APA-nın Azərbaycanın Avstriyadakı səfirliyinin \”twitter\” səhifəsinə istinadən xəbərinə görə, bəyanatda bildirilir ki, ATƏT məkanında dondurulmuş digər münaqişələrdən fərqli olaraq, işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayonda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib, 1988-ci ildən başlayaraq, Azərbaycan öz ərazisində 1 milyondan çox qaçqın və məcburi köçkünə ev sahibliyi edir. Qeyd olunub ki, ATƏT-in 1992-ci ildə yaradılan Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib, münaqişə indiyədək həll edilməmiş qalıb: \”Minsk qrupu və həmsədrlər institutu Azərbaycan xalqına qarşı həyata keçirilən bu ədalətsizliyə sülh yolu ilə son qoya bilmədikləri üçün biz mütəmadi olaraq münaqişənin həll edilməsindən çox onun dondurulması cəhdlərini müşahidə edirik. Bizim ATƏT-ə təklif etdiyimiz hər təşəbbüs Ermənistan tərəfindən dərhal rədd edilir. Danışıqlar prosesində irəliləyişə nail olmaq üçün Ermənistana təsir etməklə bağlı vasitəçi ölkələrə və Minsk qrupu üzvlərinə çağırışlarımız ATƏT-in iştirakçı dövlətləri tərəfindən dəstəklənmir. ATƏT-in Minsk qrupu tərəfindən nümayiş etdirilən laqeyd yanaşma belə təəssürat yaradır ki, ATƏT işğal edilmiş ərazilərdə hazırkı status-kvodan razıdır və əsas narahatlıq gələcəkdə hər hansı düşmənçilik hallarının qarşısının alınmasıdır\”.
Ermənistan prezidentinin açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid etdiyi qeyd edilən bəyanatda bununla da Helsinki Yekun Aktının fundamental prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulduğu vurğulanıb: \”ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllində inkişafa nail olunmasının məsuliyyətini hər iki tərəfin üzərinə qoyarkən status-kvonun dondurulmasından daha yaxşı təklif verə bilmirlər və Minsk qrupu, habelə ATƏT-in digər iştirakçı dövlətləri yalnız həmsədrlərin cəhdlərinə formal dəstək verməklə özlərinə təsəlli verməyə çalışır. Biz ATƏT məkanında olan digər dondurulmuş münaqişələrdə münaqişəyə məruz qalmış tərəfin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həllinə güclü dəstək olduğunu görürük. Bununla yanaşı, bəzi həmkarlarımızı çıxmaq şərtilə ATƏT nümayəndələri tərəfindən eyni prinsipial yanaşmanı görmürük. Baxmayaraq ki, ATƏT-ə üzv ölkələr ikitərəfli səviyyədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəstəklərini ifadə edib.
Nümayəndəliyimiz bir daha xatırladır ki, Ermənistan qoşunlarının çıxarılması nəzərə alınmadan tədqiqatçı mexanizmin yaradılması, snayperlərin geri çəkilməsi və yaxud ATƏT nəzarətçilərinin təmas xətti boyunca göndərilməsi ilə bağlı çağırışlar qəbul edilə bilməz, çünki bu, Ermənistanın gücdən istifadəsi və Azərbaycan torpaqlarını işğal altında saxlaması qarşısında təslim olmaq mənasına gələr. Əslində belə tədbirlərin təklif edilməsi və Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən qeyri-qanuni şəkildə işğalda saxlanıldığı müddət həmin təkliflərin dəstəklənməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq qərarları ilə ziddiyyət təşkil edir. Bunlar münaqişənin tənzimlənməsi prosesində məqsədlər və ardıcıllıqlardır. Vasitəçilər və Minsk qrupundan tələb olunan bu məqsədləri prioritet olaraq gündəliklərinə daxil etməsi, Azərbaycan ərazilərinin işğalına son qoyması üçün Ermənistana qarşı beynəlxalq təzyiqlərin səfərbər edilməsidir\”.
Bəyanatda mövcud vəziyyətin sülhə nə dərəcədə töhfə verməsi, əslində bunun Ermənistan hakimiyyətinin ambisiyalarına xidmət etməsi kimi məsələlərə toxunulub.
\”Azərbaycan ədalətli və davamlı sülhə nail olunmasında ən maraqlı tərəfdir. Lakin Ermənistan qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmadıqca, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının qarşısını almağa çalışdıqca, Minsk qrupu və həmsədrlər Ermənistanı öhdəliklərini icra etməyə çağırmadıqca biz öhdəlik və razılaşmaları yerinə yetirən yeganə tərəf olaraq qalmayacağıq. Son olaraq, Ermənistan səfirini Vyanada konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq. Bu, regionun və bizim gələcək nəsillərin marağındadır\” – deyə bəyanatda bildirilir.
İnterpress.az