Ermənistanda aksiyalar, etirazlar baş verirsə, heç şübhəsiz ki, burada pərdəarxası idarəedici qüvvələr mövcuddur. Aydın məsələdir ki, bu gün Ermənistanda Rusiyanın “5-ci kalon” adlandırılmış qüvvələri var. Hansı ki, bu qüvvələr sosial mediada, sosial şəbəkələrdə, ordu daxilində, təhsil sektorunda və digər yerlərdə mövcuddur. Amma əvvəlki illərə baxanda, bir o qədər güclü deyillər. Yəni, hətta mövcud aksiyaların Kremlin sifarişi ilə baş verdiyini demək olar.
Bu fikirləri 4 kəndin qaytarılması və delimitasiya prosesləri fonunda hazırda Ermənistanda baş verən prosesləri, etiraz aksiyalarını dəyərləndirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında səsləndirib.
“Baş verənləri Paşinyan hakimiyyətinə qarşı bir təzyiq kimi də qiymətləndirmək olar. Amma hazırkı proseslər 30 ildir Ermənistanda davam edən, 30 ildir hakim olan ideologiyanın dəyişməsi ilə bağlıdır. Yəni, diqqət etsəniz, etirazlar daha çox Tavuşda və belə şəhər ətrafı ərazilərdədir. Burada yaşayanlar da intellektual və savad vaxımından daha aşağı səviyyədədirlər. Onlar 30 il əvvəlin “Böyük Ermənistan” xülyası ilə yaşayan insanlardır. Bu aksiyaları haradasa bu baxımdan qiymətləndirmək lazımdır.
Digər tərəfdən bir məqam da var ki, bəli, Qarabağ itirəndə, yəni Azərbaycan torpaqlarımızı işğaldan azad edəndə ermənilər o qədər reaksiya vermədilər. Çünki onlar anlayırdılar ki, Qarabağı geri alacağıq, yaxşı bilirdilər ki, bu ərazi onların deyil, Azərbaycana məxsus ərazilərdir.
Bunun ən real sübutu hələ də təmizləməyə çalışdığımız minalanmış ərazilər, dağıdılmış şəhərlər və xüsusilə, 30 il ərzində bir mismar belə vurub təmir etmədikləri bu ərazilərimizdir. Yəni onlar ancaq buranı istismar etdilər, dağıtdılar, torpaq onların olsaydı, burada qalardılar”, – Turan Rzayev bildirib.
Politoloq hesab edir ki, baş verənləri Nikol Paşinyan xalqına nisbətən daha yaxşı anlayır və ağıllı addımlar atmağa çalışır.
“İndi ermənilər düşünürlər ki, onlara görə qaytarılan kəndlər Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləridir, yəni torpaqların verilməsi kimi qiymətləndirirlər. Amma bu da doğru deyil.
Məsələn, Qazaxın 4 kəndi bizə qaytarıldı. Bu kəndlər 1-ci Qarabağ müharibəsi dövründə işgal olunmuş ərazilərdir. Beynəlxalq hüquqla Azərbaycan əraziləridir.
İndiki məqamda Ermənistan hakimiyyəti ilə xalqın bilgisi arasında bu məsələdə fikir ayrılıqları var. Amma Ermənistan baş naziri Nikol Paşinyan da başa düşür ki, bu əraziləri qaytarmasa, Azərbaycan Ermənistana qarşı daha fərqli təzyiq vasitələrini əl ata bilər.
Unutmamaq lazımdır ki, müxtəlif dövrlərə aid xəritələr var və bu xəritələrin icrası fonunda Ermənistan yeni ərazi itkilərinə məruz qala bilər. Yəni prosesin 1991-ci il Alma -Ata bəyannaməsi əsasında tənzimlənməsi, əslində, Ermənistan üçün məqbul olmalıdır və bunu qəbul etməlidirlər”, – politoloq bildirib.
Xuraman Etibarlı
İnterpress.az