Ekspert: “Trampın Qüds qərarına ondan sonrakı ABŞ prezidenti veto qoyacaq”backend

Ekspert: “Trampın Qüds qərarına ondan sonrakı ABŞ prezidenti veto qoyacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanımaq barədə qərarını verdikdən sonra baş verənlər, xüsusən BMT Baş Assambleyasının bu qərarı tanımaması, keçirilən səsvermənin nəticələri dünyanın müzakirə mövzusudur. Ekspertlər bildirir ki, baş verənlər, Trampın qərarını 7-8 cırtdan dövlətlərdən başqa heç bir dövlətin dəstəkləməməsi Trampın qərarının daha çox ABŞ-a ziyan gətirdiyini ortaya qoymuş olub.

Bəs, bu qərar Donald Trampın özbaşına verdiyi yanlış qərar idi, yoxsa Amerika “dərin dövləti”nin verdiyi qərar sayıla bilər?

İnterpress.az xəbər verir ki, siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ABŞ siyasətində uzun illərdən bəri formalaşmış, uzun illərdir seçki kampaniyaları zamanı müxtəlif icmaların səslərini qazanmaq üçün partiyalar tərəfindən istifadə olunan bərkimiş streotiplər mövcuddur: “Məsələn, hər seçki kampaniyaları zamanı demokrat, republikaçı, libertarian, konstitusiya partiyalarından olan namizədlər səs uğrunda ispan əsilli icma üçün sərhədlə bağlı mesajlar, erməni icması üçün \”genosid\”in tanınması ilə bağlı, indus əsilli icma üçün imtiyazlarla bağlı, yəhudi icması üçün isə Qüdsün statusu ilə bağlı mesajlar verirlər. Bu, artıq bir neçə 10 illiklərdir davam edir və Donald Tramp Qudsü İsrailin paytaxtı kimi tanıyacağını və ABŞ-ın bu ölkədəki səfirliyini Qüdsə köçürəcəyini söz vermiş ilk namizəd deyildi. ABŞ Konqresi tərəfindən səfirliyin Qüdsə köçürmə qərarı hələ 1995-ci ildə qəbul edilib. O zamankı və sonrakı prezidentlərin hamısı ABŞ-ın milli maraqlarına hədə kimi, dünyadakı və Yaxın Şərqdəki sülhyaratma rolu və təşəbbüsünə şübhə salacağına, müsəlman ölkələri ilə münasibətlərini zədələyəcəyinə, nəticə olaraq ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirəcəyinə görə Konqresin bu qərarına veto qoyublar. Ümumiyyətlə, Tramp adminstrasiyasının istər daxili, istərsə də xarici siyasətlə bağlı səriştəsizliyi artıq heç kimə sirr deyil. Yeni administrasiya Trampın prezidentliyinin davam etdiyi bir il ərzində bunu dəfələrlə büruzə verib. ABŞ mediası dəfələrlə prezidentin komandasını professional və işgüzar göstəricilərə görə deyil, qohumluq, fərdi sədaqət və xidmət nüanslarına görə formalaşdırdığı haqqında yazıb. Mənim fikrimcə, Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı onun qohumluq əlaqələrindən qaynaqlanan və seçki zamanı verdiyi sözün üstündə duran prezident obrazı yaratmaq istəyindən irəli gələn şəxsi qərarı idi. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli səsvermədən öncə BMT-nin 193 üzvündən 180 üzvünün elektron poçt ünvanına göndərdiyi xəbərdarlıq mesajında prezident Donald Trampın Qüdslə bağlı səsverməyə şəxsi məsələsi kimi baxdığını, səsvermənin gedişi ilə şəxsən maraqlandığını, bütün səslərin qeyd ediləcəyini və səsvermədə ABŞ əleyhinə səs verən ölkələr barədə ölçü götürüləcəyini bildirmişdi. Bu isə Tramp administrasiyasının birbaşa Qüdslə bağlı səsvermənin nəticəsinə təsir etmək üçün əl atdığı açıq-aşkar diplomatik şantaj idi. Səsvermədən bir gün sonra ABŞ prezidenti Donald Tramp müxtəlif proqramlar çərçivəsində ABŞ-dan maliyyələşə və Qüdslə bağlı qərarı dəstəkləməyən ölkələrin, maliyyəsinin kəsiləcəyi ilə bağlı fikirləri də Qüdslə bağlı qərarın onun şəxsi qərarı olmasının sübutu idi. BMT Baş Assambleyasında səsvermənin nəticəsi də Trampa şəxsi qərarına görə verilən təpki sayılmalıdır\”.

Ekspert: “Trampın Qüds qərarına ondan sonrakı ABŞ prezidenti veto qoyacaq”

Ekspert hesab edir ki, Trampın bu cür yanlış qərarları ABŞ-ın dünyada nüfuzuna ciddi zərbələr vurmaqdadır: “Belə davam etsə, bu tipli qərarları onun impiçment məsələsinin tezləşdirə bilər. ABŞ səfirliyinin Qüdsə köçürülməsi Trampın prezidentlik müddətində reallaşmayacaq. Bu, həm də uzun illər çəkəcək texniki problemlərlə müşayiət olunacaq bir prosesdir. Trampdan sonrakı prezident isə beynəlxalq hüquq və BMT qətnamələrinə zidd olan, ABŞ-ın dünyadakı və Yaxın Şərqdəki sülh yaratma rolu və təşəbbüsünə şübhə salan, tərəfdaşı olan müsəlman ölkələri ilə münasibətlərini zədələyən, nəticə olaraq ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirən bu qərara böyük ehtimalla veto qoyacaq”.

İnterpress.az