Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi rəsmiləri, Azərbaycan Dövlət Musiqili Teatrın kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, Nəsibə Zeynalovanın yaxınları və doğmaları çoxəsrlik zəngin mədəniyyət salnaməmizdə silinməz iz qoyan böyük sənətkar, bənzərsiz gülüş ustasının Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Prezident İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ömrünün 60 ildən çoxunu bu sənətə həsr etmiş Nəsibə xanımın yubileyi mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilir.
Ə.Vəliyev görkəmli sənətkarın həyatı barədə danışaraq bildirib ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda tanınmış tacir və eyni zamanda aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində dünyaya gəlib. Qeyd edib ki, 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə C.Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova sonradan onun yolunu davam etdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb.
Bildirilib ki, Nəsibə xanım 1938-ci il aprelin 4-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb və ömrünün sonunadək bu teatra bağlı olub.
Qeyd olunub ki, fitri istedada malik Nəsibə Zeynalovanın hər obrazında gülüş və satira vardı. Aparıcı simaya çevrilən aktrisa teatrla yanaşı, kinoda, televiziya tamaşalarında, verilişlərdə, “Mozalan” satirik kinojurnalında parlaq obrazlar qalereyası yaradıb və böyük bir irs qoyub. Kino obrazları içərisində “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qaynana”, “Bəyin oğurlanması”, “Yuxu” və digər filmlərdəki rolları daha canlı və daha şöhrətlidir. Bu obrazlar xalqın yaddaşında yaşayır.
Vurğulanıb ki, musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 1960-cı ildə Əməkdar Artist, 1967-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.
Qeyd edilib ki, Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov da mədəniyyətimizə xidmət edən, babası və anasının yolunu şərəflə, ləyaqətlə davam etdirən sənət adamıdır.
Diqqətə çatdırıb ki, ailənin xahişi ilə təntənəli yubiley tədbiri noyabr ayında Azərbaycan Dövlət Musiqili Teatrda keçiriləcək.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət bildirib ki, Nəsibə Zeynalova milli teatr məktəbinin dərin iz qoymuş nümayəndələrindəndir. Qeyd edib ki, Teatr Xadimləri İttifaqı tərəfindən N.Zeynalova haqqında Azərbaycan, rus və ingilis dillərində kitab hazırlanır.
Digər çıxış edənlər də Nəsibə Zeynalova haqqında xoş fikirlər səsləndiriblər. Bildirilib ki, Nəsibə xanım dünən də vardı, bu gün də var və sabah da olacaq. Aktrisanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib.
Ailəsi adından böyük sənətkarın nəvəsi Nəsibə Əsgərova çıxış edərək təşkil edilən tədbirlərə görə minnətdarlığını bildirib. Belə bir insanın nəvəsi olduğuna görə fəxr etdiyini söyləyib.
Qeyd edək ki, il ərzində yubiley tədbirləri davam edəcək.(AzərTAc)
İnterpress.az