Amsterdamda Azərbaycan media rəhbərləri və diaspora qarşı – qarşıya…backend

Amsterdamda Azərbaycan media rəhbərləri və diaspora qarşı – qarşıya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayında III panel iclası “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həll yolları” mövzusunda idi. Musavat.com xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin moderatorluğu ilə keçirilən paneldə spikerlər APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Gündəlik Teleqraf” MMC-in rəhbəri Aynur Quliyeva, “Report” İnformasiya Agentliyinin baş direktoru Murad Əliyev və Yenicag.az saytının rəhbəri Aqil Ələsgər olub.

Amsterdamda Azərbaycan media rəhbərləri və diaspora qarşı - qarşıya...

Musavat.com xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında media ilə diaspora əməkdaşlığının detallarına toxunub. İlk dəfədir ki, media heyətinin diaspora ilə üzbəüz bir tədbirdə iştirak etdiyini deyən R.Arifoğlu Azərbaycanın çox önəmli media platforması olduğuna diqqət çəkdi: “Rəyasətdə gördüyünüz bu insanlar Azərbaycan mediasının coğrafiyasını genişləndirən, onu rusdulli və fərqli dillərdəki informasiya məkana daşıyan insanlardır. Diaspora Komitəsinin xaricdə təşkil etdiyi cəmi iki tədbirə qatılmışam. İlk andan başlayaraq, çox uğurlu əməkdaşlıq alınır.

Diasporun tədbirləri bizim də iştirakımızla daha geniş auditoriyaya çıxarılır. Bu gün də belə oldu. Artıq sizin tədbirlər narazı elektoratın ‘məskunlaşdığı’sosial şəbəkələrdə, diasporun nisbətən zəif göründüyü yerlərdə canlı yayımla təqdim olunur. Biz sizdən gələn təkliflərə də açığıq. Bizim yaratdığımız platformadan yararlanın. Biz özümüz də heç bir kompleks keçirmədən fəal reportyor kimi bu tədbirlərdə çalışıb, informasiya yaymağa çalışırıq”.

R.Arifoğlu eyni zamanda fevralın 26-da Amsterdamda Avropa Azərbaycanlıları Diasporasının avropalıların qəbul edə biləcəyi, düşüncəsinə yaxın olan texnoloji üsul tapmasına da diqqət çəkərək, onu təqdir etdi: “Heç bir ağlaşma, qışqırıq, qan nümayişi yox idi. Rekviem-konsert yaxşı tapıntı idi ki, KİV rəhbəri kimi bu işi təqdir edirik. Bu cür siyasi-ideoloji texnologiyaları diasporanın fəaliyyətində indən sonra da davam etdirmək lazımdır. Azərbaycan mediasının imkanları sizin üçündür və önəmli platformaddır. Bundan istifadə etmək sizin əlinizdədir. Hər bir media qrupunun sosial şəbəkədə 100-200 min nəfərlik səhifələri də var. Bu əməkdaşlığı irəliyə aparmaq ümumi işimizin xeyrinədir”.

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, rəhbərlik etdiyi media qurumu Diaspora Komitəsi ilə ən sıx işləyən agentlikdir. Daim xaricdə Azərbaycan adına keçirilən tədbirləri işıqlandırdıqlarını deyən çıxışçı eyni zamanda maraqlı layihələrinin olduğunu da yada salıb. Deyib ki, “Yeni Müsavat” və APA Holdinqin xaricdə yaşayan azərbaycanlılarla bağlı layihəsi olub. Bu layihə əsasında xaricdə yaşayan mühacirlərdən müsahibələr götürüldüyünü və saxta mühacirləri üzə çıxardıqlarını deyən Vüsalə xanım bununla real mənzərəni işıqlandırdıqlarını vurğulayıb.

APA-nın rəhbəri deyib ki, Azərbaycanla bağlı önəmli hadisələr baş verəndə Diaspora Komitəsinin media ilə əməkdaşlığı mütləqdir. “Diasporanın könüllülər dəstəsi olmalıdır” deyən çıxışçının sözlərinə görə, onlar medianı məlumatlandırmaqda və informasiya mübadiləsində mühüm rol oynamalıdır.

Amsterdamda Azərbaycan media rəhbərləri və diaspora qarşı - qarşıya...

“Gündəlik Teleqraf” MMC-in rəhbəri Aynur Camal (Quliyeva) isə çıxışında bildirib ki, diaspora təşkilatları ilə media mahiyyətcə eyni işi görür və təbliğatla, xəbər yaymaqla məşğuldur: “Bizim gördüyümüz işin missiyası ilk növbədə vətənpərvərlikdir. Sizin hər biriniz Avropanın hansısa şəhərində yaşayan insanlarsız. Amma siz könüllü olaraq vətəniniz üçün bu işləri görürsüz. Biz media və diaspora təşkilatları olaraq nə edə bilərik? Siz öz təklif və arzularınızı desəniz, ümumi işlərimizdə xeyirli ola bilər”.

A.Camalqızı Türkiyədə tanınmış insanların son illər Azərbaycanla bağlı faciələri xatırladığını, bununla bağlı sosial şəbəkələrdə statuslar paylaşdığını xatırlatdı. Onun sözlərinə görə, bu, bəzən bir kitabın, filmin effekti qədər güclü effektə malikdir.

Çıxışçı vurğulayıb ki, bu ideyanın müəllifi də Türkiyədə yaşayan soydaşlarımızdır. Onlar milli faciə günlərimizdən öncə tanınmış şəxslərlə əlaqə yaradır, onlara bu barədə nələrsə yazmağı xahiş edirlər.

Haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev çıxışında xaricdə yaşayan azərbaycanlılara öz yaşadıqları ölkəyə inteqrasiya olunmalarını məsləhət görüb. Amsterdamdakı tədbirdə xeyli Bakı ziyalısını gördüyünü deyən baş redaktor onların imicindən və ölkəni bu cür nəcib görünüşlü insanların təmsil etməsindən duyduğu məmnunluğu dilə gətirib. Çıxışçı eyni zamanda ölkə olaraq təbliğat məsələsində etdiyimiz səhvlərə də toxunub: “Bizim son illər etdiyimiz səhvlər var. Diasporanın alternativ formasına fikir verməliyik. Təbliğat təkcə faciə, göz yaşları formasında olmamalıdır. Bunu hər zaman ermənilər edib. Onların təbliğatı hər zaman ağlaşma janrında olub, bizdə gülüş. Milli kimliyi ürəyimizdə, fikirlərimizdə saxlamalıyıq”.

E.Fətullayev eyni zamanda xaricdə yaşayan azərbaycanlılara müraciət edərək “biz sizin üçün meydanıq” deyib: “Bilin ki, Azərbaycan mediası sizin arxanızdadır. Amma bununla yanaşı, qərb mediasında da təmsil olunsanız yaxşıdır”.

“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə xarici mediada azərbaycanlıların əməkdaş kimi çalışmasının vacibliyindən danışıb: “Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini işıqlandırırıq. Amma bu, Azərbaycan həqiqətlərinin yayılmasında kifayət etmir. Yaxşı olardı ki, xarici mətbuatda azərbaycanlıların yer alması, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderlərimiz, xaricdəki iş adamlarımız daha fəal ola bilərlər. Bəzən bəzi diaspor təşkilatlarımız bizim onların fəaliyyətinə yer verməməzdən şikayət edirlər. Amma biz həqiqi fəallığı olan bütün diaspor təşkilatlarımızı izləyirik”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə təmasını, xüsusən də Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirib: “Cənab Prezident İlham Əliyev də son dünya azərbaycanlılarının qurultayında xarici mətbuat nümayəndələri ilə daha yaxından işləməyi tövsiyə etdi. Biz çox yaxşı olardı ki, elə diasporun vasitəsi ilə olduqları ölkələrin jurnalistləri ilə ya Bakıda, ya öz ölkələrində görüşlər keçirək, birgə layihələr həyata keçirək. Bu ona gətirib çıxarar ki Azərbaycanla bağlı həqiqətlərin yayılmasında biz artıq yaxın həmkar kimi onların fəaliyyətindən daha asanlıqla yararlana bilərik”.

M.Əliyev həmçinin xarici media orqanlarında azərbaycanlı jurnalistlərin fəaliyyət göstərməsinə nail olunmasının vacib olduğunu və bu sahədə diaspor təşkilatlarını fəallığa çağırdı.

Diaspora.az saytının təsisçisi Toğrul Allahverdili çıxış edərək, diaspora ilə Azərbaycan media nümunələrinin əməkdaşlığı haqda öz fikirlərini bölüşüb, təkliflərini verib.

Amsterdamda Azərbaycan media rəhbərləri və diaspora qarşı - qarşıya...

Media paneli dinamikliyi və gərgin debatlarla davam edib Eynulla Fətullayevin çıxışındakı tənqidi çalarlar, Elçibəy iqtidarını və Müsavat başqanı İsa Qəmbəri kəskin tənqid etməsi isə zalda həyacan yaradıb. Facebook üzərindən canlı yayınlanan media paneli Diaspora Komitəsinin rəhbəri Nazim İbrahimovun müdaxilə-çıxışı ilə yekunlaşıb.

Amsterdamda Azərbaycan media rəhbərləri və diaspora qarşı - qarşıya...

Media panelində redaktorların çıxışından sonra Prezident Aparatı ictimai-siyasi şöbənin rəhbəri Əli Həsənov da öz mövqeyini açıqlayıb. O deyib ki, Azərbaycanın üstün, irəlidə gedən media quruluşları var və onların imkanlarından maxsimum istifadə etmək lazımdır. Azərbaycan prezidentinin köməkçisi deyib ki, əslində informasiyanın mənbəyini müsahiblər, respondentlər yaradır, peşəkarlar isə yayır. O, mediada peşəkarlığın önəminə diqqət çəkdi və bəzi xatırlatmalar etdi: “Mən 92-ci illərdə YAP yarananda ideoloji şöbənin müdiri idim. Əlimizin altında bir neçə qəzet var idi. Bəzən 20 jurnalist bir siyasətçidən bizə lazım olan açıqlamanı ala bilmirdi. Amma o vaxt Azərbaycanda fəaliyyət göstərən xarici ölkənin media qurumunun bir jurnalisti bir günün ərzində Azərbacanda gün ərzində bir mitinq baş verirdisə, 200-ə yaxın siyasətçini danışdırırdı. Mən evə gedə-gedə o xarici radionun 10 dəqiqəlik verilişinə qulaq asırdım. Cəmi 10 dq ərzində o jurnalist Azərbaycan siyasi elitasını danışdırırdı.Mən 20 nəfəri qovurdum, biri o xəbəri ortaya çıxara bilmirdi. Qeyri-peşəkarlıq bu idi. Peşəkarlıq isə xarici media orqanlarının nümayəndələri idi”.

Əli Həsənov yekunda deyib ki, media kapitanlarının diaspora ilə birgə fəaliyyəti davam etməlidir, bu, yaxşı tapıntıdır. O, tövsiyyə edib ki, bundan sonra diasporla bağlı bütün tədbirlərdə mütləq media paneli olsun.

Daha sonra qurultay prosedur məsələlərlə məşğul olub.

İnterpress.az