“Made in Azerbaijan” dünya bazarında niyə tanına bilmir?backend

“Made in Azerbaijan” dünya bazarında niyə tanına bilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı ekspert: “Yerli istehsal olan fındıq Avropa ölkəsinə Türkiyə brendləri altında çıxarılır”
Məhsul alarkən ilk növbədə onun hansı ölkədə istehsal olunmasına baxırıq. Azərbaycan bazarında bir çox ölkələrin brendlərinə rast gəlsək də, “Made in Azerbaijcan” yazılan hər hansısa bir məhsula dünya bazarında az rast gəlinir. Halbuki Azərbaycanı dünya bazarında təmsil edə biləcək çoxlu sayda məhsullar var. Bəs ölkəmizin brendinin dünya bazarında tanınmamasına səbəb nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələdə maneələr olduğunu dedi: “ABŞ-ın İnkişaf Agentliyi (USAID) Azərbaycanda 5 illik layihə həyata keçirdi. Bu layihə Azərbaycan mallarının rəqabətə davamlılıq layihəsi idi. USAID istehlakçıların bizə inamını nəzərə alaraq 2011-ci ildə, yəni layihənin sonunda bizə müraciət etdi və dedi ki, gəlin Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis edib bunu dünyaya yayaq. Biz 2011-ci ildə Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını dövlət qeydiyyatına aldıq. Biz bunu 120 ölkədə təbliğ etmək məqsədi güdürdük. USAID əməkdaşlarımıza təhlükəsiz qida istehsal edən müəssisələri necə seçmək, necə qiymətləndirmək mövzusunda böyük bir treninq keçdi. 2011-ci ildən bəri keçən bir müddətdə biz altı müəssisəyə bu nişanı şamil edə bildik. Biz bu müəssisələrin dünyanın 120 ölkəsində brendlərini təbliğ etmək üçün iş apardıq. Təəssüf ki, bir çox dövlət orqanlarının məmurları üzdə buna dəstək versələr də, altda bizim bu işimizə ciddi maneçilik törətdilər. Mən Yeni Zelandiyada olarkən orada ”Aznar\”ın, bir də Şirvanın nar şirələrini gördüm. Kanadada isə Azərbaycanın nar şərabını görmüşəm. Ancaq bunlar həddindən artıq azdır. Azərbaycanda İqtisadiyyat Nazirliyinin yaratdığı AZTROMO adlı şirkət fəaliyyət göstərir. Bu şirkət Azərbaycan mallarının dünyada təbliği ilə məşğul olmalıdır. Azad İstehlakçılar Birliyi istədi ki, AZTROMA ilə əməkdaşlıq qursun və təmənnasız olaraq Azərbaycan mallarının xaricdə təbliğ olması üçün iş aparsın. Lakin AZTROMA, sadəcə olaraq, bir görüş keçirdi, vəssalam. Bu görüşdən başqa bir addım atmadı\”.

 “Made in Azerbaijan” dünya bazarında niyə tanına bilmir?

E. Hüseynov sədri dövlət şərait yaratsa, qurumlarının Azərbaycan brendini dünyaya tanıtmaq istiqamətində iş görə biləcəklərini dedi: “Azərbaycanda keyfiyyəti yüksək olan kəlağayı və başqa məhsullar istehsal olunur. Ancaq bu malları dünyada təbliğ etmək mexanizmi yox dərəcəsindədir. Bunun da səbəbi xaricdən mal gətirən böyük qurumlardır. Onlar istəmirlər ki, Azərbaycan malları xaricə çıxsın. Mən ”Sədərək\” bazarına gedəndə deyirəm ki, yazıq Azərbaycan xalqının pulunun hamısı xarici ölkələrin, o cümlədən Türkiyənin mallarına gedir. Dövlət qurumlarının bəzi məmurlarının bizə maneçiliyi olmasa, Azad İstehlakçılar Birliyi Azərbaycan brendini satmaq üçün çox səmərəli iş görə bilər. Bəzi dövlət qurumları gedib müəssisələrə deyir ki, onlar ictimai təşkilatdır, əməkdaşlıq etməyin. Halbuki biz hər şeyi təmənnasız edirik\”.

 “Made in Azerbaijan” dünya bazarında niyə tanına bilmir?

İqtisadçı ekspert Rəşad Həsənov isə Azərbaycan brendinin dünyaya çıxa bilməməsinin obyektiv və subyektiv səbəbləri olduğunu bildirdi: “Azərbaycan dünya bazarında 90-cı illərdən sonra təmsil olunmağa başladı. 90-cı ildən sonra yeni prinsiplərə söykənən, bazar iqtisadiyyatına əsaslanan, rəqabət prinsiplərini özündə birləşdirməyə çalışan bir iqtisadi model formalaşması prosesi başladı. Bu dövrdə də Azərbaycanın yararlanacağı ən münasib sektorlarından biri neft sektoru idi. Neft sektoru uzunmüddətli bir dövrdə Azərbaycanda müəyyən infrastrukturun inkişafı baxımında müsbət nəticələrə gətirib çıxarsa da, bununla paralel olaraq qeyri-neft sektorunun inkişafına mənfi təsir etdi. Yerli istehsalçıların böyük bir qismi artan daxili istehlakın mənfəətini götürmək məqsədi güdürdü. Buna görə də istehsal olunan məhsulların 90-95 faizi, sadəcə olaraq, daxili istehlaka söykənmişdi. Burada monopoliyanın, daha asan gəlir götürmənin, bazar prinsiplərinin normal inkişaf etməməsinin, ixracın ölkə üçün əhəmiyyətinin aşağı səviyyəli qiymətləndirilməsinin təsiri var idi. Ölkədə ixracı məhdudlaşdıran, maneələr yaranmasına səbəb olan ciddi idarəetmə nöqsanları ortaya çıxdı. Gömrük idarəetməsində ixracla bağlı kifayət qədər maneələr formalaşdı. Məsələn, Azərbaycan şərabları vaxtilə tanınırdı. Ancaq sonrakı dövrdə biz MDB daxilində belə Gürcüstanla rəqabət apara bilmədik. Bunun da səbəbi hədəf olaraq daxili istehlakçıya yönəlmiş qeyri-təbii bazar şərtlərində ticarəti həyata keçirən şirkətlərin dünya bazarında rəqabət apara biləcək səviyyədə mal istehsal etməməsi idi. Düşünürəm ki, ölkədə qeyri-neft sektorunun inkişafına zərurət yarandığından müəyyən islahatların aparılması ehtimalı böyükdür”.

Ekspert hökumət real dəstək verərsə, yaxın 10 ildə Azərbaycan brendinin dünyada tanınmasının mümkün ola biləcəyini dedi: “Atılan addımlar qanun üzərində deyil, reallıqda həyata keçirsə, növbəti dövrlərdə Azərbaycan brendinin formalaşmasını təmin etmək olar. Azərbaycan narının Avropada kifayət qədər böyük bazarı var. Hansısa problemlər olmasa, Avropa bazarında bu məhsulun çox böyük əhatə dairəsinə malik olan brendinin formalaşmasını təmin etmək olar. Yaxud Azərbaycanda istehsal olunan fındıq məhsulları Avropa ölkəsinə əksər hallarda Türkiyə brendləri adı altında çıxarılır. Azərbaycan brendinin olmaması, adi qablaşdırmanın, etiketləşdirmənin, primitiv məsələlərin Avropa standartlarına uyğun olmaması, bundan başqa Avropa bazarlarına giriş üçün lazım olan sənədləşdirmələrin, sertifikatların əldə edilmə imkanlarının məhdudluğu istehsalçıları məcbur edir ki, bir çox hallarda bu məhsulları Türkiyə markaları adı altında dünya bazarlarına çıxarsınlar. Bu isə o deməkdir ki, məhsullar Azərbaycandan Türkiyəyə xammal şəklində daxil olur. Türkiyədən isə son istehlak məhsulu şəklində Avropaya idxal olunur. Yəni Azərbaycanın Avropaya birbaşa çıxışı olmadığı üçün öz məhsullarını daha aşağı qiymətə türk biznesinə satması məcburiyyəti ortaya çıxır. Hökumət bu istiqamətlərdə həqiqi islahatlar apararaq real dəstək versə, növbəti 10 ildə Azərbaycan brendinin dünya bazarlarında formalaşmasına müəyyən şərait yaranmış olar”.