Xaricdə təhsil alanlara maliyyə yardımının göstərilməsi prosesinə daha bir qurum qoşulur. Bundan sonra “Azərbaycan Respublikasının Gənclər Fondu” da publik hüquqi şəxs kimi bu prosesdə iştirak edəcək. Bu qurum Prezident yanında Gənclər Fondunun əsasında yaradılıb və onun vəzifələrindən biri ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir. Tələbələr universitetə qəbul olduqdan sonra Fonda müraciət edəcək və standartlara cavab verdikləri təqdirdə onlara vəsait ayrılacaq. Fond tərəfindən ölkə daxilində və xaricdə təhsil alan tələbələrin yataqxana ödənişləri də həyata keçiriləcək. Hətta Fonda yataqxanalar inşa etmək səlahiyyəti də veriləcək.
Maraqlıdır, bunun həyata keçirilməsi nə dərəcədə real görünür?
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, gənclər fondu buna yalnız şəffaflıq, ədalət prinsiplərini həyata keçirməklə və tərəf saxlamamaqla nail ola bilər: “Ümumiyyətlə son dövrlər xaricdə təhsil üzrə dövlət proqramı ilə təhsil almağa göndərilən tələbələrin seçimində xeyli şəffaflıq əldə olunmuşdu. Bu proqram dayandırıldıqdan sonra bunun proqramın davamı kimi gənclər fonduna həvalə edilməsinin özü də təqdirə layiqdir. Çünki, Azərbaycanın istedadlı vətəndaşlarının dünyanın aparıcı universitetlərində təhsili olmadan ölkədə insan kapitalının inkişafından danışmaq mümkün deyil. Ancaq mən gənclər fondunun bu işi necə həyata keçirməsi haqda nəsə deyə bilmərəm. Çünki mən şahidiyəm ki, gənclər fondu bir sıra layihələri dəyərləndirərkən qüsurlara yol vermişdi. Ona görə də düşünürəm ki, bu qurum publik hüquqi şəxs qismində fəaliyyət göstərəcəksə, öz işini korrektə etməlidir. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsilini maliyyələşdirən, yataqxana xərclərini öz üzərinə götürən qurum xeyli dərəcədə işini təkmilləşdirməlidir. Bu qurum əvvəlki gənclər fondundan fərqli olaraq seçim prosesində heç bir tərəf saxlamadan bizim istedadlı gənclərə dəstək missiyasını həyata keçirməlidir. Əgər bu qurum öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyəcəksə, çox kəskin tənqidlərə məruz qalacaq. Bir məsələni də qeyd edim ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsili, eyni zamanda onların yataqxana xərclərinin maliyyələşdirilməsi məsələsi cəmiyyətin maraq dairəsində olan bir məsələdir. Xüsusilə də istedadlı gənclərin valideynlərinin bu prosesi dərindən izləmək imkanları olacaq. Ona görə də düşünürəm ki, gənclər fondu publik şəxs kimi öz üzərinə düşən missiyanı yerinə yetirə biləcək. Buna isə yalnız şəffaflıq, ədalət prinsiplərini həyata keçirməklə və tərəf saxlamamaqla nail ola bilərlər”.
Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanıb və bu Proqram çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təşkil edilib.
İnterpress.az