“40 manat deyil, simvolik olaraq 10 manat müəyyənləşdirilməli idi”backend

“40 manat deyil, simvolik olaraq 10 manat müəyyənləşdirilməli idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif (qiymət) Şurası 2017-ci ilin 6 mart tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxıb və 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.

Abituriyentləri ən çox düşündürən məsələ isə bakalavr pilləsində tələbə qəbulu ilə bağlı imtahana giriş qiymətləridir. Bakalavr pilləsində imtahana girən hər bir şəxs 1 iştirak üçün 40 manat ödəməli olacaq.

İnterpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin göstərişi ilə Tarif Şurasının aldığı qərarla bağlı TQDK-nın keçmiş sədri Vurğun Əyyub və iqtisadçı ekspert Vüqar Bayramov fikirlərini \”Ölkə.Az\”-la bölüşüb:

Dövlət İmtahan Mərkəzinin imtahanlara ödənişli girişlə bağlı qərarına münasibət bildirən Filologiya elmlər doktoru, dosent Vurğun Əyyub bildirdi ki, Dövlət İmtahan Mərkəzi dövlət büdcəsindən maliyyələşdirilmədiyi üçün bu qərar normaldır:

\”Bu məsələnin iqtisadi və idarəetmə tərəfləri var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv edildikdən sonra Dövlət İmtahan Mərkəzi yaradıldı. Dövlət İmtahan Mərkəzi özünü maliyyələşdirən bir qurumdur. Dövlət büdcədən quruma maliyyə ayırmırsa təbii ki, həmin qurum özünü maliyyələşdirməklə məşğul olacaq. Özünü maliyyələşdirmədə də imtahanların keçirilməsi üçün imtahanda iştirak edənlərdən müəyyən bir vəsait toplaya bilər. Bu bir çox ölkələrdə belədir. Türkiyədə də bu qayda var\”.

Vurğun Əyyub ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu ilə bağlı nəzərdə tutulan 40 manatlıq ödənişlə bağlı isə bunları dedi:

\”Doğrudanmı imtahanların keçirilməsi, ona çəkilən xərc 40 manat tələb edir? Azərbaycan vətəndaşının kasıb vaxtında bu cür qiymətlərin qoyulması nə dərəcədə doğrudur? Hesab edirəm ki, buna sadə bir hesablama ilə iqtisadçılar cavab verməlidirlər.

Ali məktəbə 1973-cü ildə qəbul olmuşam. Biz qəbul imtahanlarına gələrkən bir ay əvvəl gəlib Bakıda kirayə ev tuturduq, valideynlərimiz də bizimlə bərabər gəlirdi. O xərclərlə indiki xərcləri müqayisə etmək mümkün deyil. Bir qədər bizim camaatda da boşuna hay-küy salmaq var. Ancaq məsələ bu deyil. Bu gün Dövlət İmtahan Mərkəzinin qoyduğu qiymətlər nə dərəcə adekvatdır. Bu gün Azərbaycan vətəndaşının gəliri nə dərəcədədir? Bu xərclər ona adekvatdırmı?

Prinsip etibarı ilə imtahanların ödənişli olması normaldır. Çünki Dövlət İmtahan Mərkəzi dövlət tərəfindən maliyyələşdirilmir. Ona görə də, Dövlət İmtahan Mərkəzi özünü saxlamaq üçün imtahan götürdüyü şəxslərdən müəyyən bir məbləğ toplamaq məcburiyyətindədir. Ancaq tətbiq ediləcək qiymətlər nə dərəcə adekvatdır, məsələ budur\”.

Tarif Şurasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimləməsi məsələsinə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov daha çox təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarifin 40 manat müəyyən edilməsi üzərində dayandı:

\”Daha məqsədə uyğun olardı ki, bakalavr qəbul imtahanlarında ödəniş olmasın. Bunu pilləli şəkildə etmək olardı. Məsələn, Magistratura və doktoranturaya qəbul imtahanları girişinə vəsait müəyyənləşdirmək olardı. Ali məktəbi bitirmiş şəxs magistraturaya qəbul imtahanı zamanı müəyyən ödəniş edə bilər. Ancaq bakalavr imtahanları ilə bağlı ödənişin müəyyənləşdirilməsinə düşünürəm ki, ehtiyac yox idi.

Hansısa ödəniş tətbiq ediləcəksə, bu, mərhələli şəkildə olsa idi daha məqsədə uyğun olardı. İlk növbədə magistratura və doktorantura, növbəti dövrlərdə, xüsusən də iqtisadiyyatın stabilləşməsi fonunda gələcəkdə bakalavr imtahanlarında iştirakla bağı ödənişin tətbiq edilməsi müzakirə edilə bilərdi. Regionlardan gəlib bakalavra qəbul imtahanlarında iştirak edənlər var. Onların bəzilərinin ailələrinin ödəmə qabiliyyəti zəifdir. Elə ailələr var ki, bakalavr imtahanında qəbulun ödənişli olması onlar üçün maliyyə yüküdür.

İnkişaf etmiş ölkələrdə qəbul imtahanlarında ödənişlər var. Ancaq inkişaf etmiş ölkələrdəki praktikanı tətbiq etməyimiz üçün bunu mərhələli şəkildə etməyə ehtiyac var. İnkişaf etmiş ölkələrdə ödəmə qabiliyyəti yüksəkdir. Ona görə də, imtahana pullu giriş hər hansısa maliyyə çətinliyi yaratmır\”.

Bakalavr imtahanlarına ödənişin tətbiq edilməsi ilə bağlı iqtisadçı ekspert bildirdi ki, indiki dövrda bakalavr imtahanlarına ödənişin simvolik olması daha doğru olardı:

\”Bu rəqəmin 40 manat deyil, simvolik olaraq 10 manat müəyyənləşdirilməsi mümkün idi. Çünki 10 manat ailələr üçün elə də çətinlik yaratmaz. Ancaq 40 manat, xüsusən rayonda yaşayan ailələr üçün, çətinlik yaradacaq.

Təklif edirəm ki, indiki mərhələdə bakalavrlar ödənişdən azad edilsin. Magistratura və doktorantura ödənişli olsun. Əgər bu mümkün deyilsə, o zaman simvolik 10 manatlıq ödəniş müəyyənləşsin\”.

İnterpress.az