Qarabağa görə referendum iddiasına hakim partiyadan sərt reaksiyabackend

Qarabağa görə referendum iddiasına hakim partiyadan sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan gündəminin ən önəmli mövzusu və ölkənin əsas problemi olan Qarabağla bağlı növbəti məlumatlar yayılıb. Belə ki, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu, hətta bununla bağlı müəyyən anlaşma əldə edildiyini bildirib.

Xatırladaq ki, yay aylarında da Qarabağ məsələsinin mərhələli yolla, 5+2 formulu ilə həll olunacağına dair ümidverici bəyanatlar verilirdi. Lakin sonradan Rusiya danışıqlarla bağlı intensivliyi azaltdı və Ermənistanın günahı ucbatından bölgədə hərbi ritorika önə keçdi. Lakin Ankara-Moskva anlaşmasının ardınca bu məsələnin yenidən gündəmə gəlməsi suallar doğurur.

Belə yanaşmalar da var ki, Azərbaycanda Qarabağa görə referendum keçiriləcək. Ölkə prezidentinin bağlı qapılarda Azərbaycana təzyiqlərin olduğu barədə bəyanatından sonra belə yanaşmalar səslənir ki, referendumda Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına “yox” cavabının verilməsi həm də danışıqlarda prezidentin mövqelərini gücləndirə bilər.

Bu arada Milli Məclisin deputatı Vahid Əhmədov yaradılacaq vitse-prezidentlik institutu ilə bağlı öz fikirlərini səsləndirib. “Belə hesab edirəm ki, vitse-prezidentlərdən biri Qarabağla məşğul olmalıdır. Bu, beynəlxalq aləmdə Azərbaycan üçün çox əhəmiyyətlidir. Digər tərəfdən, vitse-prezidentlik statusunun dövlət başçısı ölkədə olmadıqda onu əvəz etməsi həm də maraqlı məsələdir”.

Bütün bu məsələlərlə bağlı ekspertlərin fərqli yanaşmaları var. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, vitse-prezidentlərlə bağlı səlahiyyətlər hamısı prezidentə aiddir: “Prezident müəyyən edir ki, kimləri vitse-prezident təyin edir və hansı sahələri onlara həvalə edir. Dövlət başçısı kimləri məsləhət biləcəksə, onları da vitse-prezident təyin edəcək”. YAP funksioneri yaxın zamanlarda Qarabağla bağlı referendumun keçiriləcəyi barədə xəbərləri də təkzib etdi: “Referendum yenicə qurtarıb, nəticələr təsdiq olunub, prezident referendumdan irəli gələn qanunların hazırlanıb təqdim olunması üçün sərəncam imzalayıb. Bununla da iş yekunlaşıb. Əgər Qarabağla əlaqədar hər hansı referendumun keçirilməsi tələb olunurdusa, elə 26 sentyabr referendumuna salınardı. Yaxud əgər gələcəkdə tələb olunacaqsa, bu, ayrıca olaraq təqdim olunacaq”.

S.Novruzov Qarabağ məsələsi ilə əlaqədar müzakirələrin davam etdiyini vurğuladı: “Bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müzakirələri aparılır. Referendum məsələsi qarşı tərəfin istək və arzusudur. Guya Dağlıq Qarabağda yaşayan ermənilər referendum keçirməlidir və özlərinin müqəddəratını müəyyənləşdirməlidir. Biz bunun əleyhinə çıxış edirik və mövqeyimiz budur ki, Dağlıq Qarabağ bizim ərazimizdir və ancaq Azərbaycan tərəfi referendum keçirə bilər. Ermənilərin referendum keçirmək hüququ yoxdur, beynəlxalq hüquq baxımından bu, qeyri-mümkün məsələdir. O baxımdan da bunu gündəmə atanlar erməni dəyirmanına su tökən adamlardır”.

S.Novruzov “5+2\” formulu ilə əlaqədar bildirdi ki, bu, yeni məsələ deyil: ”Ümummilli liderin dövründən başlamış, bu günə qədər masa üzərində əsasən iki variant var: paket həll, mərhələli həll. Mərhələli həll prinsipi də 5+2 formatıdır. 23 ildir bu format mövcuddur. Yəni əvvəl 5 rayon azad edilir, daha sonra 2-si, yekunda da Dağlıq Qarabağın statusu razılaşdırılır. Ancaq bununla əlaqədar hələ ki razılaşma yoxdur\”.

Konfliktoloq Elxan Mehdiyev bildirdi ki, Çavuşoğlunun dediklərində heç bir yenilik yoxdur: “Hamimiz bilirik ki, rayonların qaytarılması erməni tərəfinin tələblərinin yerinə yetirilməsindən asılı hala düşüb. Bu baxımdan, əvvəllər 6 rayon və Laçının 13 kəndi deyilirdisə, indi 5 rayona düşüb. Çavuşoğlunun bu məsələlərin detallarından, incəliklərindən xəbəri yoxdur. Ona görə də onun bu cür çıxışlar etməsi arzuolunan deyil. Yadınızdadırsa, Ərdoğan da ”heç olmasa ermənilər iki rayondan çıxsın, qapıları açaq\” deyirdi. Bu baxımdan, belə çıxışlar ermənilərə Azərbaycan tərəfinin necə zəif və yalvarıcı durumda olduğunu göstərir və vahid mövqenin olmadığını nümayiş etdirir. Çünki Azərbaycan prezidenti ermənilərin bütün rayonlardan çıxmasını tələb edir\”.

“Hesab etmirəm ki, verilən məlumatlar ciddi mənbəyə söykənir və məsələ bu yolla həllini tapa bilər”. Ümid Partiyasının sədri İqbal Ağazadə Türkiyə XİN başçısının Qarabağla bağlı bəyanatını şərh edərkən söylədi. Onun fikrincə, bu, mümkün deyil: “Rusiyanın regionla bağlı tamam fərqli planları var və o planların içərisində Azərbaycan torpaqlarının hər hansı hissəsinin bugünkü mərhələdə geri qayıtması imkanları sıfra bərabərdir. ”5+2\” formatı boş şeydir. Mən onu ciddi və gerçəkləşə biləcək plan hesab etmirəm\”.

İ.Ağazadə Qarabağa görə referendumun keçirilməsini də real saymır: “Azərbaycan torpaqlarının geri qaytarılması niyə referendumla həll olunmalıdır ki? Bu, nə qədər məntiqə uyğundur? Torpaq işğal olunub, geri qaytarılmalıdır! Dağlıq Qarabağa statusun verilməsi məsələsi də referenduma çıxarıla bilməz, çünki Azərbaycan Konstitusiyası bunu rədd edir”. Ümid sədri Qarabağla bağlı vitse-prezidentin olmasını normal saydı: “Elə bil ki, məsələ ilə xarici işlər naziri məşğul olmur, vitse-prezident məşğul olur. Ona görə də bu cür vəzifə bölgüsü mümkündür”.

“Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi, Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə, onda niyə bu məsələnin həllini yubanır və Kreml rəsmi İrəvana təzyiq etmir?

Məncə, vəziyyət heç də Türkiyə xarici işlər nazirinin dediyi kimi deyil”. Politoloq Elxan Şahinoğlu belə deyib. Ekspertin fikrincə, ola bilər ki, rusiyalı diplomatlar 5 rayonun azad olunması məsələsi ilə bağlı Mövlud Çavuşoğlu ilə hansısa fikir mübadiləsi aparıblar, ancaq problem ondadır ki, bu baş vermir: \”Əksinə, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dedi ki, böyük dövlətlər Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması məqsədilə rəsmi Bakıya təzyiq edirlər. Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir. Mövlud Çavuşoğlu son açıqlaması ilə hamını çaş-baş salıb. Azərbaycan cəmiyyətinə gerçək olmayan ümid vermək lazım deyil. Növbəti 5 ay da “Rusiya 5 rayonu azad edəcək” ümidi ilə yaşamalıyıq?\”

İnterpress.az