Məktəbin ünvanını, azyaşlıların şəxsiyyətini nişan verən əlamətlər, videodan kadrlar müzakirələrin mərkəzində durur.
İttihamların çoxu ya 11-12 yaşında uşağı, ya ailəni, məktəbi günahlandırır, ya da ən yaxşı halda bunu seksual zorakılıq sayır.
Bəs nə baş verib?
Ölkənin qanunlarına görə, azyaşlının intim münasibətə razılığı olub-olmasından asılı olmayaraq, cinsi zorakılıq baş verib.
Eyni zamanda gizli çəkiliş etməklə və bu görüntüləri yaymaqla şəxsin özəl həyatına müdaxilə edilib. Respublika Prokurorluğu yalnız azyaşlıya qarşı cinsi təcavüzlə bağlı cinayət işi qaldırıb.
Videonun kimin şəkdiyi və yaydığı barədə hələ ki, istintaq susur.
Cinsi bilgisizlik
Hadisə hər şeydən öncə azyaşlıların (həm qız, həm oğlana aiddir) təhlükəsiz mühitdə yaşamadıqlarını ortaya çıxarıb.
Burada azyaşlılar üçün təhlükəli mühit cinsi bilgisizlikdir.
Müəyyən yaşdan sonra istər oğlanda, istər qızda qarşı cinsə maraq oyanması təbii haldır. Ancaq bu istəyin cilovlanması üçün onların müəyyən bilgilərə ehtiyacı var. O bilgilərə ki, onu özbaşına öyrənmək mümkündür, ancaq bu bilgiləri təcrübə olmadan idarə etmək çətindir.
Azyaşlıların isə təcrübəsizliyini nəzərə alsaq, təbii ki, heç bir ailə övladını gözləyən-hədələyən təhlükələrdən sığortalanmayıb.
Əvvəllər Sovetin sərt qayda-qanunu belə hallar baş verdikdə (baş verirdi, amma o vaxt texniki imkanlar o səviyyədə deyildi ki, bunu hardasa yayıb göstərmək və açıq-aşkar müzakirə etmək olsun) ictimaiyyətə yayılmamış beşiyində boğulurdu, indi isə bir xəbəri anında milyonların qulağına çatdırmaq olur.
İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi və hər zərərli hərəkətlərin təbliğ olunduğu bir zaman kəsiyində azyaşlıları bundan necə qorumaq olar?
İnternetə çıxışı olan istənilən cihazdan, sosial şəbəkələrin sirrlərindən az qala böyüklər qədər məlumatlı olan azyaşlıları qorumağın yolu qadağadanmı keçir? Və ya qarovul çəkməkdənmi? 24 saat onların yanını kəsdirib durmaq mümkündürmü?
Bəlkə əslində uşaqlarla açıq danışmaq lazımdır: Bu hisslərin gözəl olduğunu, amma bunu yaşamaq üçün mütləq böyümək lazım gəldiyini söyləmək lazımdır?
Əks halda hansı fəsadlar yarana biləcəyini izah etmək lazımdır? Belə bir halın hansı cinayət məsuliyyətinə gətirib çıxarmağından, onların gənc həyatının həbsxana divarları arasında keçə biləcəyindən bəhs olunmalıdır?
Baş vermiş xoşagəlməz hadisəni yoldaşının əleyhinə çevirməklə mənəviyyatsız bir davranış sərgiləndiyini, bunun mənəvi-əxlaqi zərərləri barədə danışmaq lazımdır?
\”Nadanlıq o səviyyədədir ki…\”
Qadın məsələləri üzrə eskpert Şəhla İsmayıl deyir ki, artıq məktəblərdə maarifləndirmə işlərinə başlamağın vaxtı çoxdan çatıb.
\”Özü də nəinki məktəbdən, deyərdim ki, bağçalardan başlamaq lazımdır. Uşaqlara öz yaş dövrünə uyğun cinsi münasibətlər barədə məlumatlar verilməlidir\”.
Şəhla İsmayılın fikrincə, bu mövzuda \”nadanlıq o səviyyədədir ki, hətta məktəblərdə anatomiya dərslərində qadın-kişi cinsinin fərqləri kimi mövzular tabu sayılır, müəllim bunu üzdən keçməyə\” üstünlük verir:
O, uşaqları ailədən çox sosial mühitin tərbiyə etdiyini vurğulayır:
\”Görün efirimiz nələrlə doludur? Ancaq şou-proqramlarla. Uşaqlar üçün onları tərbiyə edəcək doğru-dürüst proqramlar yoxdur\”.
\”Norveçdə bağça yaşından başlayırlar\”
Norveçdə yaşayan jurnalist İdrak Abbasov deyir ki, onun yaşadığı ölkədə uşaqlar erkən yaşlarından onları əhatə edən təhlükələr haqqında məlumatlanırlar.
\”Onlara bağça yaşlarından bəzi şeyləri başa salırlar. Bütün məktəblərdə uşaqları pedafoliyadan, hansısa təsir altına düşməkdən qorumaq üçün xüsusi tibb bacıları olur. Onlar uşaq hüquqlarını qoruyan təşkilatlardan olurlar\”.
Bu hadisə nələri dəyişməlidir?
Bəlkə məktəblərdə, sosial çevrələrdə azyaşlıların təbiətə, elmə, sosial fəallığa marağını artıran proqramlar hazırlanmalıdır?
Uşaqların dərs yükü azaldılmalı, hansısa kimya disturunu əzbərlətmək əvəzinə həyat, sosial münasibətlər, internet təhlükəsizliyi, erkən cinsi münasibətlərin, narkotik vasitələrin zərərləri, yoldaşlar arasında inamın, etibarın vacibliyi… kimi söhbətlər aparılmalıdır?
Onların öz uşaqlığını, yeniyetməliyini uşaq kimi yaşaması üçün imkanlar yaradılmalıdır?
Uşaqların – xüsusilə maddi imkanı yetərsiz olanların- tətil vaxtlarında, istirahət günlərində asudəli istiraht vaxtını təşkil etmək üçün Təhsil Nazirliyi hansısa proqramlar həyata keçirməlidir?
Suallar hələ ki, cavabsızdır və azyaşlılar üçün təhlükəsiz mühit hələ ki, görünmür. ( bbc.com )
İnterpress.az