Məktəblərdə yayılan afişalarda “Ocağa gedən gənc narkotikdən asılı olmaz, oğru olmaz, arsız olmaz. Vətən xaini olmaz. Alparslan, Fateh, Atatürk, Başbuğ olar. Adam olar” kimi sözlər yazılıb.
Bu barədə Türkiyə mətbuatında gedən məlumatlardan belə məlum olur ki, ilk olaraq Bandırma vilayətində məktəblərdə təbliğata icazə verilib. Bundan başqa Türkiyə bayrağı, Ülkü Ocaqları emblemi və sair kimi vəsaitlər də yayılıb. Vilayət Təhsil İdarəsi bütün məktəblərdə bu kampaniyanın davam etdirilməsi qərarı verib.
Qeyd edək ki, bu hadisə birmənalı qarşılanmayıb. Məsələ ondadır ki, Türkiyənin hazırkı islamçı hökuməti zamanında milliyyətçi fəaliyyətlərin orta məktəbdə həyata keçirilməsinin leqallaşdırılması bir neçə il əvvələ qədər qeyri-adi hadisə hesab oluna bilərdi. Çünki hazırkı AKP iqtidarı milliyyətçiliyi özünə əsas rəqiblərdən biri hesab edib.
Ancaq son illərdə bu vəziyyət dəyişib. Xüsusən də 2016-cı il 15 iyul qiyam cəhdindən sonra Milliyyətçi Hərəkat Partiyası və milliyyətçi təşkilatlar hökumətin yanında dayanıb və tədricən ciddi bir yaxınlaşmaya çevrilib. Nəticədə hazırkı Türkiyə iqtidarı da dini camaatlarla məlum toqquşmasından sonra milliyyətçi istiqamətə əyilib. Məsələn, hazırda hökumətin Suriyanın Afrin şəhərində kürd terror qruplarına qarşı apardığı əməliyyatın və eləcə də bir neçə il əvvəl cənub-şərq vilayətlərində PKK-ya qarşı əməliyyatların əsas zərbə gücü milliyyətçi polis və hərbçilər idi. Yeri gəlmişkən, Afrin əməliyyatı, ümumiyyətlə, Suriya ərazisinə ordu göndərmək məhz MHP rəhbərliyinin tələb etdiyi plan idi. 15 iyul hadisələrindən sonra AKP iqtidarının xüsusən də F.Gülən qrupuna qarşı təmizlənmə əməliyyatına MHP hərtərəfli dəstək verib, hakim partiyanı siyasi fəaliyyətdə dəstəkləyib. Ötən ilin aprelində keçirilən referendumda da MHP rəhbərliyi hökumətin tərəfini tutub.
Son hadisə isə məsələnin artıq iki partiya arasında müttəfiqlikdən daha geniş məna kəsb etdiyini göstərir. Belə ki, artıq dövlət idarələri ən həssas və strateji nöqtələri belə milliyyətçi camiə ilə bölüşməyə başlayıb. Yeri gəlmişkən, bir qədər əvvəl MHP sədri Devlət Bahçeli “Cumhur İttifaqı” deyilən formulunu elan edib. Söhbət gələn il keçiriləcək seçkilərdə MHP və AKP ittifaqından gedir. MHP rəhbərliyi gələ ilki seçkilərdə AKP-nin namizədini, yəni Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Bunun qarşılığında MHP-nin hansı siyasi dividentləri əldə edəcəyi bəlli deyil, ancaq son aylarda baş verənlər göstərir ki, dövlət daxilində milliyyətçi axımın təsiri güclənir. Prezidentin milliyyətçi şüarları, orduda və xüsusi təyinatlı polis qüvvələrində milliyyətçi şüarların üstünlük təşkil etməsi və bunun gizlədilmədiyi, əksinə, daha da təbliğ olunması dövlət içərisində milliyyətçi axımın gücünün və təsirinin artdığını göstərir.
Türkiyə hakimiyyəti yeni dönəmdə dindar-mühafizəkar millətçi bir xətti tutmağa hazırlaşır. Ancaq tarixən ciddi fikri ayrılıqlarının olduğu dindar və milliyyətçi camiə arasında ittifaqın nə qədər möhkəm və davamlı olacağını demək çətindir. Bunu zaman göstərəcək. (musavat)
İnterpress.az