Qarabağda gedən döyüşlər zamanı cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi İnterpress.az-a geniş müsahibə verib.
– Bildiyiniz kimi, 2018-ci il Azərbaycanda tarixi bir ildir. Sizin hərbçi olaraq, 2018-ci ildən gözləntiniz nədir?
– Qeyd etdiyiniz kimi, 2018-ci il tarixi bir ildir. Bu il həm də tarixə “Cümhuriyyət ili” kimi düşdü. Həm, Cümhuriyyətimizin 100 illiyi, həm ordumuzun yaradılmasının 100 illiyi, həm də növbədənkənar prezident seçkilərilərinin keçiriləcəyi ildir. Ən əhəmiyyətlisi isə, növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ayın aprel olmasıdır. Düşünürəm ki, xarici qüvvələrin, düşmən düşərgəsinin təxribatlarının qarşısının alınması üçün seçkilərin önə çəkilməsi xalqımızın xeyrinədir ki, ziyanına deyil. Gözləntilərimə gəlincə isə, mən dövlətimiz və xalqımız üçün hər ili xeyirli görmək istəyirəm. Bilirsiniz, mən burda bir məsələni qeyd etmək istəyirəm. Ordumuz “Aprel döyüşləri”ndə də nailiyyətlər əldə etdi. Öz gücünü, qüdrətini göstərdi. Düşmən tərəfi qorxuya saldı. Ümumiyyətlə, onu demək sitəyirəm ki, bizim bütün uğurlarımız həmişə aprel ayına təsadüf edir. İnşallah, prezident seçkilərinin də apreldə keçirilməsi bizim üçün uğurlu olacaq.
– Siz Azərbaycan xalqı ilə Türkiyə xalqının hərbçilərə verdiyi dəyərlərdə hansı fərqləri görürsünüz?
– İnsanlara şüurlu şəkildə vətənpərvərliyi çatdırmaq lazımdır. Bizdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərə, sadəcə olaraq, bu tədbir keçirilməlidir deyə, maraq göstərirlər. Cəmiyyətə şüurlu şəkildə başa salmaq lazımdır. Əgər, bu gün bir qazi əlil vəziyyətdə yaşayırsa, cəmiyyət bunu dərk etməlidir ki, həmin qazi onların rahat yaşaması üçün əlil olub. Biz bütün bunları tədbir xatirinə ötürürük gedir. Düzdür, cəmiyyətdə vətəpərvər insanlar çoxdur. Şəhid ailələrinə ehtiram bəsləyənlər də bəs qədərdir. Mən bu yaxınlarda İstanbula səfər etmişdim. Metro stansiyasında gözlənilməz bir halla rastlaşdım. 70 yaşlı bir kişi gəlib məni qucaqladı. O, heç diqqət etmədi ki, mən Azərbaycan qazisiyəm, yoxsa Türkiyə qazisiyəm. Təsəvvür edin, ağsaqqal kişi məni bərk-bərk qucaqlayaraq ağlayırdı ki, biz sizə borcluyuq.
– “Afrin döyüşləri” ilə bağlı türkiyəli hərbçilərə öz dəstəyini göstərdiniz. Bu dəstəyin qarşısında türk xalqından hansı münasibətlə qarşılaşdınız?
– Afrin döyüşlərinə göstərdiyim dəstək üçün Türkiyəyə gedəndə orada ictimaiyyət mənim dəstəyimə elə xoş münasibət göstərdilər ki, inanın ki, ifadə edə bilmirəm. Hətta küçə ilə gedərkən insanlar gəlib öz təşəkkürünü bildirirdilər. Mən orda olanda insanlara bildirdim ki, biz azərbaycanlılar olaraq, Afrində terrorçulara qarşı türk qardaşlarımızla çiyin-çiyinə döyüşməyə hazırıq. Siz, sadəcə, köməyə ehtiyyacımız var – deyin. Azərbaycanda Türkiyəni sevən milyonlarla insanlar var ki, bu gün Afrinə dəstək verməyə hazırdılar. Azərbaycan xalqı həmişə qardaş kimi Türkiyə xalqının yanındadır. Ümumiyyətlə, diqqət və qayğı elə bir şeydir ki, adam kimdənsə diqqət və qayğı görəndə qürurlanır.
– Cəmiyyətimizdə türk düşmənçiliyi ideologiyasının nümayəndələri də var. Onların içində millət vəkilləri də var, ictimaiyyət nümayəndələri də, şairi də, yazıçısı da var. Bu cür şəxslərə “mən türk”əm deyəndə, onlarda qıcıq yaranır. Buna münasibətiniz necədir?
– Təəsüflər olsun ki, Azərbaycanda türkçülüyün unudulmasına xidmət göstərən şəxslər də var. Bunlar bütün günü ölkədə türkçülüyün inkişafına qarşı döyüşürlər. Bu, təkcə bizim cəmiyyətdə deyil. Bütün dünyada türklərə qarşı hücumlar var. Çünki, türk tarixən lider olub. Türkün ta əzəldən güclü ordusu olub. Türk bütün dünyaya sözünü demiş xalqdır. Ona görə, dünyanın istənilən nöqtəsində olan bir türk bu gün aqressiv münasibətlə qarşılaşır. İngilisi də, yəhudisi də, fransızı da qıcıqlanır. Türk xalqı elə bir xalqdır ki, nə qədər ona ləkə atsan da, ona yapışmayacaq. Heç kim türkü ləkələyə bilməyəcək. Səhv etmirəmsə, Sultan Fateh Mehmet İstanbulu fəth edən zaman qeyri-müsəlmanların dininə hörmət etməyi əmr edir. Ki, onlar da İslam dininə hörmət etsinlər. Biz hər kəsin dininə, milliyyətinə hörmət ediriksə, özümüzə də qarşı eyni hörməti gözləmək istəyirik.
– Siz feysbukda da fəal istifidaçilərdən birisiniz. Ötən günlərin birində qadın müğənnilərdən birinin başına bir nəfərin çoxlu pul səpməsi ilə bağlı yayılan videoya sərt şəkildə münasibət bildirmişdiniz. Bu haqda nə deyə bilərsiniz?
– Fikrimcə, milyonlarla pul xərcləyib müğənniləri harasa dəvət etməkdənsə, onların başına pul səpməkdənsə, həmin pulları dövlətimizin, torpağımızın, xalqımızın uğrunda canından keçmiş şəhid ailələri üçün sərf etsələr daha yaxşı olar. Mən bunu həmin paylaşımda da qeyd etmişdim. Çünki, bu gün Azərbaycanda ən çox haqqı dövlətçiliyimiz uğrundan canından keçmiş insanların ailələridir. Hansıısa bir şəhid övladının təhsil haqqını ödəmək hər kəs üçün qürurverici bir hal ola bilər. Bir də görürsən ki, kimsə, 10 min manat pul verib hansısa müğənnini toyuna dəvət edir. Bu qədər məbləği müğənniyə verib toya çağırmaq əvəzinə az məbləğli bir müğənnini toya dəvət edib qalan pula da daha xeyirli işlər görmək olar. Mən bunu demək istəyirəm. 10 min manatla qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq azı 50 ailəyə yardım etmək olar. Şəhid ailələrini sevindirmək olar. Çünki, hər bir kəs düşünməlidir ki, onların bu ölkədə rahat şəkildə yaşamaqları, əylənməkləri üçün minlərlə insanlar canından keçib. Mən demirəm ki, ölkədə əylənməyək, müğənnilərə pul verməyək. Sadəcə olaraq, daha zəruri olan şəhid ailələrinə dəyər verməkdir. Dövlətimiz özü də hüquqi çərçivədə bütün bunların hamısına riayət edir. Dövlət vətən uğrunda canından keçmiş şəxslərin ailələrinə kifayət qədər qayğı göstərir. Amma cəmiyyəti də bu məsələlərdə diqqətli olmağa çağırıram ki, hansısa bir müğənninin başına səpdiyi pulla daha bir şəhid ailəsinə yardım edə bilərlər.
İnterpress.az
Səid Qərib