Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP 29) keçirilməsi təcrübə mübadiləsinin genişləndirilməsi və yeni hədəflərin müəyyən edilməsi baxımından əlverişli platformadır.
İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Saatlı rayonunda “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, iqlim dəyişmələri qlobal miqyasda əsas çağırışlardan biridir və bu sahədəki problemlərin həlli beynəlxalq əməkdaşlıq və birgə fəaliyyətdən asılıdır.
ADSEA “Azərsu” ASC-nin Ekologiya şöbəsinin rəisi Elmir Məmmədli iqlim dəyişmələrinin su sektoruna təsirləri və onlara uyğunlaşma qabiliyyətinin artırılması tədbirlərinin əhəmiyyəti barədə məlumat verib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azaldığı dövrdə əkin sahələrinin suvarma və əhalinin içməli su təchizatının yaxşılaşdırılmasının prioritet vəzifə olduğunu diqqətə çatdırıb, bu sahədə Saatlı rayonunda görülən işlər və həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin rəis müavini əvəzi Gülnarə Abbasova “İqlim dəyişmələri üzrə dövlət strategiyası”, BMT-nin İnkişaf Proqramının ətraf mühit portfelinin layihə meneceri Zaur Əliyev “İqlim dəyişmələrinə uyğunlaşma ilə əlaqədar Azərbaycan Respublikasında həyata keçirilən işlər”, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Samirə Qurbanlı “Müasir suvarma sistemlərinin kənd təsərrüfatında tətbiqi”, ADA Universitetinin Hüquq fakultəsinin müəllimi Sadiqə Mehdiyeva “İqlim dəyişikliyi və ətraf mühit hüququ”, Xəzər Universitetinin professoru və BMT-nin İnkşaf Proqramının eksperti Rövşən Abbasov “İqlim dəyişmələrinin regional təsiri” mövzusunda çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bu gün Saatlı rayonunda ADSEA, Ekologiya Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycanın Milli Uyğunlaşdırma Planının İşçi qrupunun mütəxəssisləri, Özbəkistanın dövlət nümayəndələri, BMT-nin İnkişaf Proqramının Özbəkistan nümayəndəliyinin üzvləri də iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Hacıqabul gölünə baxış keçirib. Xəzər Universitetinin professoru Rövşən Abbasov və BMT-nin İnkişaf Proqramının eksperti Sevinc Saruxanova gölün hidroloji və ekoloji vəziyyəti barədə məlumat veriblər. Saatlı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları mövzularında təqdimatlar keçirilib.
Tədbirin davamı olaraq Saatlı rayonunda “MKT İK İnnovasiya Mərkəzində” 2008 hektar pivot suvarma sisteminə baxış keçirilib və qonaqlara layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, çiləmə suvarma sisteminə əsaslanan Pivot layihə ənənəvi suvarma ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu sistem su sərfiyyatının 2 dəfə azalmasını, qrunt su səviyyəsinin normada saxlanmasını, əkin sahələrində göllənmə yaranmamasını və bitkilərin eyni miqdarda su ilə təmin olunmasını təmin edir. Pivot sistemlərin yaradılması suya həssas sektorlarda iqlim dəyişmələrinə uyğunlaşma vasitəsi kimi ən geniş yayılmış üsuldur.