Azərbaycan Dil Qurumu “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsi ilə bağlı müzakirə təşkil edibbackend

Azərbaycan Dil Qurumu “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsi ilə bağlı müzakirə təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, toplantını ADQ rəhbəri, xalq şairi Sabir Rüstəmxanlı açaraq “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsinə münasibət bildirib: “AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin Orfoqrafiya qaydaları layihəsinin ictimai müzakirəyə verilməsi lüğətçilik tarixində yeni hadisədir. Mən bu hadisəni müsbət dəyərləndirirəm. Düzdür, layihədəki qaydaların içərisində mübahisə doğuranlar var, amma qaydaların əksəriyyəti mübahisə doğurmur. Layihə ətrafında gedən mübahisələr, fikir ayrılıqları müstəqillik dövründə ana dilinin yüksələn rəsmi və beynəlxalq statusunun, Konstitusiya ilə təsbit edilmiş hüquqlarının qorunması zərurəti ilə bağlıdır. Azərbaycan dünya dövlətləri arasında yerini möhkəmləndirdikcə ana dilimiz də əlaqələrini genişləndirir, yeni siyasi, ictimai, ədəbi-mədəni vəzifələri yerinə yetirməli olur\”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İnstitutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Göytürk “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsindəki qaydaların sayının artırıla biləcəyini istisna etməyib: “Orfoqrafiya lüğətinin layihəsi ictimaiyyətə təqdim ediləndən sonra geniş müzakirələrə səbəb olub: \”İşçi qrupunun üzvləri təklif verənlərin mövqeyindən asılı olmayaraq bütün təkliflərə obyektiv yanaşırlar. Bütün təkliflər pasportlaşdırılacaq. Təkliflərin içində çox dəyərliləri var. Onların üzərində işlənilir, ola bilsin ki, layihədəki təkliflərin sayı artsın. Həmin təkliflər seçilərək müzakirələrə təqdim olunacaq. Bəlkə də qaydaların sayı 80-ə qaldırıldı. İşçi Qrupu layihə üzərində çox ciddi işləyir. Bütün yazılara ayrı-ayrı baxılır. Orfoqrafiya yalnız bir şəkilçi, bir işarədən ibarət deyil, çox ciddi məsələdir. Orfoqrafiya dilin yox, dilçiliyin problemidir. Dilin müzakirəsi ilə qaydaların müzakirəsi fərqlidir. Bu səbəbdən də mütəxəssis rəyinə ehtiyac var. Bizim üçün dil məsələsi hər şeydən vacibdir\”.

Filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsində əks olunan qaydaların 90 faizi çox faydalıdır: “Ancaq üç maddədə müəyyən problemlər var. Layihənin 37-ci qaydası, ümumiyyətlə, qaydaların ruhuna ziddir. \”Y\” hərfinin ixtisarında bir məntiq olmalıdır. Niyə məhz \”y\” hərfi, onda qoşa \”s\”dan da birini ixtisar edək. 37-ci qayda gələcək üçün təhlükədir. Biz başqa dillərə əsaslanmalı deyilik. Hər dilin öz qaydası var. Bizim dildə isə \”y\” hərfini ixtisar etmək ehtiyac yoxdur. Dilin yazılış qaydasının danışığa uyğunlaşdırılması dili bəsitliyə aparacaq. Qeyd etdiyim iki qaydada avtoritar yanaşma var\”.
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov vurğulayıb ki, “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsinin bir çox bəndi keçmiş qaydaların təkrarından ibarətdir: “Layihədə ciddi ziddiyyətlər mövcuddur. Məsələn, 22-ci bənddə mənbə dil əsas götürüldüyü halda, 37-ci və 9-cu bəndlərdə başqa məntiqdən çıxış edilir. Ona qalsa, gərək \”Gülsüm\” sözünü \”Külsüm\” yazaq. Bu söz də ərəb dilindən bizə keçib, \”k\” ilə yazılır və ya eyni məntiqlə istisna kimi göstərilən \”mühüm\” sözünü gərək \”mühim\” kimi yazaq. 37-ci bənddə də ciddi qüsurlar mövcuddur. Heç bir ciddi əsas göstərilmədən, mənbə dilin xüsusiyyətlərini nəzərə almadan \”iyyat\”, \”iyyət\” və \”iyyə\” şəkilçilərindəki qoşa \”ye\”dən biri ixtisar edilir. Bu şəkilçilərlə digər sözlərin tərkib elementi sayılan \”iyat\”, \”iyə\” və \”iyət\” morfem-leksem kombinasiyaları səhv salınır və elə zənn olunur ki, bunlar eyni şeydir. Üstəlik, bu dəyişikliyə səbəb kimi fonetik prinsip göstərilir. Bu məntiqə qalsa, onda \”müəllim\” sözünü \”məllim\”, \”təəssüf\” sözünü \”təsüf\”, \”müəyyən\” sözünü \”məyyən\” kimi yazaq. Bu bəndəki çatışmazlıqları xülasə etsək, istisna kimi göstərilən səyyah, səyyar, səyyarə, təyyar kimi sözlərin tərkibində qoşa \”ye\” elementli hissə və qoşa \”ye\” elementli \”iyyat\”, \”iyyət\” \”iyyə\” şəkilçiləri ayrı-ayrı qrammatik hadisələri ifadə edir. Birincisi əgər sözün əsasını əmələ gətirən morfem-leksem kombinasiyasıdırsa, ikincilər şəkilçilərdir. Odur ki, yuxarıdakı sözlərin istisna kimi təqdim edilməsi səhvdir. Deyilir ki, fonetik prinsipə əsasən \”ye\” hərflərindən biri ixtisar olunmalıdır. Söhbət hansı prinsipdən gedir? \”Tələffüzə uyğun yazmaq\” prinsipindənmi? Orfoqrafiya və orfoepiya qaydalarını bir-birinə qatmaq anormal dil hadisəsinin meydana çıxması ilə nəticələnə bilər. Həmçinin bu prinsip əsas götürülürsə, gərək eyni formada işlədilən \”hədiyyə\” və \”məziyyət\” morfemlərini \”hədiyə\” və \”məziyət\”, \”Səriyyə\” adını da \”Səriyə\” kimi yazaq. Unutmayaq ki, orfoqrafik forması dəyişdirilmək istənən sözlər bizim dilimizdə yüz illərdir işlənir, yüz ilə yaxındır ki, konkret maddi qabığa sahibdir, özü də dil hadisələrini uğurlu şəkildə əks etdirən qabığa! Yeni qaydaların təşəbbüskarları bir çox ərəbmənşəli sözlərdəki \”iyyat\” şəkilçisini \”iyat\”, \”iyyə/iyyət\” şəkilçilərini isə \”iyə\” və ya \”iyət\” kimi dəyişdirmək mövqeyindən çıxış edirlər. Onlar nəzərdən qaçırırlar ki, bu morfemlər ərəbmənşəli sözlərin tərkibində işlədilir və heç də zənn edildiyi kimi eyni dil hadisəsinin müxtəlif təzahürləri deyildir; əksinə, hər biri ayrı dil hadisəsidir. Dilimizdə ərəbmənşəli sözlərin sonunda yazılan \”iyyat\” suffiks olub cəm bildirir. Məsələn, təbiyyat, riyaziyyat, mənəviyyat, iqtisadiyyat və s. Hərfən: təbii olan hər şey, riyazi olan hər şey, mənəvi olan hər şey, iqtisadi olan hər şey. Ehtiyat\” sözündəki \”iyat\” isə suffiks və ya digər şəkilçi deyildir, söz kökünün amorf (bölünməz) elementidir, kök samitlərindən ibarət morfdur. Bu baxımdan \”ehtiyat\” sözündə cəm bildirən \”iyyat\” şəkilçisi yoxdur, odur ki bir \”y\” ilə yazılır. Eyni şeyi \”iyyət\” və ya \”iyyə\” şəkilçiləri haqqında da demək olar. Bu şəkilçilər, ərəb mənşəlidir, mücərrədlik ifadə edir, isimdüzəldici, bəzən də (birləşmələrin tərkibində) sifətdüzəldici xüsusiyyətə malikdir: hədiyyə, cərrahiyyə, mədhiyyə. \”iyə\” isə şəkilçi olmayıb sözlərin tərkib elementidir, bölünməz morfdur: təziyə, tədiyə, mərsiyə, təxliyə, tərbiyə, təhkiyə, tövsiyə, nahiyə və s. \”İyyə\” element deyil, şəkilçidir, \”iyə\” isə amorf hissədir, leksem-morfem kombinasiyası, hətta sandhidən dəhşətli şeydir. Biz məhz bu fərqli dil hadisələrini eyni fonetik qəlibə təhkim etməyin əleyhinəyik. Dil nəhənglərimiz, həm də ərəb dilini bildiklərindən ərəbmənşəli sözləri müvafiq olaraq \”iyyat\”, \”iyyət və iyyə\” , \”iyat\” və \”iyə\” ilə yazmışlar. Odur ki Azərbaycan dilində işlədilən ərəbmənşəli sözlərin orfoqrafik xüsusiyyətlərinə bələd olmaq üçün ərəb dilini bilmək şərtdir. Bu səbəbdən orfoqrafiya qaydalarında yenidəntəsis işi aparılarkən ərəbşünas-dilçilərin rəyləri də nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, yeni layihənin ən böyük qüsuru onun \”fonetik prinsip\” əsasında hazırlanmasıdır: “Ana dildəki söz vahidlərinin tələffüzə uyğun şəkildə yazmaq ciddi səhvdir. Bu barədə ciddi akademik müddəalar mövcuddur. Ümumiyyətlə, \”söz necə tələffüz edilirsə, o cür də yazılmalıdır\” prinsipi əsas götürülsə, müxtəlif vaxtlarda saysız-hesabsız fərdi orfoqrafiyalar meydana çıxacaq. Unutmaq olmaz ki, sözlərin deyilişi ilə tələffüzü arasında tam eyniyyət mövcud deyildir. Keçmiş SSRİ-də 60-cı illərdə orfoqrafiya problemləri ətrafında gedən qızğın müzakirələrdə dilçilərdən biri N.Rojdestvenski belə bir fikir səsləndirmişdi. Buna orfoqrafiya sahəsində aparılacaq heç bir islahat ilə nail olmaq mümkün deyil. Yazı tələffüzü əks etdirən güzgüyə çevrilə bilməz, tələffüz də yazını eynilə kopiya etməyə qadir deyil. Sovet dilçi-alimi O.S.Axmanova haqlı şəkildə qeyd edirdi ki, bir sıra hallarda sözün bu və ya digər elementi şifahi nitqdə itib-silinə bilir. Orfoqrafiya bu elementləri qoruyub-saxlamaqda, hətta bərpa etməkdə müəyyən rol oynayır. Böyük metodist alim, dilimizin cəfakeşi Əziz Əfəndizadə yazırdı: \”Səslə hərf arasında eyniyyət olmadığını, onların bir-birindən əsaslı surətdə fərqləndiyini nəzərə almadan a) dilin fonetik sistemini həqiqi şəkildə müəyyənləşdirmək, b) orfoqrafiya və orfoepiya məsələlərini elmi əsasda tədqiq etmək … mümkün deyildir”. Yəni orfoqrafiya orfoepiyadan fərqli olaraq bir dilin morfoloji vahidlərinin strukturu haqqında aydın təsəvvür yaradır, morfem-leksem kombinasiyasının düzgün şəkildə \”hissə\”lərə ayrılmasını təmin edir\”.

Tədbirdə həmçinin Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Qəzənfəroğlu, Mətbuat Şurasının İdarə Heyətinin sədri, əməkdar jurnalist Azər Həsrət, şair-publisist Rasim Qaraca, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı və başqaları çıxış edərək “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsinə münasibət bildiriblər.
Toplantının yekununda Azərbaycan Dil Qurumunun bəyanatı qəbul edilib. Bəyanatda deyilir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təqdim etdiyi qaydalar bütövlükdə Azərbaycan türkcəsinin yüz illər ərzində formalaşmış mükəmməl qrammatik normalarına, yazı prinsiplərinə və lüğətçilik təcrübəsinə əsaslanır, dilçilər arasında mübahisə yaradan bəzi məqamlara baxmayaraq, küll halında etibarlı bir nəzəri mənbə sayıla bilər. Qaydalar bir daha göstərir ki, azərbaycan dilinin orfoqrafiyası, yəni sözlərin yazılış şəkli, daha çox “deyilən kimi yazmaq” prinsipinə əsaslanır və şübhəsiz, gələcəkdə də alınma sözlərə münasibətdə bu xətt qorunacaq. Bu yanaşma ana dilimizin həm yazı, həm də nitq özəlliyini və təmizliyini qoruyur, onun gücünü göstərir. Qaydaların ADQ-də də etiraz doğuran 69-cu maddəsi nəzərə alınmasa, digər maddələri dövrün tələblərindən və dilimizin inkişaf səviyyəsindən doğur və qəbul edilməlidir. Biz hesab edirik ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu müzakirə materiallarını və mütəxəssis rəylərini diqqətlə gözdən keçirməlidir”.

Azərbaycan Dil Qurumu “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsi ilə bağlı müzakirə təşkil edib

Azərbaycan Dil Qurumu “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsi ilə bağlı müzakirə təşkil edib

Azərbaycan Dil Qurumu “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsi ilə bağlı müzakirə təşkil edib

İnterpress.az