Ölkədə birinci devalvasiyadan sonra müxtəlif sahələrdə ixtisarların anonsu səslənsə də, ikinci devalvasiyadan sonra yeni iş yerləri barədə elanlar verilir. Müxtəlif təşkilat və qurumlar bir-birinin ardınca vakansiyalar elan edir, iş yerləri barədə təkliflər verirlər. Aradan keçən iki ay müddətində açılan iş yerlərinin sayı isə açıqlanmır. Ekspertlər bunu blef, yaxud əhalinin qəzəbini yatırmaq üçün verilən yalan məlumat hesab edirlər.
İnterpress.az xəbər verir ki, ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, hökumətin iş yerləri barədə elanları reklam aksiyasından uzağa getməyib: “Çünki ciddi şəkildə iş yerlərinin açılması barədə heç bir məlumat yoxdur. Bundan başqa, bəzi şirkətlər və yaxud da dövlət idarələri maaş fondunu bölərək, yəni maaşları bir az azaldaraq bir- iki əlavə ştat yaradıb. Yəni mərkəzləşdirilmiş şəkildə gəlmiş əmrə tabe olaraq müəyyən iş yerləri yaratmaq cəhdləri oldu. Bunun dayanıqlığı, iqtisadi əsası olmadığı üçün inzibati yollarla iş yerlərinin yaradılması heç bir effekt verməməli idi. Vermir də. Çünki bunun bir iqtisadi əsası, əsaslandırması olmalıdır. Ən azından, yeni layihələr olmalıdır. Amma dövlət büdcəsinə edilmiş yeni dəyişikliklərdən sonra ola bilsin, bu barədə müəyyən işlər getsin. Çünki yeni layihəyə görə 2 milyarda yaxın xərcləmələr nəzərdə tutulur. Burada yenə də dayanıqsız və müvəqqəti iş yerlərinin açılmasına üstünlük veriləcək. Əsasən də təmir-tikinti sahəsində aparılan işlər olacaq. Bu da problemin həlli, çözümü deyil. Çözüm dayanıqlı və iqtisadi əsasları olan, istehsalla məşğul olan iş yerlərinin yaradılmasıdır ki, bu zaman həmin iş yerləri daha dayanıqlı olur və uzunmüddətli olur. İndiki halda isə iş yerlərinin dayanıqsız olması və müvəqqəti xarakter alması bir müddət sonra həmin problemi yenidən gündəmə gətirəcək. Ona görə də verilən anonslar reklam xarakterli, blef xarakterli bir aksiyalar idi. Çünki SOCAR da elan etmişdi ki, az qala 9 min iş yeri yaradılacaq. Hələ bununla bağlı heç bir açıqlama yoxdur. Ciddi irəliləyiş yoxdur. Şirkətlər də elan etmişdilər. Ancaq bir yerə yüzlərlə insan müraciət edirsə, yaxud əmək yarmarkaları keçirilən zaman minlərlə insan oraya axın edirsə, deməli, işsizlik problemi hələ ən aktual problem olaraq qalır”.
Ekspert Qadir İbrahimli isə qeyd edib ki, sözügedən elanlarda olan iş yerləri imitasiya xarakterlidir: “Çünki hökumət dövlət müəssisələrində ixtisarların qarşısını almaq istəyirdi. Çalışırdı ki, sosial mühit daha da gərginləşməsin. Ancaq tutaq ki, SOCAR-da Əmək Nazirliyi ilə müqavilə əsasında həmin iş yerləri elan edilib. Tapşırılıb ki, əhali az gəlirli, az maaşlı işlə müvəqqəti olaraq təmin edilsin. İş yerlərinə qəbul edilən insanlarla xidməti müqavilə bağlanıb. Bir ildən sonra onlar yenidən işsizlər ordusuna qayıdacaqlar. Yəni bu, hökumətin müəyyən imitasiya xarakterli addımı idi. Göstərmək istəyirdi ki, işsizlik probleminin həllində maraqlıdır. Ancaq bu ciddi bir iş deyildi. Bu iş yerlərində gəlirlər də çox nominaldır, insanın dolanışığına kifayət edən şərtlər deyil. Hökumət ixtisarların qarşısını ala bilmirdi, vəziyyət ciddiləşdiyindən bu addımı atdı. Düşünürəm ki, ixtisarlar davam edəcək. Azı bu ilin sonuna qədər prosesi müşahidə edə biləcəyik”.
Qeyd edək ki, ekspertlər iş yerlərinin yaradılması üçün heç bir iqtisadi əsas olmadığını vurğulayırlar. Bildirilir ki, əslində iqtisadi böhran kəskin həddədir, iş yerləri kütləvi şəkildə qapadılır, dövlət qurumları ciddi ixtisarlara gedir. Yeni iş yerləri anonsu isə ölkədəki ajiotajı aradan qaldırmaq üçündür.
İnterpress.az