10 Dekabr: İnsan Hüquqları və Soyqırımlara Qarşı Mübarizədə Əlamətdar Günbackend

10 Dekabr: İnsan Hüquqları və Soyqırımlara Qarşı Mübarizədə Əlamətdar Gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 dekabr dünya miqyasında insan hüquqlarının qorunması və soyqırımlara qarşı mübarizə baxımından əlamətdar gündür. 1948-ci ildə məhz bu tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası iki mühüm sənəd qəbul etmişdir: İnsan Hüquqları Ümumi Bəyannaməsi və Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya. Bu sənədlər insan ləyaqətinin müdafiəsi və kütləvi cinayətlərin qarşısının alınması üçün hüquqi əsaslar yaratmışdır.

İnsan Hüquqları Ümumi Bəyannaməsi hər bir insanın bərabər və ayrılmaz hüquqlara malik olduğunu bəyan edir. Bu sənəd irq, din, dil və ya digər fərqliliklərdən asılı olmayaraq hər kəsin azadlıq və bərabərlik hüququnu təmin edir. Soyqırım Cinayətlərinə dair Konvensiya isə etnik, dini, milli və ya irqi qrupları qəsdən məhv etməyə yönəlmiş hərəkətləri ən ağır beynəlxalq cinayət kimi tanıyır.
Ancaq bu sənədlərin qəbuluna baxmayaraq, XX əsrdə dəfələrlə soyqırımlar törədilmişdir. Təəssüf ki, bu faciələrdən bəziləri Azərbaycan xalqının taleyində də dərin iz buraxmışdır.

Xocalı soyqırımı 1992-ci ilin fevralında erməni silahlı qüvvələrinin dinc Xocalı əhalisinə qarşı törətdiyi dəhşətli cinayətdir. Bu faciədə 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan evindən didərgin düşmüşdür. Xocalı hadisəsi beynəlxalq hüququn tələblərinə görə tam mənası ilə soyqırım hesab olunmalıdır.

Bundan əvvəl, 1918-ci ilin martında erməni-bolşevik qüvvələri Azərbaycanın müxtəlif bölgələrində minlərlə dinc azərbaycanlını qətlə yetirərək tarixdə Mart soyqırımı kimi bilinən faciəni törətmişdir. Bu hadisələr zamanı həm insanların həyatına, həm də Azərbaycanın mədəni irsinə ciddi zərbə vurulmuşdur.

10 dekabr tarixinin əhəmiyyəti yalnız insan hüquqlarının qorunmasının vacibliyini vurğulamaqla məhdudlaşmır. Bu tarix həm də keçmişdə baş vermiş faciələri unutmamaq və gələcəkdə onların təkrarlanmaması üçün bir çağırışdır.

Bu gün, insan hüquqları və soyqırımların qarşısının alınması sahəsində tarixin ibrət dərslərini anlamaq və bu dərsləri gələcək nəsillərə çatdırmaq üçün vacibdir. Ədalət uğrunda mübarizə və insan ləyaqətinin müdafiəsi üçün göstərilən səylər dünya üzrə hər kəsin vəzifəsi olmalıdır.

Zaur Quliyev

Hüquqşünas