Bununla əlaqədar “Yeni Müsavat” o dəhşətləri gözü ilə görmüş, lakin qəlbinin yarası hələ də qövr edən insanların xatirələrini işıqlandırmaqda davam edir.
Bu dəfə Pirşağı qəsəbəsində, Xocalı qaçqınlarının kompakt yaşadığı “Qızıl Qum” sanatoriyası adlanan ərazidə olub, faciə şahidlərini dinlədik. Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qardaşı, Xocalıda itkin düşən Bakir Hüseynovun ailəsində olduq. Həmin dəhşətli gecənin şahidlərindən biri də, 6 nəfər ailə üzvünü itirən Nəzakət Hüseynovadır – Bakir Hüseynovun həyat yoldaşı.
Bakir Hüseynov qardaşının yaratdığı özünümüdafiə taborunda qəhrəmancasına vuruşub. Xocalı sakinlərini xilas edərkən itkin düşüb. Nəzakət xanım həmin günləri dərin kədərlə xatırlayır: “Həmin gecə unudulmaz faciə yaşadıq. Bir gecədə 6 şəhid verdik.
Fevralın 25-dən, 26-na keçən gecə qayınatamı, qayınanamı, qaynımı və onun həyat yoldaşını, həyat yoldaşım Bakir Hüseynovu, bir də baldızımı itirdim. Qaynım Tofiq Hüseynov Azərbaycanın milli qəhrəmanıdır, o zaman özünümüdafiə taboru yaratmışdı.
Həmin batalyona komandanlıq edirdi. O vaxt yoldaşım Bakir Hüseynov avtobazada baş mühəndis vəzifəsində çalışırdı. Sonradan o da həmin tabora qoşularaq, qardaşı ilə çiyin-çiyinə verib, döyüşməyə başladı. Yoldaşım indiki Neft Akademiyasının tələbəsi idi.
Leytenant rütbəsində idi. Demək olar ki, üzlərini görmürdük. Hər gün postlarda olurdular, kəşfiyyat aparırdılar. Bütün qohumlar bir yerə toplaşmışdıq. Çox zaman evin zirzəmilərində gizlənirdik. Fevralın 25-i gecəsi ermənilər daha da azğınlaşdılar. Həmin gecə Xocalını mühasirəyə alıb, basqın etdilər. Camaat pərən-pərən düşdü. Ana balasını, oğul atasını tapa bilmədi. Xocalıdan çıxan zaman çevrilib kəndə baxdım. Heç inanmırdıq ki, işğal olunacaq. Düşünürdük ki, 2-3 günə qayıdacağıq. Ölən kim, itən kim… Güllə yağış kimi başımıza yağırdı”.
Nəzakət xanım Xocalıdan çıxanda həyat yoldaşından xəbər tuta bilməyib: “Yoldaşım qardaşı ilə bərabər şəhəri müdafiə edirdi.
Həmin ərəfədə biz evin zirzəmisində gizlənmişdik. Qayınatam zirzəmidən çıxıb qaçmağımızı tapşırdı. O qorxurdu ki, evi partlatsınlar. Vəziyyətin daha da pis olduğunu gördüm və uşaqları götürüb kəndi çıxdım, meşə istiqamətində qaçdım. Biz tez çıxdığımıza görə həyat yoldaşımı görə bilmədim. Sonradan öyrəndim ki, yoldaşım digər gizlənənləri kəndin çıxacağında “beşmərtəbə” deyilən əraziyə, Qarqar çayının yanına gətirib. Oradan isə meşəyə keçiblər. Bu günə qədər onun taleyindən xəbər ala bilmirəm. Şahid olanlar deyirdilər ki, sonuncu dəfə camaata kənddən çıxardıqlarını görüblər. Hətta Kətik dağının yanına qədər gəliblər. Xankəndidən olan Hümbət adlı bir kişi onların yanında imiş, baş verənlərin şahidi olub”.
Nəzakət Hüseynovanın sözlərinə görə, o gecə Bakir Hüseynov 30-a yaxın ermənini güllələyib: “Yoldaşımgil üç qardaş olub, ən balaca qardaşı Ağdam rayonunda polis əməkdaşı idi. Qaynıma deyib ki, Kətik dağının yanında nəfəsimizi dərmək üçün dayandıq. O zaman gördük ki, ağ paltarlı erməni əsgərləri bizə hücum etdilər. Hər tərəf qarlı olduğu üçün özlərini gizlədə biliblər. Şahid deyib ki, həmin atışmada yoldaşım o qədər güllə atıb ki, tüfəngi tüstüləyirmiş. Atışmada yoldaşımın 30-a yaxın erməni məhv etdiyinin şahidi olub. Qayınatamın avtomatının qundağını isə ermənilərin atdığı güllə dağıtmışdı. Ancaq Hümbət kişinin oğlu atışmada ölmüşdü. O, qarla onun üstünü örtüb, daha sonra meyitini tapmaq üçün nişan qoyub. Hümbət kişi danışırdı ki, atışmadan sonra ayrıldıq. Qayınatam, qayınanam və yoldaşım Haroy səmtə, Hümbət kişi isə Əsgəran səmtə gedib. Sonra o əsir düşüb. Ancaq onu başqa bir erməni əsirlə dəyişiblər. Yoldaşımgildən isə xəbər çıxmadı. İndi də gözümün yolda, qulağımız səsdədir”.
Milli Qəhrəman Tofiq Hüseynovdan danışan həmsöhbətim deyir ki, ermənilər onun başına pul qoymuşdular: “Ümumiyyətlə, Xocalı camaatı qorxmazdır. Onların qəhrəmanlığından çox danışmaq olar. Ermənilər qaynım Tofiqin başına hətta pul qoymuşdular. Ona “Mixaylo” ləqəbi vermişdilər. Yoldaşım posta durmaqdan gözlərinin qarasına ağ pərdə gəlmişdi. Evə gəlib, müalicə olunmağını xahiş edirdim. Deyirdi ki, postu buraxıb gələ bilmərəm, kəndimizi erməniyə buraxa bilmərəm. Qaynım Tofiq Hüseynovu Gendərə adlana ərazidə mühasirəyə alıblar. Ermənilər ondan təslim olmağını istəyiblər. Deyiblər ki, başqa bir əsirlə dəyişərik. Qaynım komandir olduğuna görə ələ keçməmək üçün qumbara ilə özünü partladıb, öldürmüşdü. Müharibə səngiyəndən sonra onun nəşini aldıq. Şəhidlər Xiyabanında dəfn edildi. Üç övladı var idi. Kiçik qaynım onun uşaqlarını saxladı, böyüdülər, təhsil aldılar. İndi hamısı ailəlidirlər. Mənim isə hələ də gözüm yoldadır…”
Məğrur Mərd,
İnterpress.az