Bununla bağlı Ucar şəhər sakini Eldəniz Musayev AzNews.az-a şikayət məktubu göndərib.
Məktubda bildirilir:
“Ucar şəhəri, Həzi Aslanov küçəsi, 37 saylı fərdi yaşayış evində yaşayan 80 yaşlı təqaüdçü anam qaz təchizatında mütamadi olaraq fasilələrin olması ilə əlaqədar giley-güzar edirdi. Eyni zamanda, “Azəriqaz” İB tərəfindən quraşdırılmış, uzun müddət istismarda olan qaz sayğacının düzgün işləmədiyindən və sərfiyatı çox hesabladığından şikayətlənirdi. Dəfələrlə Ucar Qaz Xidməti şöbəsinə müraciət etsə də, heç bir tədbir görülməyib. Təxminən 2016-cı ilin dekabr ayında “Azəriqaz” İB-nin “185” qaynar xəttinə zəng edərək mütəxəssislərin iştirakı ilə həmin sayğaca baxış keçirilməsini və işin icrasının nəzarətə götürülməsini xahiş etdim! Düzdür, təxminən 2 saat sonra həmin ünvana baxış keçirmək üçün göndərilmiş Vüqar Zamanov adlı bir şəxs mənə zəng edərək sayğacın artıq məsrəflə işləməsində şübhə doğuran bütün halları yoxladığnı, xətlərdə kənar sızmaların da olmasına baxış keçirdiyini, nəticə etibarıilə heç bir nöqsan aşkar edilmədiyini bildirdi”.
Şikayətçi bununla belə, sayğacın dəyişdiorilərək yenisi ilə əvəzlənməsini xahiş edib. Beləliklə, sözügedən ünvana 2017-ci ilin fevral ayında yeni sayğac quraşdırılıb. Dediyinə görə, elə həmin gündən də Ucar Qaz Xidməti şöbəsinin işçiləri qoca anasının gününü qara ediblər:
“Əraziyə baxan Rza adlı qaz xidməti nəzarətçisi müqavilə adı altında müxtəlif sənədlər gətirməklə anamı qazın verilməsini dayandıracağı ilə hədələyərək, sənədlərə qol çəkməyə məcbur edir. Sən demə, bu sənədlərin biri qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt, biri istehlakçının qaz təsərrüfatının inventar aktı, o birisi isə təbii qazdan istifadə qaydalarının pozulması aktı imiş. Vəziyyətdən sui-istifadə etməklə 80 yaşlı savadı olmayan, hər iki gözündən əməliyyat olunmuş, görmə qabiliyyətində problemlər olan qoca anama həmin aktları imzaladırlar. Nəhayət, 26 dekabr 2017-ci il tarixdə ARDNŞ “Azəriqaz İB” -nin MSK 28/1710-000195-2 “Kənar təsir nəticəsində sayğacın plasmas qapağının yan tərəfinin əzilməsi” nəticəsində sayğacın istismara yararsız olması ilə bağlı rəy tərtib ediblər. Bu rəyə əsasən, nəyəsə görə dəymiş ziyan hesablamış və 26 dekabr 2017-ci il tarixli, 0126547 saylı akta əsasən, 239 manat 40 qəpik cərimə müəyyənləşdirilmiş və abonentə ödətdirilməsi üçün cari məsrəf qəbzinə birbaşa qalıq borc kimi əlavə edilmişdir.
Daha sonra şikayətçi E.Musayev xüsusi qeyd formasında bunları yazır:
– Sayğac açılarkən kənar müdaxilə və təsirlərin, eləcə də zədələnmə halının olub-olmamasını şəxsən Zamanov Vüqarın özündən soruşmuşdum. Demişdi ki, belə hal tərəfimizdən aşkarlanmayıb. Hər hansı bir qurumun nümayəndəsi vətəndaşdan vəzifələrini düzgün icra etməsini tələb edərkən həmin vətəndaşın malik olduğu hüquqları pozmamalıdır. Təbii ki, iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edilərək cərimənin ləğv olunmaqla, yaratdığı əsəb və stressə görə, abonentin hüquqlarını pozaraq onun yaşam tərzinə narahatlıq gətirdiyinə görə, eləcə də nəzarətçi ilə əsassız olaraq böyük qarşıdurma yaratdığı üçün idarədən yüksək məbləğdə mənəvi təzminat tələb ediləcəkdir. Lakin məni düşündürən başqa məsələdir: sayğacı istismar üçün quraşdıran bunlar, dəyişdirərkən zədələyən bunlar (əgər zədələnibsə), yoxlayaraq saxta rəy verən bunlar, köhnə sayğacı açıb apararaq başına nə oyun açıb-açmamalarından xəbərsiz olan abonenti cərimələyən də bunlar. Belə məqamda hansı ədalət prinsipindən danışmaq olar?!
Digər tərəfdən, evinin içərisinə və həyətyanı əraziyə güclə nəzarət edən abonent küçədəki sayğac qurğularına necə nəzarət edə bilər? Bu, hər gün 24 saatlıq mühafizə tələb edir. Bu isə abonent tərəfindən mümkün deyil. Bu təlimatı tərtib edən qurumlar niyə öz vətəndaşlarının hüquqlarını, fiziki olaraq nəzarətin mümkünsüzlüyünü düşünməyiblər. Belə halların pozulması zamanı hansı əsaslarla abonent məsuliyyət daşımalıdır? Həyətyanı ərazisindən və evindən çöldə baş verənlərə vətəndaş necə cavdeh ola bilər?
P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
İnterpress.az