Rusiyada ən böyük təşkilatımız olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvindən yarım ay ötür. İlk günlər bu məsələyə kəskin reaksiya olsa da, günlər keçdikdə məsələ sanki unudulur, bu haqda demək olar danışılmır.
Təşkilatımızın qeydiyyatının bərpası istiqamətində də açıq bir fəaliyyətin şahidi olmuruq. Azərbaycan tərəfin qəfil susqunluğu çoxsaylı suallar yaradıb. Çoxları hesab edir ki, tarix boyu daim ölkəmizə təhlükələr yaratmaqda olan şimal qonşumuzla münasibətləri daha da gərginləşdirməmək üçün rəsmi Bakı ÜAK-la bağlı təpkilərini dayandırmağı uyğun hesab edir…
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu istiqamətdə proseslərin səngiməsinin bir sıra səbəbləri var: “ÜAK-la bağlı məsələdə reaksiyaların azalmasının müxtəlif səbəbləri ola bilər. Azərbaycan ən müxtəlif müstəvilərdə ÜAK-la bağlı qərara reaksiya verdi. Ölkənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, ayrı-ayrı icmalar müraciətlə çıxış etdilər. Diasporlarla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı ən müxtəlif səviyyələrdə məsələyə münasibət bildirdilər. Amma bütün bunların nəticəsi olmadı. Rusiya tərəfi ÜAK-la bağlı yaranmış problemi hüquqi müstəviyə çəkməyə çalışdı, səfir Doroxin gərginliyin azaldılmasına xidmət edən açıqlamalar verdi. Lakin bu açıqlamalar da Azərbaycanda ciddi qəbul edilmədi. Bütün bu reaksiyalar sübuta yetirdi ki, hər kəs nə baş verdiyinin fərqindədir. Bu halda iki seçim imkanı qalırdı: Etirazları davam etdirmək və ya real vəziyyəti dəyərləndirib nəticə çıxarmaq. Problemin yarandığı ilk günlərdə etirazların qeyri-rəsmi səviyyədə və həm də peşəkarlıqdan uzaq bir üslubda davam etdirilməsi belə bir mənzərə yaradırdı ki, sanki ÜAK-ın qeydiyyatının ləğv olunması bizə vurulan ağır bir zərbədir və biz bundən sarsılmışıq. Bu mənzərə isə birmənalı şəkildə ermənipərəst dairələrin maraqlarına xidmət edirdi. Bu baxımdan, siyasi hakimiyyətin baş verənlərlə bağlı təmkinli davranması təbii qəbul olunmalıdır. Azərbaycan şübhəsiz ki, bu qərarla barışmayıb, barışa da bilməz. Rusiya bu qərarı hüquqi prosedur kimi təqdim edir və bütün prosesi də məhz bu müstəvidə aparır. Bunu isə şübhəsiz ki, məqsədyönlü şəkildə edir. Müqayisə üçün deyirəm, Lapşinlə bağlı məsələdə də Azərbaycan hüquqi müstəvidə hərəkət etdi. Rusiyanın bütün siyasi bəyanatlarının qarşısına hüquqi arqumentlər çıxarıldı. Hesab edirəm ki, rəsmi Bakı baş verənləri ciddi şəkildə təhlil edib və optimal yolu seçib. Azərbaycan real mənzərəyə və oyun qaydalarına uyğun olaraq hərəkət edir. Zənnimcə, ÜAK-ın geri qaytarılmasından daha çox, Rusiyada yaşayan azərbaycanlıların bu işlə peşəkar şəkildə məşğul olan, siyasi cəhətdən yetkin və məsuliyyətli insanların ətrafında birləşməsinə ehtiyac var. Diaspor quruculuğu çox ciddi bir prosesdir və ən azı diplomatiya qədər incə yanaşma tələb edir. ÜAK-la bağlı məsələ, qənaətimə görə, bu sahəyə yeni bir yanaşmanın ortaya çıxmasına da zəmin yaratmalıdır. Təcrübə sübut edir ki, entuiziazm təkcə gerçək və səmimi hislərdən qaynaqlanmır, bir çox hallarda ”maraq ovçuları\” da bu hissləri yüksək peşəkarlıqla oynaya bilirlər. Bu sahədə özfəaliyyətdən, klub yanaşmasından əl çəkmək lazımdır. Sadə bir nümunə gətirəcəyəm. Ola bilsin ki, kimlərinsə xoşuna gəlməsin, amma fikrimi əsaslandırmaq üçün bundan yaxşısını tapa bilmədim. Vaxtilə Şən və Hazırcavablar Klubunda iştirak edən komandaların, o cümlədən bizim komandanın çıxışını da diqqətlə izləyirdim. Zarafatlarına da gülürdüm. Onların işlərində professionallıq nəzərə çarpırdı, entuiziazm isə yüksək səviyyədə idi, amma formatın özü qeyri-peşəkar olduğu üçün ümumi mənzərəni “peşəkar iş” kimi dəyərləndirmək olmurdu. Bu, sadəcə, bir oyun idi… Yəni demək istəyirəm ki, diaspor quruculuğu işinə həm də format olaraq peşəkar yanaşmaq lazımdır. Bir az çətindir, amma mümkündür\”.
Politoloq Azərbaycan tərəfin ehtimal olunan bütün təhlükələri nəzərə aldığını da vurğuladı: “Qeyd edim ki, Azərbaycan prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə ayrı-ayrı dövlətlərin işinə xarici müdaxilənin ciddi fəsadlara yol açdığını dəfələrlə bəyan edib, Yaxın Şərqdə, Aralıq Dənizi hövzəsində baş verən qanlı toqquşmaları nümunə gətirib. Donald Trampın Səudiyyə Ərəbistanındakı çıxışı prezident İlham Əliyevin hələ xeyli öncə səsləndirdiyi fikirlərin ABŞ prezidenti səviyyəsində etirafı idi. Azərbaycan prezidentinin Respublika günü münasibətilə keçirilən qəbulda söylədiklərini də məhz qlobal kontekstdən dəyərləndirmək lazımdır. Hesab edirəm ki, rəsmi Bakı istər indi, istərsə də 2018-ci ildə keçirilən seçkilər zamanı ehtimal edilə biləcək bütün təhlükələri nəzərə alıb. Rusiyada yaşayan azərbaycanlılar isə yeni və daha güclü təşkilat yarada bilərlər. Amma bununla bağlı konkret proqnoz vermək çox çətindir. Ola bilsin ki, hazırda belə bir təşkilatın yaradılmasına ehtiyac yoxdur. Rusiya kimi ölkələrdə siyasi qərarların qəbulu zamanı ictimai rəyin heç bir önəmi olmadığı üçün diaspor qurumları da bu prosesdə hər hansı müstəsna rola malik deyillər. Rusiyada ictimai rəy siyasi qərarları deyil, siyasi qərarlar ictimai rəyi formalaşdırır”. (musavat)
İnterpress.az