Pezeşkiandan Vaşinqtona MESAJ: Ağ evlə münasibətdə ehtiyatlı davranırbackend

Pezeşkiandan Vaşinqtona MESAJ: Ağ evlə münasibətdə ehtiyatlı davranır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibə verib və İran üçün ABŞ-yə etibar etməyin getdikcə çətinləşdiyindən danışıb.

Məsud Pezeşkianın müsahibəsində ABŞ-yə inamsızlıqla bağlı vurğuladığı fikirləri politoloq Əlimusa İbrahimov İnterpress.az-a şərh edib.

O bildirib ki, Pezeşkian Ağ evlə münasibətdə ifadələrinin seçilməsində olduqca ehtiyatlı davranır.

“Pezeşkian deyib ki, İran dialoqa açıqdır, lakin ABŞ-yə yenidən etibar etmək çox çətindir.

İran prezidenti Məsud Pezeşkian amerikalı məşhur jurnalist Taker Karlsona onlayn müsahibə verib və burada İsraillə 12 günlük müharibədən və İran üçün ABŞ-yə etibar etməyin getdikcə çətinləşdiyindən danışıb. Amma bu heç də İranın danışıqlardan boyun qaçırması anlamına gəlməli deyil.

O, Amerikaya inanmağın çətin olduğunu İranla bağlı son bir ayda baş verən hadisələr fonunda izah edib.

“Biz danışıqlar masası arxasında idik. Danışıqlar aparırdıq – ABŞ prezidenti bizdən sülhün bərqərar olması üçün danışıqlara qoşulmağımızı xahiş etmişdi”, – Pezeşkian Taker Karlsona deyib.

“Həmin danışıqlar zamanı bizə dedilər ki, ABŞ-nin icazəsi olmadan İsrail heç bir hücuma başlamayacaq. Bununla belə, altıncı raunddan bir qədər əvvəl – biz hələ danışıqlar apararkən – Netanyahu praktiki olaraq danışıqlar masasına bomba atdı və diplomatiyanı məhv etdi”.

Bu Amerikanın İsrailə nəzarəti tam itirdiyi anlamına gəlsə də, Pezeşkian Ağ evlə münasibətdə ifadələrinin seçilməsində olduqca ehtiyatlı davranır. Bu da İran prezidentinin danışıqların yeni mərhələsinin başlanmasında maraqlı olduğunu ortaya qoyur”, – siyasi şərhçi vurğulayıb.

Daha sonra politoloq qeyd edib ki, İsrail və ABŞ-nin danışıqların altıncı raunduna cəmi günlər qalmış İranın nüvə obyektlərini, hərbi və mülki infrastrukturu və yaşayış binalarını hədəf alaraq hava zərbələri endirməsi və MAQATE-nin  bu hücumu qınamaması ABŞ-yə və BMT-yə inamın itirilməsinə gətirib çıxarıb.

“Pezeşkian 2024-cü ilin yayında vəzifəyə başladı və ABŞ-nin yeni seçilmiş prezidenti Tramp kimi seçicilərinə iki ölkə arasındakı problemləri dialoq yolu ilə həll etmək üçün danışıqlara başlayacağını vəd etdi. Beləliklə, İranın nüvə proqramı ilə bağlı vasitəçilərin iştirakı ilə İran-ABŞ danışıqları 2025-ci ilin aprelində başladı.

Danışıqların altıncı raundunun nəzərdə tutulmasına cəmi günlər qalmış İsrail ölkənin nüvə obyektlərini, hərbi və mülki infrastrukturu və yaşayış binalarını hədəf alaraq İran ərazisinə hava zərbələri endirdi. Bunun ardınca İsrailin baş naziri Benyamin Netanyahu hücumdan əvvəl ABŞ prezidenti Donald Trampı məlumatlandırdığını açıqladı.

Tramp Netanyahunun bu iddialarını qəbul etməklə yanaşı iyunun 22-də İranın Natanz, İsfahan və Fordodakı üç nüvə obyektinə əlində olan ən mükəmməl bomba ilə zərbə endirərək müharibəyə qoşuldu. Amma “əməkdaşlıq” sadəcə birdəfəlik oldu. Bununla atəşkəs əldə olundu və İranla İsrail arasında müharibənin bu mərhələsi bitdi.

Pezeşkian qeyd olunan müsahibəsində İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırmaq qərarına da toxunaraq, BMT-nin nüvə nəzarət orqanı olan bu təşkilatın da İranın etibarını itirdiyi digər tərəf olduğunu bəyan edib:

“Agentliyin son hesabatı İsrailə nüvə obyektlərimizə qanunsuz hücumlar təşkil etmək üçün bəhanə verdi. Təəssüflər olsun ki, MAQATE bu hücumu öz imkanları çərçivəsində belə qınamadı. Beynəlxalq hüququn nöqteyi-nəzərindən bu, qəbuledilməzdir və xalqımızda və qanunvericilərdə agentliyə qarşı ciddi etimadsızlıq yaradıb”.

Müsahibənin digər hissəsində İran prezident deyib ki, İsrail və ABŞ İran xalqına qarşı növbəti müharibəyə başlayarsa, İran yenə də özünü müdafiə etməyə hazırdır. İranın İsrail və Amerika ilə müharibədə heç kimə və o cümlədən Rusiya və Çinin yardımına ehtiyacı olmadığını bildirib”, – politoloq fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az