Xomeyninin öldürdüyü ən yaxın dostu  – 40 illik cinayətin GİZLİNLƏRİ – FOTObackend

Xomeyninin öldürdüyü ən yaxın dostu – 40 illik cinayətin GİZLİNLƏRİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq ölkələri üzrə araşdırmaçı-yazar Əli Rzazadə xüsusi olaraq İnterpress.az üçün yazır…

Xomeyni ən yaxın silahdaşını və dostunu, onu hakimiyyətə gətirəni öldürür.

Sadiq Qotbzadə 24 Fevral 1936 – ci ildə İranın İsfahan əyalətində dünyaya gəlmişdir. Atası Hüseyn ağac məmulatları ticarəti ilə məşğul olan bir tacir idi. Onun bir qardaşı və bir bacısı da var idi. O ibtidai təhsilini Dar əl-Fünun məktəbində almışdır.

Gənc yaşlarından siyasi fəaliyyətə başlamış, 1953 -cü ildə baş verən Ayaks əməliyyatında aktif iştirakçı olmuşdur, O dövrdə İranda hakimiyyətdə olan Məhəmməd Rza Şah Pəhləvinin müxalifət cəbhəsində yer almışdır. O, İbrahim Yəzdi, Mostafa Çamran və Əli Şəriəti kimi aktivistlərlərlə birlikdə hərəkatın daha radikal qanadının bir hissəsinə çevirilmişdi.

Sadiq Qotbzadə təhsil almaq üçün üçün Amerika Birləşmiş Ştatlarına gedir. 1959-1963-cü illərdə Corctaun Universitetinin Walsh School of Foreign Service-də təhsil alır. Lakin çox çəkmir ki, o ABŞ-dan deportasiya olunur. Sadiq Qotbzadənin ABŞ-dan deportasiya olunmasının səbəbi Vaşinqtonda Pəhləvi hökumətinin təşkil etdiyi ziyafətdə İranın səfiri və şahın kürəkəni Ərdəşir Zahediyə yaxınlaşaraq ona şillə vurması olur. ABŞ-dan deportasiya olunandan sonar o, İrana deyil, üçüncü ölkəyə sığınmaq məqsədi ilə bir neçə ölkəyə köçür və nəhayət özünə sığınacaq olaraq Kanadanı seçir. Qütbüzadə yaşadığı bir neçə ölkədə və daha sonra Kanadada məskunlaşanda belə mövcud İran hakimiyyətinə qarşı sərt çıxışları ilə populyarlaşır.

Hətta İranın sonuncu şahı Məhəmməd Rza Pahləvi ömrünün son günlərində, ABC News-in müxbiri Devid Frostla müsahibə verərkən belə deyir: “Bütün bunları Xomeyninin tək etdiyinə inanmıram, o, zülalın nə olduğunu belə bilməyən adamdır! Düşünrəm ki, bu inqilabı o yox, ona məsləhət verənlər etdi. Onun məsləhətçiləri var, məsələn, hamımız onlardan ikisini çox yaxşı tanıyırıq; İbrahim Yəzdi və Sadiq Qotbzadə…”

Sadiq Qotbzadə Misir, Suriya və Livana səfərlər edir. Livanda olarkən ilahiyyatçı-alim, siyasi aktivist Musa Sədrlə tanış olur və onun vasitəsilə ilə Xomeyni hərəkatına qoşulur. Bununla da Qutbzadə şah hakimiyyətinə etiraz olaraq Xomeyninin tərəfdarlarına çevirilir və onun cəbhəsində şah hakimiyyətinə qarşı müqavimətini davam etdirir.

Şah hakimiyyətinə qarşı müxalifətdə dayanan Ruhulla Xomeyni 1964-cü ildə İrandan sürgün edilir və bir neçə ay Türkiyənin Bursa şəhərində yaşayandan sonra İraqın Nəcəf şəhərində məskunlaşır. Bu mütddət ərzinə Qotbzadə Kanadanın Nelson şəhərində təhsil alarkən də mütəmadi Xomeyni ilə əlaqə saxlamaqda davam edir. Qotbzadənin Suriya mətbu orqanalrının birində jurnalist kimi çalışması, onu mütəmadi səfərlər etməsini və Xomeyni ilə görüşmək imkanı əldə etməsini təmin edirdi. Lakin o təkcə jurnalist yox, şah hökumətinə qarşı müxalifətdə dayanan tanınmış fiqur idi.
Xomeyni Bursada siyasi sürgündə olandan Qotbzadə onunla mütəmadi əlaqə saxlayır, onun Bursadan Nəcəfə köçməsini təklif edir və onun İraqın Nəcəf şəhərinə köçməsinə müyəssər olur. O, bütün bunları Xomeyninin təhlükəsziliyi ilə əlaqələndirirdi. Çox keçmir ki, İraqda müxtəlif basqılara məruz qalan Xomeyni, daha Nəcəfdə qalmaq istəmir. Bu zaman onun sadiq tərəfdarı, Sadiq Qotbzadə onun fransada məskunlaşmasını təmin edir.

Xomeyni Parisə köçdükdən sonra Qotbzadə onun və yoldaşlarının Fransada qalmaları üçün şərait yaradır. Əvvəlcə onları aktivist Əhməd Qəzənfərpurun evinə apar və sonra onlar üçün “Neauphle-le-Chateau” da yerləşən bağ evini icarəyə götürür. Xomeyninin Parisdə olduğu müddətdə də Qotbzadə inqilab rəhbərinin əsas məsləhətçilərindən biri olmuş və bir çox mühüm qərarlarda onu müşayiət etmişdir.

Xomeyni Parisdə olduğu müddətdə onun sadiq tərəfdarları və himayəçiləri hesab olunan Sadiq Qutbzadə və İbrahim Yəzdi ilə məsləhətləşmədən “su belə içmirdi”.

1979-cu il 1 -fevral tarixində Xomeyni 15 illik mühacirətdən sonra İrana qaydır. Artıq 16 gün idi ki, Rza şah Pəhləvi ölkəni tərk etmiş və ölkənin idarəçiliyini baş nazir Şapur Bəxtiyara həvalə etmişdi. Bir versiyaya görə 60 min dollar məbləğinə kirayələnmiş və məbləğin milli cəbhənin üzvləri tərəfindən ödənilmiş “Air Frans” hava yollarına məxsus təyyarədə Xomeyninin sağ tərəfində onun sadiq tərəfdarı, Sadiq Qotbzadə əyləşir. BBC müxbiri Con Simpson ilə Xomeyni arasında elə təyyarədə baş verən qısa, amma məşhur dialoq zamanı tərcüməçi də Sadeq Qotbzadə idi:

– Ayətullah, lütfən, bizə deyərsinizmi, İrana qayıtmağa görə hansı hisslər keçirirsiniz?

– Hiçi (heç nə).

Qütbzadə tərcümədə bu uğursuz cavabı düzəltməyə çox çalışsa da, məlum cavab digər jurnalistlərin də diqqətindən yayınmır və olduğu kimi də dövrü mətbuatda dərc olunur. Xomeyni həmişə hesab edirdi ki, istənilən hökumətin ən mühüm sütunu onun radio və televiziyasıdır. Ona görə də ona ən çox güvənən Qotbzadəni Radio və Televiziya şöbəsinə müdir təyin edildi.

İnqilabdan sonra Qotbzadə, Liviyada səfərdə olarkən naməlum şəkildə itkin düşən məşhur ilahiyyatçı və siyasi xadim Musa Sədrin tapılması və oğurlandığı təqdirdə onun azad edilməsi üçün çox səy göstərir. Musa sədrin tapılması üçün hökumətin maddi vəsait ayırması fikini irəli sürərkən, Seyid Mustafa Xomeyni ( Xomeyninin böyük oğlu); buna etiraz edir, hətta məclislərin birində Sadiq Qotbzadə ilə Seyyid Mustafa Xomeyninin fiziki dava saldıqları haqda məlumatlar gəzirdir.

Lakin Xomeyni bu hadisədə Sadiq Qotbzadənin tərəfini tutur və ona qarşı çıxan oğlanlarına qarşı gələrək, onları tənbeh edib deyir: “Sadeq, biş əz şoma fərzənde mən əst” (Sadiq sizdən daha artıq mənim oğlumdur). Bu məsələ Ayətullah övladlarının Qotbzadəyə qarşı dərin nifrətinə səbəb olur.

1979-cu il noyabrın 4-də Tehrandakı ABŞ səfirliyinin bir qrup Xomeyni tərəfdarı tələbə tərəfindən ələ keçirilir. Şah qaçsa da, Xomeyni hakimiyyətə gəlsə də Amerikanın ölkədə dayaqları hələ də qalır, Xomeyni hakimiyyətinə qarşı müqavimət göstərməyə çalışırdılar. İnqilab tərəfdarları bu güclərin, əsasən, Tehrandakı ABŞ səfirliyində diplomat cildinə girmiş casuslar tərəfindən idarə olunduğunu hesab edirdilər. Lakin səfirliyə basıqın və oradakı xarici diplomatların girov götürülməsi İranın xarici siyasi imicinə böyük zərbə vurmuşdu. Artıq ölkədə fəaliyyət göstərən figər səfirliklərin təhlükəsizliyi sual altında idi.

O zaman Əbülhəsən Bəni Sədr Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi; Bəni Sədr bu haqda deyir:

“Mən Qotbzadəni hava limanında gördüm və ona eyhalma səfirliyə edilən basqını nəzərdə tutaraq dedim: Nəhayət, öz istəyinə çatdın, işini gördünmü? O, cavab verdi: “Mən heç nə etməmişəm” Mən ona dedim: “Bunu sən özün eləmisən, özün də düzəlt!” ona görə də Xarici İşlər Nazirliyinin vəzifəsini ona tapşırdım.

Maraqlıdır ki, doktor Bəni Sədr niyə bu hadisələrin səbəbkarının Qotbzadə olduğunu hesab edir!? Şübhə yoxdur ki, Qutbzadə girovları azad etməkdə israrlı olsa da, Xomeyni girovların azad edilməsi qarşılığına ölkəni tərk edən şahın ölkəyə qaytarılmasını istəyirdi. O vaxtlar Qutbzadə İranın ən məşhur adamı sayılırdı, elə gün olmurdu ki, beynəlxalq mediada görünməsin, böhranla bağlı müsahibə verməsin. Amerika hakimiyyəti Qotbzadənin təkcə xarici işlər naziri deyil, həm də “İmamın mənəvi oğlu” olduğunu bildiyi üçün onun barəsində xüsusi hesab açmışdı.

Meksikada keçirilən Qvadalupe sammiti zamanı qərb ölkələrinin liderləri bir araya toplaşaraq İran şahını dəstəkləməyi dayandırmaq səsləyir, sammitdə sərt çıxışı ilə Xomeynini müdafiə edən Qotbzadə inqilabın nəfinə çoxlu beynəlxalq imtiyazlar əldə edir. Lakin Qotbüzadənin inqilabın gerçəkləşməsində böyük əmək və zəhmətinin olmasına baxmyaraq, ona qarşı hakimiyyət tərəfdən soyuq münasibət hiss olunmağa başlayırdı.

Qotbzadə ilk prezident seçkilərində namizədliyini irəli sürür, lakin o, Bəni Sədrə məğlub olur və siyasi nüfuzu azalmağa başlayır.

İnqilabın baş tutmasında onun qədər xidmətləri olmayan şəxslərin birdən birə hakimiyyətə gəlməsi və Qotbzadənin dəstəyi ilə hakimiyyətə gələn Xomeyninin ona qarşı soyuq münasibəti, Qotbzadənin hakimiyyətə qarşı fikirində dəyişiklik yaradır və Qotbzadə İslam Respublikası Partiyasına və onun lideri Beheştiyə qoşulur. Daha sonra o, Xomeyninin müxaliflərindən olan Şəriaətmədari nəzərə çarpır. İddiaya görə Qutbzadənin telefon danışıqları dinlənilir və İnqilabın Baş Prokuroru Qudusi tərəfindən absurd iddialarla həbs edilir, lakin Bəni Sədr, Bazarqan və Sami kimi tərəfdarları ittihamın uydurma olduğu iddiası ilə hələ də onu dəstəkləyirdilər.

1982-ci ildə bir vaxt inqilabın təşkilatçılarından, Xomeyninin himayədarlarından biri olan Sadiq Qotbzadənin İslam Respublikasına qarşı çevriliş cinayətinə və Xomeyninin öldürülməsinə görə həbs olunması xəbəri İranla yanaşı bütün dünyanı şoka salır. Ziddi -inqilabçıların Xomeyninin evinin yaxınlığında sui-qəsd məqsədi ilə külli miqdarda partlayıcı maddə basdırdıqları iddia olunur.

Nurəddin Kianuri; İranın Tudə Partiyasının baş katibi belə deyir:
“Biz Qutbzadənin planlaşdırdığı sui-qəsddən xəbər tutduq və Tudə partiyasının iki gizli üzvü, polkovnik Əttarian və polkovnik Kəbiri (çox keçmir adları çəkilən bu iki zabit də edam olunur) ilə birlikdə qərargaha gedərək mütəmadi olaraq cənab Xaməneyi və cənab Rəfsəncaniyə məlumat verdik. Baş verə biləcək cinayətdən cəmi bir neçə saat əvvəl Qotbzadə həbs olundu”

Xomeyninin oğlu Əhməd Xomeyni zindanda Qutbzadəni ziyarət edir. Ayətullah Montəzəri xatirələrində yazırdı:
“Bir gün Hacı Əhməd ağa Qumdakı evimizə gəldi və cənab Hacı Seyid Əli də orada idi; o təhdidlə dedi: “Bu axşam Qotbzadə televiziyada Şəriətmədari haqqında mənfi danışacaq. Siz ehtiyatlı olun və heç nə deməyin”

Həmin gecə televiziyada Qotbzadənin müsahibəsi yayımlandı və o onlar məhz bu istiqamətdə  Şəriətmədarinin yanına getdilər. Sonradan eşitdim ki, Əhməd Xomeyni təcridxanaya, Qotbzadənin yanına gedib və ona deyib ki, sən iddiaları etiraf et. O zaman imam (Xomeyni) səni bağışlayacağına söz verib. Həmin gecə vaxtilə rəhbəri olduğu televiziya ekranında görünərək etiraf ifadələri səsləndirdi və ayətullah Məhəmməd Kazım Şəriətmədarinin də adını çəkdi.

Bununla da Qotbzadə Xomeyniyə qarşı terror aktının hazırlanması plnanını etiraf edir, lakin buna baxmayaraq Xomeyni onu bağışlamayaraq, edam etdirir. Sonradan etibarlı mənbədən eşitdim ki, Xomeyninin iqamətgahının yanındakı quyuya partlayıcının atılması xəbəri tamamilə saxtadır və həqiqətə uyğun deyil. Məqsəd yalnız Qotbzadənin etirafları ilə Şəriətmədarini günahlandırmaq idi”

Unutmayaq ki, həmin Şəriətmədari şah hakimiyyəti dövründə  Xomeyniyə ictihad dərəcəsi və təqlid səlahiyyəti verməklə onun həyatını edam təhlükəsindən xilas etmişdi. Mücəthid Seyid Kazım Şəriətmədari 1986-cı ildə vəfat edənə qədər ev dustaqlığında saxlanılır. O dövrün mətbu orqanları Qotbzadənin xainliyini və əyyaşlığını sübut etmək üçün yazırdılar:

“Qutbzadə məşuqəsi ilə birlikdə evdə olarkən həbs olunub”

Həmin xanım əslində Qotbzadənin Kanadadan olan Kerol Cerom adlı nişanlısı idi və CBC-nin müxbiri olaraq çaılışırdı. Sonralar o, Qotbzadənin edamından sonra onun haqqında “Güzgüdəki adam” adlı kitab yazır. Güzgüdəki adam kitabında xanım Kerol Cerom yazırdı:

“Sadiq bilirdi ki, onun aparacaqlar. Mən ona dedim: Dostlarım və mən sənə kömək edəcəyik və səni ölkədən çıxaracağıq. Lakin o, cavab verdi: Bu inqilab mənim bu millət üçün yaratdığım bir kabus idi. Mən günahkaram, qalıb taleyimlə barışacağam”

Çox keçir, onu aparmağa gəldilər. O, maşına minəndə bilmirdim ki, onu bir daha görməyəcəm. Ayətullahın öz oğlunu öldürəcəyinə heç vaxt inanmazdım. Qotbzadə həmin ilin avqustunda (1982) mühakimə olundu və inqilabın öz uşaqlarını yediyini sübut etmək və İran xalqının çoxlu bilmədiyi hekayələrini dəfn etmək üçün sentyabrın 15-də Evin həbsxanasında güllələndi”.

Şərq ölkələri üzrə araşdırmaçı-yazar Əli Rzazadə
İnterpress.az