Bakıya sığınan erməni siyasətçi ilə görüşən soydaşımız danışdı – sensasiyabackend

Bakıya sığınan erməni siyasətçi ilə görüşən soydaşımız danışdı – sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu erməni Vahan Martirosyanın Azərbaycana gəlməsi heyakətini danışıb.

“Gürcüstanın hüquq müdafiəçiləri mənimlə əlaqə yaradıb bildirdilər ki, Ermənistan müxalifət liderlərindən biri Gürcüstana gəlib və Azərbaycana keçmək üçün onlardan kömək istəyir. Mən dərhal soruşdum ki, niyə Gürcüstanda qalmır, ya da Avropaya getmək istəmir? Gürcülər cavab verdilər ki, o, Sərkisyan, Köçəryan rejiminin əlindən yanıqlı. Onun siyasi fəaliyyətinə görə ailəsini uzun müddət təqib ediblər, hətta həyat yoldaşı döyülüb və uşaq salıb. O, rejimin Ermənistanın, erməni xalqının başına gətirdiyi zülmlərdən danışmaq, onları ifşa eləmək istəyir. Ancaq bilir ki, Avropaya getsə, erməni lobbisi ona imkan verməyəcək, ona görə də maraqlı tərəf kimi Azərbaycanı seçir”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında insan haqları müdafiəçisi Noverlla Cəfəroğlu Ermənistan “Milli azadlıq hərəkatı\” İctimai Birliyinin rəhbəri Vahan Martirosyanın Azərbaycana hansı yolla gəldiyini açıqlayarkən deyib.

Novella Cəfəroğlu deyir ki, əslində bu işin altına girmək onun özü üçün də riskli olub:“Mən təklif elədim ki, o, Azərbaycan rəhbərliyinin ünvanına müraciət yazsın. Həmin müraciəti mən Tiflisdən Bakıya gətirdim və Milli Məclisin üzvü, prezident yanında QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyevə verdim. Olayı ətraflı şəkildə ona danışdım, bu şəxsin Azərbaycana gətirilməsinin Ermənistanın işğalçı siyasətinin iflası, eyni zamanda Ermənistanda baş verən proseslərin dünyaya çatdırılması üçün nə qədər önəmli olduğunu dedim. Azay Quliyev də sağ olsun, məktubu təcili şəkildə ölkə rəhbərliyinə çatdırdı. Çox qısa müddətdən sonra Azərbaycan tərəfi Vahan Martirosyan haqqında ətraflı araşdırma başlatdı, onun ölkəyə gətirilməsi münasib hesab edildi və Gürcüstan onu Azərbaycana təhvil verdi”.

Vahan Martirosyan Azərbaycana gələndən sonra Ermənistan mediası dövriyyəyə onun haqqında saxta informasiyalar buraxıb. Həmin xəbərlərdə Vahanın gah ruhi xəstə olduğu iddia edilir, gah onun banklara külli miqdarda borclu olduğu üçün ölkədən qaçdığı bildirilir. Novella Cəfəroğlu deyir ki, bütün bunlar Ermənistan tərəfin baş verən olaydan böyük məyusluğunun göstəriciləridir:“Ermənistanın bu məsələdə nə qədər pis durumda olduğunu “böyük məyusluq” ifadəsi də əks etdirmir. Siz düşünün, savaş aparan ölkənin siyasi müxalifət liderlərindən biri düşmən tərəfə sığınır və savaşın mənasızlığını, işğal siyasətinin ölkəyə necə bəlalar gətirdiyini, bu siyasətə qarşı çıxan hər kəsin necə cəzalandırıldığını açıqlayır. Bu siyasi anlamda Ermənistan üçün böyük məğlubiyyətdir. Bu durumda Ermənistan nə etməlidir? Onlar üçün ən asan iş çox yaxşı bacardıqları qara piar aparmaqdır. Buna görə də Ermənistan mediasının Vahan haqqında yazdıqlarının heç birini ciddiyə almaq gərək deyil. Vahan savadlı adamdır, rəssamdır, uzun illərdir Ermənistanın ictimai-siyasi sektorunda çalışır, həyat yoldaşı ssenaristdir. Onları ruhi xəstə, borclu kimi göstərmək acizlikdən irəli gəlir. Gerçək odur ki, rəsmi İrəvan bu olaydan ciddi sarsıntı keçirib”.

Noverlla Cəfəroğlunun sözlərinə görə, uzun illər siyasi həyatda olan Martirosyan ölkəsindəki siyasi, ictimai, sosial durumu çox dəqiq analiz edir: “O deyir ki, erməni xalqı Qarabağ problemi başlayandan böyük məhrumiyyətlərlə üz-üzədir. Bir tərəfdən təcrid olunublar, Rusiyadan asılılıqları artdığı üçün hətta daxildə belə müstəqil siyasət yürüdə bilmirlər, nə qədər qurbanlar verilib, nə qədər insanlar həlak olub, ölkə sosial problemlərin içərisində boğulur, işğalçı siyasət köklü şəkildə dəyişməsə heç bir işıq ucu görünmür. Etiraz edənlər həbs edilir, təqiblərlə üzləşir. Bütün bunlar Ermənistan gerçəkləridir və bunu bu gün Bakıda bir erməni siyasətçi səsləndirir”.

İnsan haqları müdafiəçisi deyir ki, V.Martirosyan açıq bildirib ki, Ermənistan hökumətinin və lobbisinin terroru ilə üzləşməkdən qorxduğu üçün Avropaya getmək fikrindən daşınıb:“ Biz onunla görüşəndə açıq dedi ki, Avropaya Ermənistan hökumətinin, erməni lobbisinin özünü də, ailəsini terrorla aradan götürəcəyindən ehtiyat etdiyi üçün getmir. Bakıda keçirdiyi mətbuat konfransında Vahan erməni lobbisinə də səsləndi. Onun sözlərinə görə, illərdir dünya ermənilərindən yığılan pullar Ermənistana göndərilir, Ermənistan hökuməti bu pulları Qarabağda infrastruktur layihələrinə xərcləyəcəyi, sosial layihələrə yönəldəcəyi haqqında bəyanatlar verir, əslində isə həmin milyonlar hakim komandanın cibinə axır, kiçik bir qrup eyş-işrət içərisində yaşayır, əhali isə səfalət içərisində sürünür”.

Vahan Martirosyanın sözlərinə görə, ermənilər Azərbaycanda tez-tez işlənən savaş mesajlarından da narahatdır: “O deyir ki, insanlar Sərkisyan rejiminin xofu altında olduqları üçün açıq etiraz etməkdən çəkinirlər. Azərbaycanın güclənməsi, tez-tez eşidilən müharibə çağırışları ölkədə təşviş yaradır. Heç kim savaş istəmir, eyni zamanda hər kəs bilir ki, Azərbaycan torpaqlarını geri almaq üçün yollar axtarır və savaş hər an başlaya bilər. Buna görə də insanlar bir şəkildə savaşın yenidən başlanmaması, Qarabağ məsələsinin dinc yolla çözümü üçün yollar axtarılmasını istəyir. Vahan bizə deyir ki, Emənistanda onun kimi düşünən minlərlə insan var, əgər ehtiyac varsa, ən qısa zamanda daha 50 nəfərin də onun kimi Azərbaycana gəlməsini təşkil edə bilər. Ermənilər artıq Sərkisyan rejimində yaşamağı öz həyatları üçün ciddi təhlükə hesab edirlər”.

Novella Cəfəroğlunun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsinin dinc yolla çözümü üçün Vahan Martirosyan və bu düşüncədə olan ermənilərdən uğurla istifadə edə bilər: “Bu insan dünyaya açıq gözlə baxır. Anlayır ki, ölkəsinin özünü bu qədər təcrid etməsi uğur vəd eləmir. Ermənistanın gələcəyi böyük sual altındadır. Gənclər sürətlə ölkədən gedir. Cəmiyyətdə heç bir müsbət irəliləyiş yoxdur. Qarabağ alınıb, orada qondarma rejim qurulub, ancaq hamı tikan üstədir. İşğaldan sonra, ermənilərin Azərbaycan torpaqlarında daşı daş üstə qoymağa gücləri çatmayıb. Ermənistan faktiki olaraq Rusiyanın “qonşu payı”na möhtac vəziyyətdə yaşayır. Bu şəxs siyasətçidir. Bütün bunları söyləməklə böyük riskə getdiyini dərk edir. Ancaq eyni zamanda siyasətçi olaraq dərk edir ki, başqa çıxış yolu yoxdur. Erməni xalqının gələcəyi bu rejimin hakimiyyəti altında daha böyük risk altındadır və Azərbaycana tabe olan Qarabağda yaşamaq ermənilər üçün daha münasibdir. Bir erməninin bu fikirləri səsləndirməsi Azərbaycan üçün böyük təbliğat, eyni zamanda sülh danışıqlarında öz xeyrinə dönüş etmək şansı yaradır”.

Martirosyanın Azərbaycanda qalacağı, yoxsa üçüncü ölkəyə veriləcəyi ilə bağlı məsələ isə hələlik açıqdır:“Bu yəqin ki, həm onun istəyinə, həm də Azərbaycan hökumətinin qərarına bağlı olacaq. Mən Vahanın Azərbaycana təslim olmasını kamikadzelik sayıram. Bu ölkəsində baş verən həqiqətləri, o sıradan Ermənistan rejiminin erməni xalqının başına açdığı zülmləri dünyaya çatdırmaq üçün ən radikal addım atıb – ərazisini işğal etdikləri ölkəyə sığınıb. Digər tərəfdən bu ssenari Kreminlin də ürəyincə deyil. Ən azı ona görə ki, bütün dünya rəsmi İrəvanın Kremlin diktəsi altında olduğunu bilir. Martirosyanların Ermənistanda valideynləri, ailə üzvləri, qohum-əqrəbaları yaşayır. Onların bu addımı bu şəxslərin hamısını böyük problemlərlə üz-üzə qoyub. Ancaq o, ölkəsinin və millətinin gələcəyinin düşünərək kamikadze kimi davranıb. Əminəm ki, Azərbaycan tərəf bu məsələyə son dərəcə həssas yanaşır”. (“Yeni Müsavat”)

İnterpress.az