İstiqlal adam – Sabir Rüstəmxanlı-75backend

İstiqlal adam – Sabir Rüstəmxanlı-75

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın çoxəsrlik tarixinin müxtəlif mərhələlərində xalqı aydınladan, milli şüurunu canlandıran, sözü və əməli ilə toplumu vahid amal uğrunda mübarizəyə qaldıran şəxsiyyətlərimiz olub. Zaman-zaman yadellilərin işğalına və amansız assimlyasiya məruz qalan xalqımız məhz həmin insanların sayəsində öz soylarını, dil və dinini qoruyaraq ayaqda qalmağı, yenidən toparlanaraq azadlığa qovuşmağı bacarıb.

Konkret tarixi şəraitdə o insanları meydana çıxmadıqlarını bir anlıq təsəvvür etdikdə, göz önündə çox dumanlı və qaranlıq mənzərə, boşluq, bir sözlə, millətin süqutu, yoxluğu görünür. Amma xoşbəxtlikdən, xalqın düşüncə sahibləri taleyüklü vəziyyətlərdə meydana çıxaraq, əsarət zəncitrlərini qırmaq üçün soydaşlarını bir araya gətirib arxasınca aparmağa nail olublar. Odur ki, işğalçıların kimliyindən asılı olmayaraq, xalqımız onların təzyiqi altında nəinki “əriməyib”, əksinə, buna cəhd göstərənlərin özlərini misilsiz mədəniyyətinin təsirinə salıb, bizi yoxetmə niyyətlərini puça çıxarıb.

Əlbəttə, yuxarıda ümumi şəkildə bəhs olunan şəxsiyyətlərimiz haqqında ayrı-ayrılıqda cild-cild əsərlər yazmaq mümkündür. Lakin bu kiçik yazıda onlardan biri, XX əsrin 80-ci illərində millətin möhtəşəm “Ömür kitabı”nı yazaraq, bədxahlarımızı obyektiv tarixin küncünə sıxışdıran, azadlığa can atan xalqımızın haqq səsinə çevrilən, ölkəmizdən kənarda da dünya boyda Azərbaycan quran Xalq şairi, milli-azadlıq hərəkatının liderlərindən biri, 75 yaşın müdriklik çağını haqlayan Sabir Rüstəmxanlıdan bəhs edəcəyik.

Ötən əsrin 80-ci illərinin ortasında əsasən, ədəbiyyat caməsinin çox yaxşı tanıdığı və böyük istedada malik şair kimi qəbul etdiyi Sabir Rüstəmxanlı cəmi bir neçə il sonra sözün tam mənasında millətin sevimlisi oldu. Bu, o dövr idi ki, artıq ermənilər Moskvanın himayəsi ilə Qarabağa yönəlik iddialarını yenidən ortaya gətirir, Azərbaycanın kommunist rəhbərliyi isə bunaa qarşı heç bir tədbir görmürdü. Sabir bəyin məhz o ərəfədə ərsəyə gələn “Ömür kitabı” erməni-rus həyasızlığına çox tutarlı cavab olmaqla yanaşı, həm də Azərbaycanımızı sanki özümüzə təkrar tanıtdı, sevdirdi, bu torpaqların bir qarışını belə kimsəyə verməyimizin mümkünsüzlüyünü aşıladı.

Sözsüz ki, Sabir Rüstəmxanlının bioqrafiyasında bəlkə ən mühüm səhifələr tarixə Meydan Hərəkatı kimi keçən 1988-ci il 17 noyabr – 5 dekabr mitinqləri oldu. Sabir bəy o fasiləsiz mitinqlərdə özünün liderlik keyfiyyətlərini nümayiş etdirərək, 18 gün ərzində aksiyanın yüksək səviyyədə idarə olunmasını təmin etdi. Eyni zamanda, Sovet imperiyasının unutdurmağa çalışdığı tariximiz və arzuladığımız gələcək haqqında alovlu çıxışları ilə milləti bir ordu kimi səfərbər edirdi. Meydan Hərəkatı Sovet ordusu tərəfindən vəhşiliklə dağıdılsa da işə salınan repressiya maşını nə xalqımızı, nə də onun önündə addımlayan Sabir Rüstəmxanlını mübarizədən qopara bilmədi.

Sabir bəy növbəti dönəmdə “Azərbaycan” qəzetinin baş redaktoru olaraq, 68 il sonra respublikada leqal demokratik mətbuatın təşəkkülündə əvəzsiz rol oynadı. Yerli və mərkəzi hakimiyyətin təzyiqinə baxmayaraq, “Azərbaycan” qəzeti Sabir bəyin rəhbərliyi altında müstəqillik ideyalarının dönməz ruporu qismində çıxış etdi.

Ali Sovetə 1990-cı ilin sentyabrında keçirilmiş seçkilərdə millət vəkili seçilən Sabir Rüstəmxanlının səsi artıq parlament tribunasından gəlirdi və o, Azərbaycanın müstəqillik ideyasını yüksək kürsüdən təbliğ edir, bu yolda keyfiyyətcə yeni mərhələyə daxil olan mübarizəsini daha əzmlə davam etdirirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət müstəqilliyinin bərpasında müstəsna xidmətləri olan Sabir Rüstəmxanlı qısa müddətdən sonra Dövlət Mətbuat Komitəsinin sədri təyin edilərək, milli jurnalstikanın inkişafına təkan verən fəaliyyəti ilə digər yüksək çinli məmurlara örnək oldu. Sabir bəyin həmin postda çalışdığı 4 illik müddət milli mətbuatımızın “qızıl dövrü” də adlandırıla bilər. 1995-ci ildə Komitə sədri vəzifəsindən istefa verərək, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri kimi daha çox siyasi fəaliyyət və yaradıcılıqla məşğul olan Sabir Rüstəmxanlı hər zaman xalqın yanında oldu, onun haqq səsini duyurdu.

Sabir bəyin xidmətlərinə nəzər saldıqda, bir məqamın üstündən sükutla keçmək mümkün deyil. Bu da xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilərək təşkilatlanmasına, güclü Azərbaycan diasporunun yaradılmasına verdiyi töhfədir. O, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri kimi bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlə xaricdəki soydaşlarımızın qarşılıqlı narazılıqları bir kənara qoyaraq birləşmələrinə böyük mənada nail oldu. Yeri gəlmişkən, mənim diasporla iş sahəsində fəaliyyət başlamağım və bu sahədə müəyyən nəticələrin əldə edilməsində də məhz Sabir bəyin böyük rol oynadığını qeyd etməyə bilmərəm.

Sabir bəy bu gün də millət vəkili statusunda xalqın yanındadır. Bütün amalı millətimizin, xüsusilə də, ona etimad göstərmiş seçicilərinin üzləşdikləri problemlərin həllinə yardım göstərmək, onların dərdinə dərman olmaqdır. Milli Məclisin elə bir iclası yoxdur ki, Sabir bəy təmsil etdiyi Neftçala seçicilərinin bu və ya digər problemlərini dilə gətirməsin. Amma onun bitməyən davası məhz vətənimiz Azərbaycanın bütövlüyü və yüksəlişidir. Sabir bəy bu yaşda da qeyd olunan amal uğrunda müsəlləh əsgər kimi savaşmaqdadır.

Öz mübarizə yolu ilə hər birimizə örnək olan Sabir bəyi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona bütün arzularının ən qısa müddətdə həyata keçməsini və əlbəttə ki, cansağlığı arzulayırıq.

Varlığınız yolumuzu aydınladan sonsuz işıqdır, Sabir bəy.

Daim var olun!

 

Toğrul Allahverdili

İnterpress.az