Bundan sonra çörək və unun qiyməti devalvasiyadan əvvəlki qiymətində qərarlaşdı. Eyni zamanda, ölkə başçısının göstərişilə süni bahalaşmaya qarşı mübarizə aparmaq üçün İqtisadiyyat Nazirliyinin Baş Prokurorluqla birgə reydlərinə start verildi. Yalnız bundan sonra ticarət obyektlərində quşçuluq müəssisələrinin yumurtası 19 qəpikdən 15-16 qəpiyə endi, “kənd yumurtası” 23 qəpiyə satılmağa başladı.
Modern.az saytının əməkdaşının iri marketlərdə apardığı müşahidələrə əsasən demək olar ki, dünəndən bir çox məhsullar piştaxtalardan yığılaraq yeni – nisbətən ucuz qiymətlərlə satılmağa başlayıb. Şəhərin ət sallaqxanalarında 8 manat-8 manat 50 qəpiyə təklif edilən dana əti 7 manat – 7 manat 50 qəpiyə, qoyun əti isə 11 manatdan 9 manata endirilib.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyib ki, qiymət tənzimlənməsi inzibati üsulla aparıldığından müəyyən müddətdən sonra yenidən bahalaşacağı istisna edilmir:
“Tənzimlənən qiymətlər siyahısında olmasa da, hökumət əlavə dəyər vergisinin azaldılması ilə un və çörəyin qiymətinin aşağı salınmasına nail oldu. Eyni zamanda elan olundu ki, ölkədə istehsal olunan məhsulların qiyməti qalxmalı deyil”.
A.Mehtiyev deyib ki, uzunmüddətli dövr üçün bunun mənfi təsirləri ola bilər:
“Çünki tənzimləmə sistemi bazara keyfiyyətsiz məhsulların çıxarılmasına səbəb ola bilər. Hətta sahibkarları keyfiyyətli məhsul istehsal etməkdən çəkindirəcək. Bu da əhalinin ziyanına olan amil kimi çıxış edəcək. Bahalaşma inflyasiyanın təsiri ilə ola bilər.
Neftin qiyməti düşməkdə davam edir. Bu gedişlə manatın indiki məzənnəsini də saxlamaq mürəkkəb olacaq. Belə bir şəraitdə devalvasiya ilə yanaşı, inflasiyanın güclənməsi də qaçılmazdır. İnflyasiya getdikcə qiymət bahalaşaması qaçılmaz olacaq. Mən hesab edirəm ki, hökumət süni tənzimləmə üsullarındansa, sahibkarlığı stimullaşdıran, ölkədə yerli istehsalı artıran addımlar atmalıdır ki, bazarda məhsul bolluğunu təmin etmək mümkün olsun. Rəqabət olmayınca, qiymətlərin enməsi müvəqqəti xarakter daşıya bilər”.
İnterpress.az