Müharibənin “ayaq səsləri”: Kürdlərin muxtariyyət çağırışları eşidilir – TƏHLİLbackend

Müharibənin “ayaq səsləri”: Kürdlərin muxtariyyət çağırışları eşidilir – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şimalında Türkiyə və Suriya arasında yaranmış gərginlik kürdlərin işinə yarayıb. Bu səbəbdən də son günlər “Rojova”dan (Suriyanın kürd regionu – R.Q.) muxtariyyat çağırışları yüksəkdən eşidilməyə başlayıb.

Məsələ ondadır ki, İdlib ətrafında yaranmış gərginlik Türkiyə və Suriyanı, hətta Pentaqonun son bəyanatına inansaq, Rusiyanı müharibənin kandarına gətirib. 

Türkiyə İdlibdə atəşkəsi bərpa etmək və Suriya ordusunu geri oturtmaq üçün İdlibə beş mindən çox hərbi qüvvə və zirehli texnika göndərib. Bu vəziyyət, yəni Suriya və Türkiyə arasında qarşıdurma həm də Suriya kürdlərinə sərf edir. Çünki çox uzaq keçmişdə deyil, ötən ilin oktyabrında Türkiyə ordusu “Barış pınarı” əməliyyatına başlayan kürdlər təklənmişdi.

ABŞ ordusunun çəkilməsindən sonra kürdlər faktiki olaraq Türkiyə ordusu qarşısında yalnız qaldı və bu səbəbdən də həm şimalda Türkiyə ilə sərhəd əraziləri itirdi, həm də Menbic, Raqqa, Hasake kimi rayonları Suriya ordusuna güzəştə getməyə məcbur oldu. 

İndi isə kürdlərin iki əsas düşməni olan Türkiyə və Suriya qarşı-qarşıya gəlib və bu vəziyyətdə kürdlər kiminsə yadına düşmür. İdlibdə yaranmış müharibə riski kürd məsələsini arxa plana atmaqla yanaşı, rəsmi Dəməşqi kürdlərlə danışıqlara sövq edir.

Yeri gəlmişkən, ötən həftə regiona səfər edən ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri SDQ-nin komandiri Mazlum Abdi ilə görüşüb. 

Fevralın 2-də “Hmeymim” hərbi bazasında kürdlər və Suriya hökumət təmsilçiləri arasında danışıqlar başlayıb. Suriya tərəfdən vitse-prezident və milli təhlükəsizlik müşaviri Əli Məmlük, kürdlər tərəfdən isə Demokratik Suriya Məclisinin həmsədri İlham Əhməd və daha bir neçə kürd partiyası təmsilçisi iştirak edib.

Məsələ ondadır ki, danışıqların ilk günlərində Dəməşq hökuməti kürdlərə muxtariyyət verilməsinə isti yanaşmayıb. Çünki Suriya qanunları etnik qruplara muxtariyyət verilməsini qadağan edir. Suriya Xarici İşlər nazirinin müavini Faysal Miqdad bildirib ki, Suriyada hər hansı muxtariyyət qurumunu qəbul etməyəcəklər.

O, rəsmi Dəməşqin Suriyanın ərazi bütövlüyünü qorumaqda israrçı olduğunu deyib. Rəsmi Dəməşqin kürdlərə muxtariyyət verilməyəcəyini bildirməsi PYD cəbhəsində narazılıqla qarşılanıb. 

SDQ komandanı Mazlum Abdi bildirib ki, heç kim muxtariyyət layihəsini ləğv edə bilməyəcək. Abdi deyib ki, kürdlər olmadan Suriya münaqişəsinin həlli mümkün deyil. Ancaq o, Suriya hökuməti ilə danışıqlar yolu ilə razılaşmanın tərəfdarı olduğunu da açıqlamasına əlavə edib. Lakin indi İdlibdə yaranmış vəziyyət kürdlər üçün əla fürsətə çevrilib.

Ötən ilin oktyabrında Türkiyə və Suriya orduları arasında sıxışıb qalan kürdlər indi keçmiş müttəfiqlərin savaşından faydalana biləcəklərini düşünür. Hələlik kürdlərlə Suriya hakimiyyəti arasında hansısa razılaşmanın olduğu bilinmir, ancaq ötən həftə Hələb ətrafında Suriya ordusunun hücumu zamanı kürd qüvvələrinin də dəstək verdiyi barədə məlumatlar yayılıb.

Bu isə müəyyən yaxınlaşma olması ilə bağlı şübhələrə səbəb olub. Məsələ ondadır ki, kürdlər indi Suriyanın şimalında Suriya müxalifətindən də güclü mövqedədirlər. Təbii ki, İraq təcrübəsində olduğu kimi, Suriya kürdləri də yaranmış şəraitdən istifadə edərək, mərkəzi hakimiyyətdən daha çox səlahiyyət, yəni muxtariyyət tələb edirlər.

Kürdlər anlayır ki, onların bu tələbi normal şərtlərdə regionun dörd dövləti tərəfindən qəbul olunmayacaq. Çünki ərazisində kürd azlıq olan Türkiyə, İran, İraq və Suriya kürd təhlükəsini hər zaman hiss edir və bu səbəbdən də son illərdə dəfələrlə məhz kürd amili bu ölkələri yaxınlaşdırıb. 

Ən son olaraq İraq kürdlərinin 2017-ci ilin sentyabrında müstəqillik referendumu keçirməsi həmin vaxt aralarında ciddi soyuqluq olan İran, İraq və Türkiyəni bir araya gətirib, kürdlərə qarşı birgə əməliyyatlara sövq eləmişdi. Çünki hər kəs anlayır ki, kürdlərin bir ölkədə güclənməsi digər ölkələr üçün də gələcəkdə eyni təhlükəni yaradacaq. Lakin indi situasiya dəyişib və Suriyada Türkiyə və Suriya, həmçinin, İran arasında soyuqluq yaranıb. 

Yaranmış vəziyyətdən həm Suriya hakimiyyəti, həm də kürdlər faydalanmağa çalışır. Görünür, kürdlər bu fürsətdən istifadə edib, daha çox güzəştlər, yəni nəticə etibarilə müxtariyyət əldə etməyə çalışır. Rəsmi Dəməşq isə kürd kartı ilə Ankaranı açıq şəkildə olmasa da, təhdid edir.

Son günlər kürdlərin Suriya hökuməti ilə muxtariyyət müzakirələri aparması barədə informasiyalar məhz bu məqsədə xidmət edir. Rəsmi Dəməşq düşünür ki, Türkiyə ilə anlaşa bilməsə, o zaman Suriya kürdlərinə, başqa sözlə, PKK-nın Suriya qoluna siyasi status, başqa adı ilə muxtariyyət verəcək və Türkiyə üçün daha dəhşətli problem yaradacaq.

Çünki Türkiyə hakimiyyəti PKK-nın Suriya qanadı olan PYD-nin Suriyada siyasi legitimlik və hakimiyyət əldə etməsini özü üçün təhdid hesab edir. Ankaranın bir mənada buna haqqı var. Çünki PYD faktiki olaraq PKK-nın Suriya qanadı olaraq yaradılıb.

Suriya kürdlərinin əsas siyasi təşkilatı olan PYD, yəni tam adı Demokratik Birlik Partiyası (kürdcə adı: Partiya Yekitiya Demokrat – PYD) 2003-cü il oktyabrın 17-də PKK lideri Abdullah Öcalanın təlimatı ilə yaradılıb. 

Öcalan 2002-ci il fevralın 16-da vəkilləri vasitəsilə yeni təşkilatların qurulmasını tapşırıb. Həmin ilin 1-4 aprel tarixlərində PKK-nın 8-ci qurultayı keçirilib və bu qurultayda təşkilatın İran, İraq və Suriya kimi ölkələrdə yan təşkilatları qurulub.

PYD də məhz bu təlimatla yaradılmış qurum olub. Təbii ki, PYD-nin parlaq dövrü Suriyada xaos başladıqdan sonra, yəni 2011-ci ildən hesablanır. 2003-cü ildə qurulan PYD-nin 2010-cu ilə qədərki sədri Fuad Ömər olub. Ancaq bu illərdə Suriya hakimiyyəti ölkədəki bu cür etnik, dini və siyasi qrupları sərt cəzalandırırdı. 

Kürdlərin 2000-ci illərin əvvəllərindəki etirazlarından sonra hökumət sərt müdaxilə edib və nəticədə, PYD liderləri, o cümlədən, təşkilata “ərəb baharı” prosesində rəhbərlik etmiş Saleh Müslim İraqa qaçıb. Həmin illərdə PYD Şimali İraqa PKK-nın əsas düşərgəsi olan Qəndil dağlarında yerləşib.

2011-ci ilin martın 15-də Suriyanın cənubunda başlayan etirazlar tezliklə bütün ölkəni bürüyən müharibəyə çevrilib. Maraqlıdır ki, Suriya kürdləri arasında islamçı qruplar olsa da, sonradan bu qruplar və onların liderləri sıradan çıxarılır və qısa müddətdə PYD Suriyanın şimalında kürdlərin əsas hərbi-siyasi təşkilatına çevrilir. 

Saleh Müslim və başqaları Suriyaya qayıdır və tezliklə PYD mərkəzi Qamışlı şəhəri olmaqla, Afrin, Ayn əl-Ərəb, Hasake kantonlarını nəzarətə götürür. 2012-ci ildə isə kürdlər Kobani şəhərini nəzarətə alır, bu dövrdə hökumət qüvvələri ilə kürdlər arasında ciddi toqquşmalar olmur. 

Ehtimal olunur ki, Bəşər Əsəd hakimiyyəti o illərdə kürdlərin şimalda güclənməsində maraqlı olub. Çünki kürdlər, əsasən, sol meyilli təşkilat olaraq islamçı silahlı qruplarla kəskin rəqabət və ərazi toqquşmaları içərisində olub. Bu səbəbdən də Əsəd ölkədə hakimiyyəti ələ keçirməyə çalışan islamçı müxaliflərə qarşı şimalda kürdlərin alternativ qüvvə kimi çıxış etməsinə şərait yaradıb və bu səbəbdən də bir sıra məntəqələrdən, o cümlədən, sərhəddən qüvvələrini geri çəkib.

Bu taktika xeyli dərəcədə uğurlu olub, Suriya ordusunun çəkilməsindən sonra şimalda Azad Suriya Ordusu, eləcə də, ən-Nusra və digər islamçı qruplar, İŞİD arasında toqquşmalar başlayır. 

İŞİD digər qrupları əzərək, 2014-cü ildə böyük əraziləri ələ keçirir və bu zaman şimal-şərqdə kürdlərlə qarşılaşır. 2014-cü ildə Kobani şəhəri uğurunda beş ay davam edən müharibədən sonra İŞİD Kobanini kürdlərdən ala bilmir və ilk dəfə məğlub olaraq geri çəkilməli olur.

Kürdlər Şimali Suriyada nəzarət etdikləri bölgələrə Rojova deyir. Bu bölgələrdə Konqre-Gel deyilən ali xalq qanunverici orqanıdır. Abdullah Öcalanın PKK üçün də tətbiq etdiyi həmsədrlik institutu, rəhbərliyin bir qadın və bir kişidən ibarət olması qaydası PYD-də də tətbiq olunur.

Ankara isə PYD-ni PKK-nın Suriya qolu olaraq terror təşkilatı kimi tanıyır. Türkiyə hökuməti PYD-nin Suiryanın şimalında gücə çevrilməsini suverenliyi üçün təhdid olaraq görür. Hazırda Suriyanın şimal-şərqində ölkə ərazisinin təxminən 25 faizə qədərinə “Suriya Demokratik Qüvvələri” (SDQ) adlı hərbi-siyasi koalisiya nəzarət edir.

Ötən il keçirilən “Barış pınarı” hərəkatı nəticəsində kürdlər Suriya sərhədində 140 kilometrlik zolaqdan çıxarılsalar da, hələ də Suriyada ciddi qüvvə hesab olunurlar. Suriyanın əsasən şimal bölgələrində, Türkiyə və İraq sərhədinə yaxın üç kantonunda (sonradan kürdlər daha bir kantonu ələ keçirərək dörd etdilər – K.R.) yaşayan kürdlərin sayı bəzi məlumatlara görə, iki milyondan çoxdur. 

2017-ci ildə isə İŞİD-in Suriyadakı “paytaxtı” Raqqanı ABŞ qüvvələrinin dəstəyilə ələ keçirən kürdlər artıq bütün dünyanın hesablaşdığı hərbi-siyasi gücə çevrilmişdilər. 2015-ci ildə Suriyanın şimalında kürdlər nəzarət edən bölgədə digər etnik qrupların, o cümlədən, qismən türkmən, ərəb, süryani və ermənilərin də iştirak etdiyi “Suriya Demokratik Qüvvələri” adlı koalisiyanı yaratmaqla faktiki olaraq muxtariyyətə doğru bir addım daha yaxınlaşdılar.

Ancaq 2019-cu ilin 9 oktyabrında başlayan “Barış pınarı” əməliyyatı böyük mənada kürd muxtariyyəti ideyasını laxlatdı. Türkiyə Suriya kürdlərinin SDQ adı altında olmasına baxmayaraq, əslində, PKK terror təşkilatının Suriya qolu adlandırır və Suriya ilə Türkiyə sərhədinə PYD/YPG-nin nəzarət etməsini özü üçün təhlükə elan etdi. YPG döyüşçülərinin dəqiq sayı bilinməsə də, bəzi məlumatlara əsasən, 60 mindən çox üzvü var. Ancaq YPG ilə yanaşı, Suriyanın şimalında daha bir neçə hərbi birləşmə var. 

Bu birləşmələr YPG ilə birlikdə əməliyyatlara qatılır. Bir qismi isə Sudiya Demokratik Qüvvələri koalisiyasına daxildir. Kürdləri həmçinin Qərb ölkələri də dəstəkləyir. Daha əvvəl İŞİD-ə qarşı kaolisiyanın aktiv üzvü olan kürd silahlı dəstələrinə ABŞ hökuməti silah və maliyyə dəstəyi verir. Vaşinqtonun kürdlərə verdiyi silah və texnika dəstəyi bir neçə dəfə Türkiyə prezidenti tərəfindən dilə gətirilib və Vaşinqtonu tənqid edib.

Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyinin 2021-ci il nəzərdə tutulan hərbi büdcəsində Suriya kürdlərinə, daha dəqiq desək, “Suriya Demokratik Qüvvələri” Koalisiyasına 200 milyon dollar hərbi yardım edilməsi nəzərdə tutulur. 

Bütün bunlara baxdıqda, Suriyada gərginliyin yüksəlməsi və İdlibdə yeni müharibənin başlaması növbəti, ikinci kürd muxtariyyətinin ortaya çıxmasına səbəb ola bilər. Bu isə yalnız Türkiyə üçün deyil, həm də bütövlükdə region ölkələri üçün yeni hərbi-siyasi vəziyyət demək olar. 

Rəşad Quliyev

İnterpress.az