Ekspert nazirli və nazirsiz təhsilin fərqlərindən danışıb – AÇIQLAMAbackend

Ekspert nazirli və nazirsiz təhsilin fərqlərindən danışıb – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 3 aydan çoxdur ki, Təhsil Nazirliyi nazirsiz qalıb. Bu müddət ərzində nazirin səlahiyyətlərini onun müavini icra edir. Amma nəzərə alsaq ki, müavinin də ayrıca öz səlahiyyətləri var, o zaman, onun gərgin iş prosesində çalışdığı məlum olur. Təhsil Nazirliyinin nazirsiz qaldığı müddət ərzində isə təhsildə heç bir dəyişiklik müşahidə edilməyib.
Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi son 5 il ərzində bir neçə ciddi layihələr həyata keçirib. Müəllimlərin diaqnostik qiymətləndirilməsi, tələbə köçürülməsi, birinci sinifə və məktəbəqədər təhsilə qəbul, direktorların işə qəbulu kimi layihələri ilk dəfə olaraq sabiq nazir Mikayıl Cabbarovun zamanında həyata keçirilib. Amma nazirin olmadığı 3 ay ərzində bu proses demək olar ki, dayanıb.

Bu barədə İnterpress.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, təkcə nazir postu boş deyil, eyni zamanda təhsil nazirliyində bir sıra stateji vəzifələr əvəzedicilər tərəfindən yerinə yetirilir.
Ekspert nazirli və nazirsiz təhsilin fərqlərindən danışarkən bildirib ki, nazirli və nazirsiz təhsilin bir çox fərqli və fərqli olmayan xüsusiyyətləri var. Onun sözlərinə görə, nazir olanda da vətəndaşların müraciətlərinin yerinə yetirilməsində, şikayətlərinin dinlənilməsində problemlər var idi: “Təhsil Nazirliyi 3 aydır ki, yerlərdə qəbul keçirmir. Amma, ümumilikdə, nazirsizliyin təhsilə o qədər də ciddi təsiri yoxdur. Onsuz da nazir olanda da, o, regionda yerləşən məktəblərə, təhsil şöbələrinə, universitetlərə müdaxilə edə bilmirdi, indi də bu davam edir. Nazir olanda da təşkilati tədbirlər keçrilirdi, indi də bu davam edir”.

“Nazir olanda da vətəndaşların müraciətlərinə demək olar ki, baxılmırdı, indi də baxılmır”

K.Əsədov Təhsil Nazirliyindəki neqativ hallardan da söz açıb: “Ümumilikdə, təhsildə ciddi geriləmə müşahidə etmirəm. Nazir olanda da 8 martda pul yığılırdı, indi də. Nazir olanda da təhsil sistemində neqativ hallar var idi, indi də var. Nazir olanda da vətəndaşların müraciətlərinə demək olar ki, baxılmırdı, indi də baxılmır. Nazir olanda da dövlət nümunəli diplomu olmayanlar müəllim işləyirdi, pedaqoji təhsili olmayanlar direktor işləyirdi, indi də onlar davam edir. Qısası, təhsil sistemində hər hansı bir yenilik yoxdur. Elə köhnə qayda ilə hər şey davam edir. Bəzi layihələrin fəaliyyətində isə dayanma var”.
K.Əsədov nazir və onun səlahiyyətlərini icra edən müavininin vəzifələrindən də danışıb.
Ekspertin sözlərinə görə, nazirin ayrı əmək funksiyası var, müavinlərinin ayrı funksiyası. O qeyd edib ki, müavin nazir səlahiyyətlərini yerinə yetirəndə öz səlahiyyətlərini tam şəkildə yerinə yetirə bilmir: “Belə ki, əmək bölgüsünə görə hər müavinin kurasiyasında olan sahələr var. Bu zaman o sahələr müəyən qədər nəzarətsiz qalmış olur. Nəzərə alsaq ki, nazir səlahiyyətlərini yerinə yetirən müavin, eyni zamanda, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının əsas üzvlərindən biridir, bir sıra dövlət komissiyalarının üzvüdür, bu zaman onun fəaliyyəti ilə bağlı çox sıx rejim yaranır”.

“Əgər, yeni nazir gəlsə, o da öz yeni komandasını gətirəcək və nəticədə başlanmış işlər yarımçıq qalacaq”

K.Əsədovun fikrincə, təhsil bütün sahələrdən fərqli bir sahədir. O deyir ki, səhiyyə naziri olmaq üçün mütləq tibbi bitimək, müdafiə naziri olmaq üçün hərbini, daxil işlər naziri olmaq üçün isə mütləq polis akademiyasını bitirmək lazımdır: “Eyni adlı sahələrdə rəhbər olmaq üçün o sahənin məzunu olmaq əsas tələbdir. Amma bu təhsil naziri postu üçün istisnadır. Hər kəs təhsil aldığı və təhsil prosesinin iştirakçısı olduğu üçün o sahədə az çox məlumata malikdir. Biz nazirlərin demək olar ki, heç birini bu posta təyin olunana qədər tanımırdıq. Amma boş posta daha çox fəaliyyətini gördüyümüz, məşhur adamları təklif edirik. Hər kəs sosial şəbəkədə aktiv olan və ya mediada fəal olan şəxsləri təklif edir. Düşünürəm ki, posta yeni şəxsi gətirmək effektiv olmaz. Ya uzun müddət təhsildə olan şəxs gəlməlidir, ya da onsuz da üç aydan çoxdur ki, bu postu yerinə yetirən şəxs elə nazir kimi də vəzifəsinin öhdəsindən gələ bilər. Yəni, mənim fikrimcə, yeni nazir elə Ceyhun Bayramov olacaq. Çünki başlanmış bir çox layihələr, görülmüş bir çox işlər var ki, onların nəticəsini görmək lazımdır. Əgər, yeni nazir gəlsə, o da öz yeni komandasını gətirəcək və nəticədə başlanmış işlər yarımçıq qalacaq”.

“Təhsildə mövcud olan problemlər hələ də, öz həllini tapmayıb”

K.əsədov təhsildə həll olunması zəruri olan çox ciddi problemlərin mövcudluğunu da vurğulayıb: “Təhsil sənədləri qaydasında olmayanlar hələ də fəaliyyətini davam etdirir, diaqnostik imtahanlarda az bal toplayanların taleyi ilə bağlı məsələ öz həllini tapmayıb. Yeni nazirdən təmayülləşmə ilə bağlı problemin həllini, dərslik yazılması işinin mərkəzləşdirilməsinin həllini gözləyirəm. Yeni nazir ümid dirəm ki, mətbuata daha açıq olacaq, baş verən hadisələrə çevik reaksiya verəcək. Yeni nazirdən əsas gözləntim yığacağı komandada daha çox təhsildən xəbəri olan, o sahədə işləmiş, təcrübəsi olan, Azərbaycan təhsilindən məlumatlı kadrlara üstünlük verməsi olacaq”.
Ekspert düşünür ki, ali təhsil müəssisələri ilə bağlı ciddi islahatlar həyata keçirmək lazımdır. O ümid edir ki, artıq yeni nazir təkcə Bakı şəhərinin orta məktəblərinin naziri olmayacaq, bütün orta məktəblərə, ali məktəblərə ciddi şəkildə təsir edəcək, bütün təhsil pillələrini əhatə edəcək islahatları həyata keçirəcək.

İnterpress.az
Səid Qərib