Həmin vaxt Moskvada olan eks-prezident Ayaz Mütəllibovdan Kəlbəcərin işğalı ilə bağlı təəssüratlarını öyrənib. Eks-prezident o zaman rayonun işğal xəbərini eşidəndə kədərləndiyi deyib.
“Kəlbəcər işğal olunanda Moskvada idim. Rayonun işğal xəbərini eşidəndə kədərləndim. Xəbəri mətbuat vasitəsilə öyrəndim. Çox pis təsir etdi mənə”.
Ayaz Mütəllibovun sözlərinə görə, Kəlbəcərin işğalına yol verilməməli idi. Çünki həmin dövrdə Azərbaycanın ordusu var idi.
“Düşünürəm ki, Kəlbəcərin işğal olunmasının qarşısını almaq olardı. Kəlbəcərin işğalına yol verilməməli idi. Kəlbəcər böyük rayon idi. O zaman ordu da mövcud idi. 1992-ci ilin ikinci yarısından ordu tam lazımi silahlarla təchiz olundu və meydana çıxdı”.
A.Mütəllibov 1991-ci ildə yaradılan Müstəqil Dövlətlər Birliyinə (MDB) Azərbaycanın üzv olmasından da danışıb. Sabiq dövlət başçısı qeyd edib ki, MDB-yə daxil olandan sonra Azərbaycan müstəqil orduya sahib olub.
“1991-ci ilin dekabrın 25-də MDB-nin ikinci iclasında Azərbaycan bu təşkilata daxil edildi. MDB-nin üçüncü iclası öncəsi bir hadisə ilə rastlaşdım. Bizi iclasa çağıran da yox imiş. MDB-nin iclasında iştirak etmək üçün dəvətnamə də almadım. İclasa bir gün qalmış Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng etdim. Çünki ikinci iclas Alma-Atada keçirilməli idi. Dedim ki, “Nursultan müəllim, niyə mənə dəvətnamə göndərməmisən?!”.
O da dedi ki, “bu məsələdə sən Boris Yelstsinlə danış”. O zaman barmağımı dişlədim. Bildim ki, burda bir əngəl var. Əngəlin mahiyyəti ondan ibarət idi ki, Azərbaycanı MDB-yə qəbul etməmək üçün təşkilatın üzvləri ilə müəyyən danışıqlar aparılmışdı. Qərara gəlinmişdi ki, Azərbaycan MDB-yə qəbul edilməməlidir. Yəni Azərbaycan ərazisində gedən müharibə sona yetsin. Ondan sonra bu məsələyə baxarlar.
O zamanlar MDB-yə daxil olanda cəmiyyətdə müxtəlif fikirlər söylənilirdi. Mənə qarşı müxalifətdə olan qüvvələr deyirdilər ki, MDB-yə getmək lazım deyil. Çünki bu, müstəqilliyimizi itirmək deməkdir. Onlar belə qiymətləndirirdilər. Şübhəsiz ki, belə qiymət verməyə əsas da yox idi.
Eyni zamanda, Azərbaycanın MDB-yə daxil edilməsi məsələsini boş buraxsaydım, 1992-ci il martın 2-də Azərbaycan BMT-yə qəbul edilməyəcəkdi. Çünki BMT-yə daxil olmaq üçün keçmiş müttəfiq respublikaları əvvəlcə MDB-yə daxil edilməli idi. Sevinirəm ki, müxtəlif mənfi rəylərə baxmayaraq, Allah mənə ağıl verdi və özümü Alma-Ataya çatdırdım. Bir daha şahidi oldum ki, bizim ora qatılmağımızı istəmirlər. Azərbaycan MDB-yə daxil olmasaydı, BMT-yə də daxil ola bilməyəcəkdi. Bu o deməkdir ki, səsimizə səs verən olmayacaqdı. Eyni zamanda, nəhəng siyasi mərkəz olan Moskvanı da itirəcəkdik. Bizi təcili darmadağın edəcəkdilər.
MDB-yə daxil olmağımız imkan yaratdı ki, dekabrın 28-də 3-cü iclasda respublikamızda yerləşən dördüncü ordunun bütün hərbi sursatları, əmlakı Azərbaycanın yenidən formalaşan Müdafiə Nazirliyinə verilsin. Azərbaycan ərazisində yerləşən dördüncü Sovet ordusunun Xəzər Dəniz Donanmasının hesabında olan, bizə pay düşən gəmiləri də bizə verməzdilər. MDB-nin iclasında qərar qəbul edildi və SSRİ hərbi nazirliyinə, dəniz donanması rəhbərlərinə tapşırıq verildi ki, Azərbaycanla birgə bu məsələyə baxılsın və qərar qəbul edilsin. 1992-ci ilin fevralında keçmiş SSRİ müdafiə nazirinin birinci müavini Boris Qurumov və hərbi donanmanın komandanı Çernobin gəlib mənimlə görüşdü. Birgə komissiya yaratdıq. Komissiyaya Xalq Cəbhəsi nümayəndləri də daxil edilmişdi. Bununla da orduya sahib çıxdıq.
MDB rəhbərliyi yekdil olaraq qərar qəbul etdilər və tapşırıq verdilər. Artıq müstəqil, nizamlı ordumuz var idi.
Ordunun gücü ilə heç olmasa Kəlbəcəri saxlaya bilərdik”.(modern.az)
İnterpress.az