AXC hökumətinin müstəqil iqtisadi siyasətibackend

AXC hökumətinin müstəqil iqtisadi siyasəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1918-ci ilin mayında müsəlman şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb şəraitdə 23 ay yaşayıb fəaliyyət göstərdi. Bu Cümhuriyyət Rusiya ilə yanaşı, dünyanın böyük dövlətlərinin – ABŞ, İngiltərə və Fransanın siyasi, iqtisadi siyasətlərinin məngənəsində mübarizə aparmalı oldu. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. 1918-ci il mayın 28- də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Cümhuriyyət hökuməti dövrün çətinliklərinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və xarici-iqtisadi ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm işlər görmşüdür.

Cümhuriyyət hökuməti ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində də lazımi tədbirlərin həyata keçiriləcəyinə söz verərək müvafiq addımlar atmağa çalışırdı. Azərbaycan Respublikası Ərzaq Nazirliyinin müvəkkili V.Smirnov 19 yanvar 1919-cu il tarixli “Azərbaycan” qəzetində dərc olunmuş müsahibəsində qeyd edirdi: “Hazırki mürəkkəb vəziyyətdən yeganə çıxış yolu əmtəə mübadiləsi üçün normal şəraitin yaradılmasıdır”. Ərzaq Nazirliyi digər ölkə və vilayətlərdən ərzağın alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini Ukraynaya və Kubana göndərməyi qərara almışdır. Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları, kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə də ezam edilmişdilər. Öz növbəsində həmin vilayətlərin nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin yaradılması mümkün olmuşdur. Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar dərc etsin. Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla isə xaricə pambıq, ipək, yun, metal, malqara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu. Hökumətin 1918-ci il iyunun 22-də qəbul etdiyi digər qərarla xaricə ərzaq məhsullarının ixrac edilməsinin qarşısını almaq məqsədilə Poylu stansiyasında sərhəd postu təsis edildi.

AXC aqrar siyasət sahəsində bütün torpaqların əvəzsiz olaraq kəndlilərə verəcəyini elan etdi.

Milli Arxiv İdarəsinin Baş məsləhətçisi Rafiq Səfərovun fikrincə, xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsini nizamlı şəkildə həyata keçirməkdən ötrü müvafiq qurumun yaradılmasına böyük ehtiyac duyulurdu: “Bu məqsədlə hökumətin 23 iyun 1918-ci il tarixli qərarı ilə əmtəə mübadiləsi bürosunun təşkil edilməsi Ticarət və sənaye nazirinə tapşırıldı. Beləliklə, digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin norma və qaydalarının müəyyən edilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üzrə Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyi nəzdində “Xarici dövlət və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi” təsis edildi. “Əmtəə mübadiləsi Komitəsi” haqqında əsasnamə Hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə təsdiq edildi. Həmin Komitə İdarələrarası məşvərətçi, ayrı-ayrı hallarda isə sərəncamverici orqan kimi yaradılmışdır. Azərbaycana lazım olan malların xarici ölkələrdən və qonşu vilayətlərdən idxal edilməsi, neft və neft məhsullarının isə həmin ölkə və vilayətlərə ixracına dair məsələlərlə “Əmtəə mübadiləsi komitəsi” məşğul olurdu. Komitədə əmtəə mallarının Azərbaycandan ixracı və Azərbaycana idxalı ilə bağlı ərizələrə baxılır və müvafiq qərarlar qəbul edilirdi. “Əmtəə mübadiləsi üzrə komitə”nin tərkibinə bir sıra hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən Ticarət, sənaye və ərzaq nazirliyi, Maliyyə nazirliyi, Əkinçilik və dövlət əmlakı, Rabitə yolları, Dövlət nəzarəti nazirliklərinin, eləcə də neft sənayeçilərin qurultay şurasının və Bakı şəhər idarəsinin nümayəndələri də daxil edilmişdir”.

1919-cu il avqustun 18-də Azərbaycan Parlamenti tərəfindən gömrüklə bağlı Sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul edildi. Həmin qanunda qeyd edilirdi ki, Azərbaycan Respublikasının hüdudlarını gizli ticarət və kontrabandadan qorumaqdan ötrü Azərbaycanın sərhədləri boyu 992 nəfərdən ibarət heyət üzrə sərhəd postları yaradılsın. Neft və neft məhsullarının satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italiya, amerika şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktlarının bağlanması istiqamətində müəyyən addımlar atıldı.Azərbaycan Xalq Cümhuriyyəti aqrar siyasət sahəsində bütün torpaqların əvəzsiz olaraq kəndlilərə verəcəyini elan etdi. Lakin məlum səbəblər ucbatından ölkənin iqtisadi inkişafı üzrə müəyyən edilmiş digər tədbirləri həyata keçirmək mümkün olmadı.

AXC qurucularının iqtisadi inkişaf yolunda atdığı addımlar

Əlbəttə ki, həmin dövürdə dövlətin iqtisadi inkişafında AXC qurucularının əhəmiyyətli rolları olmuşdur. Onlardan Məmməd Həsən Hacınskinin adını qeyd etmək olar. O, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi olmuşdur. Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 24 üzvündən biri idi. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsi təşkil olunarkən, Batumda olmasına baxmayaraq, Hacınski Azərbaycanın ilk xarici işlər naziri təyin edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 2-ci Hökumət kabinəsində xarici işlər naziri olmuş Hacınski 1918-ci il oktyabrın 6-dək həm də, müvəqqəti olaraq, nəzarət nazirliyinə rəhbərlik etmiş, 6 oktyabrdan isə maliyyə naziri olmuşdur. Hacınski maliyyə naziri kimi 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalamışdır. O, 3-cü Hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini tuturdu.

Hacınski Azərbaycan Parlamentinin üzvü olmuşdur. O, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibinə daxil idi. Paris sülh danışıqları zamanı Ə.Topçubaşovla birlikdə ABŞ, B.Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək, Azərbaycan xalqının istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti, zəngin neft ehtiyatı haqqında məlumat vermişdir.

Azərbaycana qayıdan Hacınski 1919-cu ilin noyabrında baş nazir Nəsib bəy Yusifbəyli ilə birlikdə Ermənistan hökuməti ilə danışıqlar aparmaq üçün Tiflisə getmiş, noyabrın 23-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında sülh sazişinin imzalanmasında iştirak etmişdir. Səfər zamanı Hacınski Parisdə Azərbaycan-gürcü birgə iqtisadi bölməsinin sədri kimi Gürcüstan hökumətinə məruzə etmiş, iri ingilis və amerikan cəmiyyətləri ilə Azərbaycan və Gürcüstan üçün çox mühüm və sərfəli olan iqtisadi müqavilələrin layihələrini gətirdiyini bildirmişdir.

AXC dövlət xadimlərindən Ağakərim Əminov da ölkənin iqtisadi dirçəlişi üçün fəaliyyət göstəmişdir. O, AXC-nin 4-cü Hökumət kabinəsində ticarət və sənaye naziri olmuşdur. Əminov iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs etmiş, bu sahədə bir sıra mühüm tədbirlər görülməsinə nail olmuşdur: neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında Hökumət qərarı; mal mübadiləsi üzrə komitənin ləğvi haqqında maliyyə-iqtisad komitəsinin qərarı; 1919-cu ilin sonu üçün xammalın Azərbaycandan kənara ixrac şərtləri haqqında yeni, liberal məzmunlu qanunun qüvvəyə minməsi və s. O, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin məhdudlaşdırılması tərəfdarı olmuşdur.

Araşdırmalar bir daha təsdiq edir ki, AXC hökuməti müstəqil iqtisadi siyasəti yeritmişdir. Yeni yaradılmaqda olan aqrar, əmtəə, gömrük qanunvericiliyi və gömrük-tarif siyasəti həmin dövrün siyasi-iqtisadi konyukturasına uyğunlaşdırılmışdı. Milli iqtisadiyyatın formalaşdırılması ilə keyfiyyətcə yeni bir dövr başlasa da, təəssüf ki, bolşevik süngülərinin təzyiqi ilə Cümhuriyyətin süqut etməsi bu işi başa çatdırmağa imkan verməmişdir.

Elvin Babayev

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.

İnterpress.az