Sabiq millət vəkillərinin müəmmalı avtoqəzada həlak olmalarından 25 il keçirbackend

Sabiq millət vəkillərinin müəmmalı avtoqəzada həlak olmalarından 25 il keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1991-ci ilin aprel ayının 19-da keçmiş Ali Sovetdəki Demokratik Blokun üzvləri, Azərbaycanın istiqlalçı millət vəkilləri D. Əliyeva və A. Məmmədov Qax rayonu ərazisində müəmmalı şəkildə avtomobil qəzasına uğrayaraq həlak olublar.

Bu gün onların vəfatından 25 il ötür.

Qeyd edək ki, D. Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub. Tbilisidəki Azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilib. Burada \”Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası\” mövzusunda namizədlik dissertasiyasını işləyib, 1954-cü ildə müdafiə edib.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olub, eyni zamanda bölmə müdiri kimi çalışıb. \”Nizami və gürcü ədəbiyyatı\” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq hərəkatının fəal iştirakçısı olub, AXC İdarə Heyətinin üzvü seçilib.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub.

Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını daşıyır.

A. Məmmədov isə 1944-cü ildə Şəkidə anadan olub.

Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr edib. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan A.Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər \”Sovetskaya turkologiya\” jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdü.

Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanıb.

Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.

Güclü məntiqə malik, alovlu natiq Aydın bəy on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü.

Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olub.

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilib.(gun.az)

Allah rəhmət etsin!

İnterpress.az