Zamanla Arzu xanım yaddaşını da itirib. Övladlarının adını belə güclə xatırlayan Arzu xanımın üç bacısı onun sağlamlığa biganə yanaşır. Hazırda Arzuya qardaşı və onun həyat yoldaşı Sevda xanım baxır.
Qızı Türkiyədə ərdədir. Oğul övladları isə analarına nəinki baş çəkmirlər, hətta dayılarının evinin yolunu belə unudublar. Sevda xanım deyir ki, həyat yoldaşı evin tək oğul övladı olduğundan, Arzuya da himayəçilik edir. Amma gənc ailənin özünün də yetərincə problemləri var. Ailəyə yeganə çörək gətirən qardaş bilmir ki, üç övladına baxsın, yoxsa xəstə bacısına. Ailənin gəlini də həyat şəraitinin yaxşı olmamasından şikayətlənir: \”Arzu mənim baldızımdır. Ümumiyyətlə, 4 baldızım var. Bir-birimizin evinə gediş-gəlişimiz yoxdur. Arzu xəstə olandan bir müddət oğlanları baxıb. Sonra bu vəziyyətdə gətirib qoydular bizə. Belə vəziyyətdə ona 7 ay baxmışam. Bundan sonra götürüb apardılar, mənə də çox sağ ol demədilər. Yeni ildən qabaq yenidən bizə gətirdilər. İndi Arzuya heç kim yaxın durmur – nə bacıları, nə də övladları. Kömək edən də yoxdur\”.
Sevda xanım iddia edir ki, Arzunun xəstəlik kağızlarını bacıları onlardan gizlədir: \”Gizlədirlər. Mən də üç azyaşlı övlad böyüdürəm. Dəqiq deyən yoxdur ki, dərdinə kimsə çarə etsin. Yoldaşım da istəyir onu xəstəxanaya aparsın, buna da imkanı yoxdur. Bəlkə heç bu xəstə bu şəraitdə yaşamamalıdır\”.
Ailənin tək gəlini aidiyyəti qurumlardan kömək istəyir: \”Biz Arzunun xəstə olduğunu gizlətmirik. Heç olmasa, pensiya versəydilər. Hara lazımdır, aparıb yoxlayıb diaqnoz qoya bilərlər. Bu insanı evdə tək qoymaq olmur. Gərək yeməyini hazır onun qarşısına qoyasan və yanında oturasan ki, səliqəli yesin, boğazında qalmasın. Nəzarətsiz qala bilməz, bu mümkün deyil. Mən nə uşaqların bayramına qatıla bilirəm, nə də valideyn iclasına. Necə gedim? Bu ailəyə gəlin gəlmişəm. Mənim buralarda heç bir yaxınım yoxdur. Bacılarına dəfələrlə demişik. Tək qardaşın borcu deyil axı buna baxsın\”.
Ailə 2006-cı ildən Pirallahı rayonu, Səməd Vurğun küçəsi 13, ev 1, mənzil 3-də yaşayır. 42 yaşlı Arzu Salayeva yaxınlarının köməyi olmadan gəzə bilmir. Nitq qüsurlu olsa da, bizim onunla hal-əhval tutmamıza razılaşdı:
– Neçə yaşın var?
– Bilmirəm.
– Övladların hardadır?
– 3 uşağım var.
– Övladların yanına gəlirmi?
– Yox, amma İlkin gəlir. Yeni ildə gəlmişdi.
– Niyə uşaqlarınla yox, qardaşınla qalırsan?
– Harda qalım? Evim yoxdur.
– Neçə müddətdir belədir vəziyyətin?
– Hardasa artıq üç ildir.
Problemin həlli üçün əvvəlcə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayrama ilə əlaqə saxladıq. Məlum oldu ki, Arzu Salayeva Pirallahı rayonundakı 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarovun yanında olub. Baş həkim Arzu Salayevanın ruhi xəstəlikdən əziyyət çəkdiyini deyib. Amma Arzu Salayeva və qardaşının ailəsi Yasamal rayonunda qeydiyyatda olduğundan, tibb ocağı onu sağlamlıq haqqında arayışla təmin edə bilməyib. Çünki sağlamlıq haqqında tibbi arayış yalnız qeydiyyatda olduğu poliklinikadan verilə bilər.
Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev isə bildirdi ki, Azərbaycanda sosial müavinət almaq hüququ olan əlillərə əlillik dərəcəsi almaq üçün vaxtından əvvəl müayinədən keçmək hüququ verilib. Yeni təsdiqlənən “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə əsasən, əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.
Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25 faizədək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 il müəyyənləşdirilir.
Əlilliyi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi halları da müəyyənləşdirilib. Həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə, əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işə götürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda təkrar müayinə aparıla bilər.
İnterpress.azhttps://youtube.com/watch?v=r8WgRP9lEf8