“Zəngəzur dəhlizi ilə bölgədə yeni nəqliyyat arteriyası formalaşır“ – Politoloqbackend

“Zəngəzur dəhlizi ilə bölgədə yeni nəqliyyat arteriyası formalaşır“ – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur nəqliyyat dəhlizinin reallaşması regionun nəqliyyat-tranzit sektorunda yeni imkanlar yaradacaq. Sözsüz ki, bu imkanlardan təkcə Azərbaycan deyil, regionun digər dövlətləri də faydalanacaq.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İlyas Hüseynov bölgədə yaranmış yeni siyasi şəraiti Yenisabah.az-a şərh edib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV sammiti bir sıra məqamlarla yadda qalıb və bu məqamlar sırasında Prezident İlham Əliyevin çıxışı zirvənin əlamətdar hadisəsi olub:

“Eyni zamanda, noyabrın 26-da Soçi görüşündə imzalanmış üçtərəfli birgə bəyanatdan sonra Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə toxunub və bildirib ki, Zəngəzur dəhlizi, ümumən Avrasiyada Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üçün xüsusi bir nəqliyat-tranzit marşrutuna çevriləcək. Bu xüsusda, artıq bir sıra razılaşmalar əldə olunub. Bu artıq onu göstərdi ki, həm Türk Dövlətləri Təşkilatı (TDT), həm İqtisadi Əməkdaşlıq Təşkilatı üzvləri həmin layihədən iqtisadi fayda götürəcək, eyni zamanda, o, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına da xidmət edə bilən layihə olacaq”.

İ. Hüseynov əlavə edib:

“İƏT-in 10 üzvündən 3-ü – İran, Əfqanıstan və Pakistan TDT üzvü deyil. Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün mühüm geostrateji imkanlarını təklif edən Azərbaycan qurumda əsas rola malikdir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan gələn yüklərin Zəngəzur nəqliyyat dəhlizi vasitəsilə qərbə nəqli imkanları genişlənir və yeni nəqliyyat arteriyası formalaşır. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, bu layihəni icraya verəndən sonra Azərbaycanın geostrateji nüfuzu bir qədər də artacaq və geosiyasi əhəmiyyəti beynəlxaq münasibətlər sistemində bir aktor kimi, daha da möhkəmlənəcək”.

Siyasi analitik vurğulayıb ki, TDT-nin ardınca digər regional platformalarda Zəngəzur dəhlizi ilə bağlı fikirlərin bəyanı iqtisadi dinamizmin artırılması üçün göstərilən səydir:

“10 noyabr tarixli birgə bəyanatın 9-cu maddəsində müvafiq qeyd var və rəqabət qabilliyətlilik nöqteyi-nəzərindən Zəngəzur dəhlizində hər hansısa gömrük postlarının, nəzarət-buraxılış məntəqələrinin quraşdırılması yolverilməzdir.

Bir sözlə, Azərbaycanın istədiyi bu gün həm danışıqlar masasında icra olunur, həm də hüquqi münasibətlər sistemində öz təsdiqini tapır”.

Rafi MÜSLÜMOV

“Zəngəzur dəhlizi ilə bölgədə yeni nəqliyyat arteriyası formalaşır“ - Politoloq