Azərbaycanda nikahların sayı azalıb. Bu ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Bəs nikahların sayının bu qədər azalmasına səbəb nədir? Gənclərin evlənməyə, ailə qurmağa marağ azalıb, yoxsa sosial vəziyyət buna yol vermir?
Mövzu ilıə bağlı suallarımızı görkəmli şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu İnterpress.az-a açıqlamasında cavablandıraraq maraqlı məqamlara toxunub.
“Yaranmış vəziyyət arzuolunmaz haldır. İndi evlənənlərin sayının azalmasının əsas səbəbini bəziləri iqtisadi amillərdə axtarır. Bu doğru deyil.
Burada bir çox səbəb var. İqtisadi amillər də onların biridir.
Dəfələrlə təkrar etdiyim kimi, insanların davranışının formalaşmasında 4 mühüm amil əsas rol oynayır:
1) insanların öz şəxsi keyfiyyətləri – bioloji, pixologi tipi və s.
2) yaşadığı mühit;
3) aldığı informasiyaların intensivliyi və tipi;
4) üstünlük verdiyi dəyərlər.
İqtisadi amillər də bu amillərin formalaşmasında müxtəliv zamanlarda, məkanlarda müxtəlif rol oynayır.
Təəsüf ki, indki vaxtda bu 4 amilin hər birində problemlər var.
Səhlənkarlıq, geyimlərin, qidaların, müalicələrin və s. düzgün seçilməməsi, müxtəlif tipli sərgüzəştlər gənclərin sağlamlığına müəyyən zərərlər vurur.
Ailə institutu öz əvvəlki qüdrətini, vacibliyini itirib, boşanma bir dəb halına düşüb.
Sosial şəbəkələr, mühit gənclərin ailə haqda təsəvvürlərinə bir sıra hallarda mənfi təsir göstərir. Gənclərimiz üçün ailəni vacib edən dəyərlərə münasibət dəyişib.
Hər bir ölkədə bu amillərin təsir dərəcəsi dərindən öyrənilməli, onları nəzərə alaraq Fəaliyyət Proqramları yaradılmalıdır”, – həmsöhbətimiz bildirib.
O qeyd edib ki, bu sahədə çox iş görmək, gənclərlə maarifləndirmə işləri aparmaq üçün kurslar, mərkəzlər yaradılmalıdır.
“Təəsüf ki, bizim ölkəmizdə bu sahəyə məsul olanlar sanki nə etməli olduqlarını, öz məsuliyyətlərinin nədən ibarət olduğunu bilmirlər.
Hətta bu vəzifələr barədə onlara danışdıqda, nəyi necə etməli olduqlarını, elmi metodlardan necə istifadə etməli olduqlarını da bilmirlər.
Görünür bu sahədə əhatəli Təkmilləşmə kursları təşkil etmək lazımdır. Ölkəmizdə Sosial müdafiə sistemlərində də xeyli dəyişiklik edilməlidir.
Humanitar problemləri dərindən təhlil edib çıxış yolları axtaran ciddi elmi mərkəzlərimiz olmalıdır. Hökumət orqanları öz fəaliyyətlərini həmin Mərkəzlərin tövsiyyələrini nəzərə alaraq qurmalıdır”, – sosioloq fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az