Noyabrın 1-dən 4-dək Türkiyənin Kayseri şəhərində Talas Bələdiyyəsi, Türk Ədəbiyyatı Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə möhtəşəm beynəlxalq ədəbi tədbir keçirilib. Tədbir çərçivəsində 14 ölkədən 52 şair və yazar bir araya gələrək, dörd gün ərzində ədəbi görüşlərdə, şeir gecələrində, panellərdə və tarixi yerlərə təşkil olunan ekskursiyalarda iştirak ediblər.
Türk dünyasının bu mühüm ədəbi tədbirində Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvləri Aysel Xanlarqızı və Faiq Balabəyli də iştirak edib. Azərbaycanı həmçinin tanınmış ədiblər Fərid Hüseyn, Ofeliya Babayeva, Xuraman Muradova, Abuzər Bağırov və Pərvin Nurəliyeva təmsil ediblər.
Talas Bələdiyyəsinin başqanı, Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin üzvü Mustafa Yalçın tədbirə ev sahibliyi edib. Mustafa Yalçın bələdiyyə başqanı olmaqla yanaşı, ədəbiyyat və mədəniyyətə dərin marağı ilə də diqqət çəkib. O, Bəxtiyar Vahabzadə, Anar, Çingiz Aytmatov, Nəcib Fazil və Çingiz Dağcıya həsr olunan panellərin moderatoru kimi çıxış edib, müxtəlif ölkələrdən gələn qonaqlarla birgə ədəbi müzakirələrdə iştirak edib.
Tədbir zamanı məktəblərdə və kolleclərdə keçirilən görüşlərdə türk gəncliyi qonaqları böyük coşqu ilə qarşılayıb. Müxtəlif ədəbi gecələr, panel müzakirələri və mədəni ekskursiyalar iştirakçılarda unudulmaz təəssüratlar yaradıb.
Tədbirin yüksək səviyyədə təşkilinə görə iştirakçılar Talas Bələdiyyə başqanı Mustafa Yalçın, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı və “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı İmdat Avşara təşəkkürlərini bildiriblər.
Ədəbi toplantı “Hər şey Türkçülük üçün!” şüarı ilə yekunlaşıb. İştirakçılar sonda “Tanrı Türkü qorusun!” sözləri ilə birliyə və ədəbi dostluğa sədaqətlərini ifadə ediblər.

 
  
 
 
 
 






