdır!

Toğrul Allahverdili