AŞ insan haqları komissarı bununla əlaqədar Avropa Məhkəməsinə təqdim etdiyi vəsatətdə bildirir ki, Şura tərəfindən ona verilmiş mandata uyğun olaraq üzv ölkələrin öz öhdəliklərinə əməl etmələrinə nəzarət etmək səlahiyyətinə malikdir.
Komissarın müdaxilə məktubunda deyilir ki, Azərbaycanda insan haqları müdafiəçiləri ilə bağlı yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Tənqidi səslərə qarşı, cinayət təqibi də daxil repressiyalar Azərbaycanda geniş yayılmış fenomenə çevrilib.
Vəsatətdə qeyd olunur ki, insan haqları komissarı bu narahatlığını Azərbaycan hakimiyyətinə dəfələrlə bildirib.
Sənəddə deyilir ki, komissarın fikrincə, Xədicə İsmayılovanın işi ümumilikdə Azərbaycanda insan haqlarının ciddi problemlərini əks etdirir və bu problemlər, şəxsən onun və başqa beynəlxalq qurumların hökumətə dəfələrlə müraciətinə baxmayaraq, həllini tapmamış qalır.
“Komissar belə bir nəticəyə gəlib ki, Azərbaycan azadlıqların müdafiəsini tələb edən beynəlxalq öhdəliklərinə əməl etmir”, – sənəddə deyilir.
İnsan haqları komissarının təqdim etdiyi vəsatətdə bildirilir ki, Xədicə İsmayılovanın işi mahiyyət etibarilə Azərbaycanda məhkum edilmiş başqa insan haqları müdafiəçilərinin işindən fərqlənmir.
Komissar Avropa Məhkəməsinə yazır ki, ifadə azadlığına hörmət edilməsi, habelə bu hüquqdan istifadə ilə əlaqədar həbs olunmuş şəxslərin hamısının azad edilməsi zərurətini dəfələrlə Azərbaycan hakimiyyətinin nəzərinə çatdırıb, lakin Azərbaycan hakimiyyəti bu həbslərin məhkum edilənlərin peşə fəaliyyəti ilə əlaqədar olmadığında israr edib.
Komissar 2014-cü ildə hazırladığı hesabatdan əlavə, bir daha bütün həbsxanada olanların azad edilməsinə çağırıb.
Vəsatət sənədində Azərbaycanda insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə qarşı da geniş miqyaslı repressiyaların həyata keçirildiyi bildirilir. Komissar qeyd edir ki, ifadə azadlığının və sözü gedən QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində Azərbaycanda bir sıra qanunvericilik aktlarının qəbul edilməsi ilə vəziyyət daha da mürəkkəbləşib.
Komissar qeyd edir ki, QHT-lər haqqında qanunvericiliyə edilmiş dəyişiklərlə insan haqları fəallarının həbsləri arasında bilavasitə əlaqə mövcuddur.
Xədicə İsmayılovanın işinə gəldikdə isə, komissar bu qənaətdədir ki, ona qarşı AzadlıqRadiosundakı işi ilə bağlı irəli sürülmüş ittihamlar Azərbaycanda başqa insan haqları müdafiəçilərinin işləri ilə tam bənzərdir.
İnsan haqları komissarı xatırladır ki, bir sıra ölkələrdə insan haqları müdafiəçilərinə qarşı qarayaxma kampaniyaları aparılır, onlar dövlət xəyanətində və casusluqda ittiham edilirlər. O, Azərbaycanın da belə ölkələr sırasında olduğunu vurğulayır.
Sənəddə deyilir ki, jurnalist Xədicə İsmayılovanın həbsi və məhkum edilməsinə Azərbaycanda insan haqları fəallarına qarşı 2014-cü ilin yayından bəri intensivləşmiş daha geniş hücumun tərkib hissəsi kimi baxılmalıdır.
Məktubda bu da qeyd olunur ki, komissar Azərbaycanda həbs olunmuş insan haqları müdafiəçilərindən həm də onların Avropa strukturları ilə əməkdaşlığına görə qisas alındığını düşünür.
Sənəddə deyilir ki, iddiaçı, hökumət korrupsiyasını və insan haqları pozuntularını araşdıran görkəmli jurnalistdir və o, Avropa Şurasının uzunmüddətli partnyorlarındandır.
Vəsatətdə qeyd olunur ki, komissar 2015-ci ilin 1 sentyabrında ATƏT-in media azadlığı nümayəndəsi Dunja Mijatovic-lə birgə verdiyi bəyanatda Xədicə İsmayılovanın 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyib.
Bəyanatda bildirilir ki, İsmayılova tənqidi səslərin boğulduğu bir ölkədə bir jurnalist kimi cəsarətli fəaliyyətinin bədəlini ödəyir.
Avropa Şurası insan haqları komissarının vəsatətində deyilir ki, onun özünün Azərbaycandakı partnyorlarının məhbus edilməsi ucbatından hazırda bu ölkə ilə bağlı insan haqları sahəsində işləmək son dərəcə çətinləşib (BBC).
İnterpress.az