Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Mübariz Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar.
İnterpress.az xəbər verir ki, Din xadimlərinin maaş alması ilə bağlı ilahiyyatçı Elşad Miri \”Ölkə.Az\”-a açıqlama verib:
\”Bu məsələyə iki cür yanaşma olmalıdır. Birincisi dövlət, ikincisi isə ilahiyyat prizmasından. Din xadimlərinə maaşın verilməsi çox məntiqli, yerində, hətta gecikmiş bir addımdır. Dünyanın bir çox ölkələrində din xadimlərinə maaşların verilməsi faktı var. Səudiyyə Ərəbistanında din xadimlərinə maaşlar verilir. Türkiyədə din xadimləri məmur statusundadır. Hərbi çevrilişlə hakimiyyətə gələn Kənan Evrənin vaxtında Türkiyədə din adamlarına dövlət qulluqçusu statusu verildi və bu günə qədər onlara maaş verilir. İsraildə din xadimləri heç bir yerdə işləmədən dini xidmət göstərdikləri üçün yüksək maaş alırlar. Xristian ölkələrində də bu kimi nümunələr var.
Azərbaycana gəldikdə isə dövlət maaş verməklə din məsələsinə yaxşı mənada nəzarəti gücləndirir. Bundan əlavə Dini Qurumlarla İş üzrə Dövlət Komitə yas məsələləri ilə bağlı bəzi məsələləri həll etməyə çalışır. Dini Qurumlarla İş üzrə Dövlət Komitə bir neçə dəfə yas mərasimlərində israfçılıqdan əl çəkilməsi üçün məsələlər gündəmə gətirsə də, həmin vaxt bəzi qüvvələr və şəxslər buna etiraz etdilər və bu məsələ öz aktuallığını itirdi. Din xadimlərinə maaş verilməsi ilə onların məclislərdən asılı olması aradan qaldırılır. Sabah din xadimləri deyə bilər ki, biz dövlətdən maaş alırıq, ona görə də məclisləri apardığımız üçün bizə nəsə verilməsinə ehtiyac yoxdur\”.
Elşad Miri ilahiyyatçı olaraq isə məsələyə tam fərqli yanaşıb:
\”Bu məsələnin həmişə əlehinəyəm. Çünki dinlə bağlı peşə ola bilməz. Bu gün kiminsə məscidə gedib, imamlıq edib, kimlərəsə namaz qıldırırsa, bu o şəxsin peşəsi deyil. İlahiyyatçı olaraq gedib yas mərasimi aparıb, kiminsə ölüsünə \”Quran\” oxuyub pul almıram. Bilirəm ki, bunlar doğru olmayan yanaşmalardır. Din adamları dövlətdən məvacib aldıqları üçün hər hansı dini məsələdə dövlətin dediyi ilə razı olmasalar belə, ona qarşı çıxa bilməyəcəklər.
Dində din xadimi, din adamı anlayışı yoxdur. Bunlar sonradan ortaya atılmış və peşə halına gətirilmiş məsələlərdir. Ona görə də, ilahiyyatçı olaraq din xadimlərinə maaşın verilməsi ilə razı olmasam da, dövlətçilik baxımından hətta bu məsələnin gecimiş olduğunu hesab edirəm\”.
İnterpress.az