Ömrümdə ağlıma gəlməzdi ki, bir müğənni öləcək və bu ölümdən sonra cəmiyyət fərdlərinin başqa üzünü də görəcəm. Amma gördüm. Eyni zamanda həm də gördüm ki, bu sadə bir ölüm olmadı. Yəni alışdığımız ölümlərdən deyildi. Bu ölüm həm bir fanini, həm də duyğuları, dəyərləri, hörməti, izzəti öldürən bir ölüm oldu.
İndi deyə bilmərəm ölənmi uduzdu yoxsa ölümdən sonra bütün dəyərləri öldürən və torpağa bastıranlarmı? Bunu hər kəsin vicdanının mühakiməsinə buraxıram, amma bildiyim bir şey var ki, bu fani iki dəfə öldü. Bir dəfə Allah öldürdü, ikinci dəfə isə biz insanlar. Həm də elə-belə yox, Linç edərək öldürdük.
Linç sözünü yəqin ki, çoxunuz eşitmisiniz. Eşitməyənlər üçün biraz izah edim.
Linç, cinayət hadisəsinin təsirindən hiddətlənən xalqın, hüquqi mühakimə edilməsinə fürsət belə vermədən cinayətkarın öldürülməsi hadisəsidir. Başqa sözlə desək, cinayət başında yaxalanmış günahkarı dərhal insanlar tərəfindən cəzalandıran sistem. Adını Lynch adlı bir hakimdən alıb, sadə mühakimə üsulunun tətbiq edildiyi qanundur.
Tarixdə müxtəlif günahkarların xalq tərəfindən dərhal və ya müəyyən bir müddət sonra cəzalandırılması şəkillərinə çox rast gəlinib. Məmləkətin adətinə, yaşanılan dövrün xüsusiyyətlərinə görə tətbiq edilmə şəkilləri fərqli olub.
Linç hadisələrinə qanunun hakim olmadığı, fərdlərin cəzanı özlərinin verməyə cəhd etdikləri cəmiyyətlərdə daha çox rast gəlinir.
Ümumi olaraq bütün hüquq dövlət sistemlərində hüquqa, səlahiyyətli qurumlara müraciət etmədən cinayətkara cəzanı birbaşa insanlar tərəfindən verilməsi cinayət sayılır. Linç, insandakı həyəcana əsaslanan, şüurun yox, məhz duyğuların hərəkətə keçməsi nəticəsində meydana gələn bir hadisədir. Halbuki cəzalandırmada, ədalətin təmin edilməsi əsasdır. Özünə və ya yaxınlarına qarşı cinayət törədənləri cəzalandırma məsələsində insanların tərəfsiz davranması mümkün deyil. Bu səbəblə günahkarların cəzalandırılması, tərəfsiz orqanlara həvalə edilib.
Bu da, müxtəlif dövrlərdə müxtəlif səlahiyyətlilər və təşkilatlar tərəfindən icra edilib. Bu gün hüquqi cəmiyyətlərdə günahkarın cəzalandırılması və cəzanın icrası, müstəqil məhkəmələr tərəfindən yerinə yetirilir.
Bəs məsələnin mənəvi və dini tərəfi? Bunu da vicdan məhkəməsi həlledir. Əgər vicdan varsa…
Bu məsələni də acizanə dini bilgilərimlə izah etməyə çalışacam.
Axı bizi böyüdən cəmiyyət- islam dini qul haqqı deyir. Allah: “mən qullarımı əfv etməyə hazıram, yetər ki, mənə qul haqqı ilə gəlməsinlər” deyir. İslama və Allaha inanan toplumuqsa o zaman bunu qəbul edirik ki, o dünyada hər kəs etdiyinin cəzasını çəkəcək. Kimin cənnətə və kimin cəhənnəmə gedəcəyinə də Allah qərar verəcək. Əgər Allah qul haqqı ilə gəlməyin deyirsə o zaman çalışmalıyıq ki, mümkün qədər ölmədən əvvəl hər kəsdən halallıq alaq, əgər buna fürsət qalmırsa Allahın başqa bir tövsiyyəsi də var insanlara. Bağışlayın ki, mən də sizi bağışlayım.
Ortaya bir sual çıxır. Allah bağışlayandırsa, Allahın yaratdığı qullar bu hikkəni və qəzəbi kimdən alır? İnsanları, birinin olmadığı bir yerdə onun haqqında pis bir şeylərin danışmasına kim və nə vadar edir? Dində bunun adı qeybətdir. Olan bir hadisəni belə danışmaq qeybətdir. Çoxumuz elə düşünürük ki, olanı danışmaq qeybət deyil. Amma yanılırsınız. Qeybət, elə olan bir şeyi fərdin iştirakı olmadan başqalarına danışmaqdır. Olmayanı demək isə iftiradır.
İndi bu yazını oxuyan hər kəs məni dərs verməkdə günahlandıra bilər, “bunları bilirik də…” deyə bilər. Bəs bilirsinizsə o zaman hansı qəzab və hansı kin sizi bir ölünün qeybətini etməyə sövq etdi. Axı qeybət elə ölü əti yeməyə bərabərdir dində. Hansı duyğulardan və dəyərlərdən ac qaldınız ki, ölü əti yediniz?
Allah qullarına “mənə qul haqqı ilə gəlməyin” deyəndə nə anlayırsınız əcəba? Sadəcə birinə pislik etmək? burda da yanılırsız. Birinin qeybətini etmək də qul haqqına girir.
Deyək ki, dediyiniz kimi, İlhamə Quliyeva hegemon olub, kimlərəsə pislik edib. Niyə buraxmırsız o qullar öz arasında həlletsin məsələlərini?
O bəlkə sizdən daha şanslı çıxır bu vəziyyətdə. O bəlkə çoxundan halallıq ala bilmədi, amma halallığını ala bilmədiklərinin bəziləri haqqını halal etdi ölümündən sonra.
Bəs siz? O getdi və sizin vəziyyətiniz ondan daha pisdir. Bəlkə o sağ olanların haqqına girdi, amma siz ölü haqqına girdiniz. Yoxsa elə hesab edirsiniz ki, öldü və istədiyinizi deyəcəksiniz və ədalətinə güvəndiyiniz Allah bunu yerdə qoyacaq? Bu vəziyyətdə üzərinizdə qul haqqı qalmasın deyə siz ondan halallıq almalısınız. Görəsən siz ondan necə halallıq istəyəcəksiniz, heç düşündünüz mü?
Yoxsa siz: “mənim onun halallığına ehtiyacım yoxdur deyirsiniz?” Əgər belədirsə o zaman nədən bir ölünü sağlığında sizin düşündüyünüz kimi düşünüb deyə linç edirsiniz? Yox əgər sizin üçün halallıq bu qədər vacibdirsə o zaman nədən qınadığınız birinin səhvini siz də edirsiz? Bir ölünün qeybətini edib, haqqına girirsiniz. Hansı səmavi və dünyəvi kitablarda bu yazılıb?
Bu yerdə, Türkiyədə Qəbirlərin üstünə yazılan bir ifadə yadıma düşdü. Deyir ki: “Ey fani, bir ayaq saxla, bu qəbirlərə yaxşı bax. Vaxt var idi biz də sizin kimi o torpağın üstündə gəzirdik, indi isə altındayıq. Unutmayın! Biz də gəzərdik sizin kimi, siz də gələcəksiniz bizim kimi ”
Hardan bilə bilərik ki, ölüm bizim qapımızı nə zaman döyəcək? Bəlkə bir necə saniyə sonra?
Axı ölüm hakkdır və biz də qəzavü qədərə inanan toplumuq! Qədərə inanan biri kimi bu ölümü və ölümdən sonrakı cəmiyyətin bəzi eybəcərliklərini görməyimiz də bir qismətdir deyə düşünürəm. Bu ölümlə Allah bizə bir güzgü tutdu. Yəni, bizə göstərdi ki, başqasında gördüyün əyrilik, heç səndə də düz deyil. Və yenə qismətə inanan biri kimi bələ gördsm ki, İlhamənin qədərində də iki dəfə ölmək varmiş.