Azərbaycanda islahatlar mümkündürmü?backend

Azərbaycanda islahatlar mümkündürmü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABS Enerji İnformasiya Administrasiyasının məlumatına görə, İrana qarşı sanksiyaların genişləndiyi 2012-2014-cü illərdə bu ölkənin neft ixracatı gündəlik olaraq 2.611 milyon bareldən 1.402 barelə enmişdi.
İndi sanksiyalar aradan qalxdıqdan sonra İranın özünün əvvəlki neft ixracı potensialını bərpa etməyə çalışacağı şübhəsizdir. Hələlik İran gündəlik neft ixracını 0.5 milyon barel artırmaq niyyətindədir.
Ancaq aydın məsələdir ki, dünya bazarlarında öz yerini bərpa etmək üçün bu ölkə daha ucuz neft təklif eləməlidir.

Neftin daha da ucuzlaşması nə vəd edir?

Azərbaycan iqtisadiyyatının neftdən asılılığı kritik səviyyədə qiymətləndirilir. Rəsmi statistik məlumatlara görə, 2014-cü ildə ÜDM-in 46 faizi, dövlət büdcəsinin 66 faizi, ixracatın isə 92 faizi neft sektoru hesabına formalaşıb.

Azərbaycanda islahatlar mümkündürmü?

Bu asılılığın nəticəsidir ki, neftin qiymətinin ucuzlaşması ilə bağlı olaraq, keçən il dövlət büdcəsi xərclərinin 15 faizi ixtisar olunub, milli valyuta ABŞ dollarına nisbətdə öz dəyərini yarıbayarı itirib.
Hazırda Mərkəzi Bank manatın məzənnəsini nəzarətdə saxlamaqda çətinlik çəkir, ölkənin banklarında dollar qıtlığı var.
Belə bir məqamda hər kəsi düşündürən manatın bundan sonrakı taleyi və hökumətin büdcə öhdəliklərini necə yerinə yetirə biləcəyidir. Əslində isə, bu məsələlər bir-biri ilə sıx bağlıdır.
Azərbaycan hökuməti 2016-cı ilin dövlət büdcəsini proqnozlaşdırarkən xərcləri 25 faiz ixtisar etməklə yanaşı, neftin bir barelinin qiymətini 50 ABŞ dolları, ABŞ dollarının məzənnəsini isə 1.05 manat götürüb. Göründüyü kimi, yeni il başlayar-başlamaz bu formula alt-üst olub.
Başqa sözlə desək, 2016-cı ildə büdcə öhdəliklərini yerinə yetirmək üçün hər barrel neft büdcəyə 52.5 manat gəlir gətirməlidir.
Lakin dolların hazırkı kursu ilə götürsək, hər barel neft büdcəyə 45.5 manat gətirə bilir. Hesablamalar göstərir ki, neftin hazırkı qiyməti və manatın rəsmi məzənnəsini nəzərə aldıqda, 2016-cı ildə dövlət büdcəsinin gəlirlərində əlavə olaraq 1.03 milyard manat kəsirin yaranması gözlənilir.
Aydın məsələdir ki, neftin dünya bazarındakı bundan sonrakı mümkün ucuzlaşması bu uçurumu daha da dərinləşdirəcək.
Hazırkı durumda büdcə gəlirlərini təmin etmək üçün Azərbaycan hökumətinin qarşısında üç mümkün seçim var: büdcə xərclərini ixtisar etmək, Neft Fondunun rezervləri hesabına kəsiri təmin etmək və təkrar devalvasiyaya getmək.

Azərbaycanda islahatlar mümkündürmü?

Əslində 2015-ci ildə hökumət hər üç yoldan bəhrələnib, bu il də həmin siyasətin davam edəcəyi mümkündür. Ancaq çətinlik ondadıdır ki, keçən ildən bəri çox şey dəyişib. Manatın öz dəyərini yarıbayarı itirməsi istehlak qiymətlərinin bahalaşmasına, büdcə xərclərinin azalması isə tikinti layihələrinin azalmasına və işsizliyin artmasına səbəb olub.
Bütün bunlar isə ölkədə social gərginliyin artmasını vəd edir. Son bir həftə ərzində ölkənin bir sıra regionlarında baş vermis kortəbii etiraz aksiyaları buna sübutdur.

Böhran

Azərbaycanda hazırda mövcud olan böhran yalnız maliyyə problemləri ilə məhdudlaşmır. Elə maliyyə böhranına münasibət də göstərir ki, ölkədə dərin institusional böhran da mövcuddur. Bu böhran qərarların qəbul edilməsindən, dövlət şirkətlərinin idarəedilməsinədək bütövlükdə dövlət sektorunu əhatə edir.
Maraqlıdır ki, hökumət keçən ilin payızında islahat kimi təqdim etdiyi iki qərarını yanvar ayında ləğv edib. Bunlardan biri siqaret və alkoqollu içkilərin bank kartları ilə satılması, o birisi isə fiziki şəxslərə ölkəyə rüsumsuz 10 min dollarlıq mal gətirməsi ilə bağlıdır.
2016-cı il başlayar-başlamaq Mərkəzi Bank da banklara manatın məzənnəsini müstəqil şəkildə müyyən etməsinə imkan verən qərar qəbul etdi. Ancaq bir neçə gün sonra bu ləğv edildi və yeni qərara əsasən bankların valyutalar üzrə alış-satış qiymətləri Mərkəzi Bankın müəyyən etdiyi məzənnələrdən 4%-dən artıq fərqlənə bilməz.
Yanvarın 18-də keçirilən müşavirədə prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi yolu ilə iqtisadiyyata investisiyaların cəlb edilməsi və Neft Fondunun vəsaitlərinin hansısa formada istifadə etməklə manatın sabitliyinin təmin edilməsini vurğuladı. Yaxşı səslənən ideyalardır.

Azərbaycanda islahatlar mümkündürmü?

Ancaq bunların necə həyata keçiriləcəcyi barədə təsəvvür yoxdur. Beynəlxalq hesabatlarda korrupsiyadan əziyyət çəkən və hüququn aliliyində problemlər yaşayan ölkə kimi dəyərləndirilən Azərbaycanın qeyri-neft sektoruna böyük xarici investisiyaların cəlb edilməsinin mümkünlüyü sual altındadır. Neft Fondunun vəsaitləri isə ölkənin son ümidləridir. Daha öncə fondda qalan vəsaitlərin gələcək nəsillər üçün nəzərdə tutulduğu bildirilirdi.
Hökumətin islahatlara yanaşmasında daha bir çətinlik, ümumiyyətlə, bazar iqtisadiyyatına və onun tələblərinə münasibətdir. Daha aydın desək, prezident İlham Əliyevin göstərişindən sonra qiymətləri dövlət tərəfindən tənzimləməyən malların qiymətinə inzibati yollarla nəzarət etməyə cəhdlər, hətta buna görə cinayət işlərinin açılması və həbslər bu mənfi münasibəti ortaya qoyur.
Mərkəzi Bankın da valyuta bazarına yanaşması oxşardır. Yanvarın 7-dən etibarən banklarda və valyutadəyişmə məntəqələrində 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmaması qərara alınıb.
İlk baxışdan burada problemli bir şey yoxdur. Ancaq yeni qaydalarda o qədər detallı qeydiyyatın aparılması nəzərdə tutulub ki, bu bir tərəfdən vaxt tələb edir, o biri tərəfdən isə vətəndaşları sonradan hansısa problemlə üzləşəcəkləri ilə bağlı narahat edir.
Yanvarın 11-dən isə Mərkəzi Bankın qeyri-rəsmi göstərişinə əsasən, banklar öz valyutadəyişmə məntəqələrini bağlamağa başladı. Bütün bunlar sonra bankların qarşısında dollar üçün növbələrin yaranmasına səbəb oldu.
Bütün bunlar göstərir ki, dövlət qurumları iqtisadi böhrana adekvat effektiv qərarlar qəbul etmək imkanından məhrumdur. Heç də təsadüfi deyil ki, Dünya Bankı 2014-cü ildə Azərbaycanda idarəetmənin effetkivliyini 100 mümkün baldan 42.3 balla qiymətləndirmişdi.
Ayrı-ayrı məmurlar və Milli Məclis üzvləri vəziyyətin kritik olduğunu ifadə edən çıxış etsələr də hökumətin davranışlarında dəyişiklik hiss edilmir.
Eyni zamanda hökumətin yaranmış social-iqtisadi böranla bağlı Beynəlxalq Valyuta Fondu və başqa maliyyə institutları ilə hər hansı müzakirələr aparması barədə də məlumat yoxdur.(bbc)

İnterpress.az