“Bu günlərdə Ermənistan parlamenti Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Ötən ilin yanvarında yaradılan və bir il ərzində iştirakçılarının sayı 138-dən 209 nəfərə çatdırılan missiyanın hədəfi məlumdur ki, Azərbaycana qarşı yönəlib. Çünki baş verənlər hamısı Azərbaycanın sərhədlərində həyata keçirilir”.
Bu sözləri İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, görünür Qərb Ermənistan vasitəsilə başda Azərbaycan olmaqla region ölkələrinə meydan oxumağa başlayır: “Təbiidir ki, Azərbaycan öz daxili qanunları və beynəlxalq konvensiyalar çərçivəsində hüquqi şəkildə öz ərazi bütövlüyünü bərpa etdikdən sonra indi də onu qorumaqla və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması ilə məşğuldur. Amma bunun fonunda Ermənistanın regionda sabitliyi pozmaq istəyənlərə qucaq açması bu ölkənin sülh istəməməsi anlamına gəlir”.
“Təbii ki, Ermənistanın bu ənənəvi siyasəti təkcə regionda sülh istəməməsi anlamı ilə bitmir. Ermənistan bu addımı ilə həm də Rusiya və İran kimi güc dövlətlərinə qarşı təhdid rolunda çıxış edir. Ermənistan ənənəvi olaraq bu layihədə də alət, vasitəçi və kamikadze kimi istifadə olunur. Amma dünyada baş verən siyasi intriqalar fonunda baş verənlərin Azərbaycana, İrana, Rusiyaya qarşı yönəlməsi heç kəsə sirr deyil”, – o əlavə edib.
Siyahi şərhçi söyləyib ki, Qərb Fələstin-İsrail münaqişəsinin fonunda hədəf aldığı İranın, Ukraynada gedən proseslər fonunda hədəf aldığı Rusiyanın bir addımlığına qədər irəliləyir: “Bu isə regionda sabitliyin, təhlükəsizliyin 100 faiz aradan qaldırılması deməkdir. Dünyada guya sülh arzulayan Qərbin bu siyasi fəaliyyətinin arxasında Cənubi Qafqazı qanlı gölə çevirmək niyyəti durur. Burada Azərbaycan hədəf alınsa da, Rusiya və İranın da təhlükəsizliyi sual altındadır. Qonşu ölkələr anlayır ki, Ermənistan tarixən bu cür xəyanətkar hiyləgərliyi ilə fərqlənən yeganə ölkədir. Ermənistan o qədər iyrənc siyasət yürüdən ölkədir ki, vaxtilə onu himayə edən, silah-sursatlarla təchiz edən, onu ayaqda saxlayan Rusiya və İrana qarşı indi öz çirkin missiyasını tətbiq etməyə başlayır. Ermənistanın bu addımı isə heç də təsadüfi deyil: görünən odur ki, terror ölkəsi kimi tanınan Ermənistan İranın və Rusiyanın başının öz problemlərinə qarışdığı bir dövrdə belə bir layihəyə qucaq açması məkrli niyyətindən xəbər verir. Mənə elə gəlir ki, Rusiyanın və İranın Ermənistana cavabı ağır olmalıdır”.