Azərbaycan hökumətinə bəzi sahələri ƏDV-dən azad etmək tövsiyə olunurbackend

Azərbaycan hökumətinə bəzi sahələri ƏDV-dən azad etmək tövsiyə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu təkliflə Bakıda keçirilən \”Vergi sistemində İnkişaf və Əməletmə\” 5-ci illik vergi konfransda \”KPMG Azerbaijan\” şirkətinin idarəedici partnyoru Müşfiq Əliyev deyib.

M. Əliyevin sözlərinə görə, xüsusilə, spesifik regionlarda bəzi sahələr, istehsal və turizm sahəsi üçün aşağı dərəcəli ƏDV tətbiq edilə bilər.

\”Növbəti təklif müxtəlif regionlarda yaradılan və fəaliyyət göstərən müəssisələr üçün müəyyən müddətə vergi güzəştlərinin tətbiqi ilə bağlıdır. Bu da regionların inkişafına xidmət edə bilər. Bundan başqa, növbəti təklif bütün və ya müəyyən spesifik kənd təsərrüfatı məhsulları istehsalçılarının ƏDV-dən azad olunması ilə bağlıdır. Bildiyiniz kimi, Vergi Məcəlləsi kənd təsərrüfatı istehsalçılarını 2018-ci ilin sonuna qədər istehsal etdiyi məhsullarını ƏDV-dən azad edir. Lakin, bir çox fermerlər özləri istehsalla məşğul olmur. Bu işlə məşğul olan müəssisələr xammalı fermerlərdən alır və bu məhsulları istehsal edirlər. Lakin, bu zaman ƏDV yaranır ki, bu da əlavə qiymət artımına səbəb olur. Buna görə, bütün kənd təsərrüfatı məhsulları istehsalçılarının ƏDV-dən azad olunması təklif olunur\”.

KPMG rəsmisinin başqa bir təklifi satış prosesində ƏDV-nin tamamilə kassa metoduna keçilməsi ilə bağlıdır: \”Bu, bütün vergi ödəyicilərinə aiddir. Hazırda müəssisələr invoys kəsərkən müəyyən müddət keçir, sifarişçi ona ödəniş edir. Çox vaxt bu proses 1-3 ay müddət tələb edir. Bu səbəbdən iş görən, xidmət göstərən və mal satan vergi ödəyiciləri ƏDV-ni öz vəsaitləri hesabına büdcəyə köçürməyə məcburdurlar. Bu isə onların maliyyə vəsaitlərini məhdudlaşdırır. Buna görə də ƏDV-nin kassa metoduna keçməsi bu çətinliyi aradan qaldırar və əlverişli investisiya mühiti yaranar\”.

İnterpress.az