Bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova deyib. O qeyd eidb ki, bütün faktlar Doğuşayardım Komissiyasında araşdırılıb və ana ölümlərinin səbəbləri hamiləliyin fəsadlaşması kimi üzə çıxıb.
“Ölən anaların 3-ü Bakı sakini, qalan 6-sı bölgələr üzrədir. Qadınlarda hamiləlik dövrünün ağır keçirilməsi bir sıra səbəblərdən asıldır. Bu səbəblər 2 qrupa bölünür: Bir qrup səbəblər hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir. Məsələn, anadangəlmə ürək qüsurları, böyrək çatışmamazlığı, müxtəlif keçirilmiş infeksion xəstəliklər nəticəsində qaraciyər çatışmazlığı, anadan gəlmə birləşdirici toxumanın xəstəlikləri, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm. Adətən bu qrup xəstəliklər hamiləlikdən öndəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü biruzə verir. Hamilə qadınlar bunu hamiləliyin gedişi hesab edərək həkimə müraciət etmirlər. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir”.
Komissiyasının sədri qeyd edib ki, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir və yalnız hamiləlik vaxtı üzə çıxır.
“Məsələn , hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatının xilas etmək mümkündür. Bu səbəbdən Respublikada mövcud olan antenatal qulluğa dair tövsiyyələrdə hər bir hamilə ilk gündən qadın məsləhətxannasında qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində olmalıdır, vaxtı-vaxtında müvafiq müayinələrdən keçməlidir”.
S.Məmmədova vurğulayıb ki, hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. “Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli və dolğun müayinə və müalicə məqsədi ilə göndəriş verərək hospitalizasiya etməlidir. Araşdırma zamanı məlum olur ki, hamilə qadınlar və onların yaxınları əksər hallarda bundan imtina edirlər və nəticədə təəsüf ki, bədbəxt hadisə baş verir”.(Modern .az)
İnterpress.az