Dünyaya verilən demokratiya dərsi – Anar Turan YAZIRbackend

Dünyaya verilən demokratiya dərsi – Anar Turan YAZIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidentini ilk təbrik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edərək bildirib ki, məhz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib.

AKP-nin zəfər yolu

İyunun 24-də prezident və parlament seçkilərində bir daha inamlı qələbə qazanan AKP iqtidarının inkişaf yoluna nəzər salsaq, görərik ki, siyasət meydanına atılmış hər bir partiya və təşkilat üçün bu xronologiyada nümunə götürülməli, hər bir siyasətçi fərd üçün impuls olacaq uğur ardıcıllığı var.

Belə ki, 2001-ci il avqustun 14-də yaradılmış Ədalət və İnkişaf Partiyası indiyədək Türkiyədə 13 səsvermədən qalib çıxıb. Bu partiya 3 noyabr 2002-ci ilin parlament seçkilərində 34,3 faiz səslə qalib gələrək, təkbaşına hökumət qurub.

2004-cü il martın 28-də isə bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası 41,7 faiz səslə birinci oldu. 2007-ci ilin iyulun 22-də parlament seçkilərində bu siyasi qurum 46,6 faizlə hamını üstələdi.

2007-ci il oktyabrın 21-də konstitusiyaya dəyişikliklər məqsədilə keçirilən referendumda Ədalət və İnkişaf Partiyasının təklif etdiyi yeniliklər 68,9 faizlə keçdi. 2009-cu il martın 29-da təşkil olunan bələdiyyə seçkilərində partiya 38,4 faiz səslə qalib gəldi. 2010-cu il sentyabrın 12-də baş tutan konstitusiya dəyişiklikləri referendumunda Ədalət və İnkişaf Partiyasının təklifi 57,9 faiz dəstəklə rəsmiləşdi. 2011-ci il iyunun 12-də keçirilən parlament seçkisində 49,8 faiz səs yığan Ədalət və İnkişaf Partiyası hakim qüvvə statusunu saxlaya bildi. 2014-cü ilin mart ayının 30-da isə bələdiyyə seçkilərini partiya 42,9 faiz səslə uddu.
Bundan sonra ən böyük uğurlardan biri olaraq partiyanın lideri Rəcəb Tayyib Ərdoğanın 2014-cü il avqustun 10-da keçirilmiş ilk ümumxalq seçkisində 51,8 faiz səslə prezident seçilməsini qeyd etməliyik.

2015-ci ilin 7 iyununda parlament seçkilərində 40,9 faiz səslə qalib gələn Ədalət və İnkişaf Partiyası bu dəfə parlamentdə mütləq çoxluq qazana bilmədi və koalisiya danışıqları uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedildi. 2015-ci ilin noyabrın 1-də parlament seçkisində 49,5 faiz səs toplayan Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırmağı bacardı.

2017-ci il aprelin 16-da isə Ədalət və İnkişaf Partiyasının təşəbbüsü ilə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu oldu. Seçicilərin 51,4 faizi Ana Qanunda dəyişikliklər təklifinin lehinə səs verərək, hakim partiyanın təklifini dəstəklədi.

2018-ci ilin iyunun 24-də baş tutan prezident və parlament seçkilərinin də qalibi Ədalət və İnkişaf Partiyası oldu. Doğrudur, ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, onunla eyni blokda təmsil olunan “İYİ” Partiyasının lideri Meral Akşener və digər namizədlərin ümumi sayı heç də az deyil. Lakin onlar əhəmiyyətli səs toplasalar da, həlledici səsi yığa bilmədilər və AKP və MHP (Milliyyətçi Hərəkat Partiyası) ittifaqına uduzdular.

Rəcəb Tayyib Ərdoğan və komandasının seçkilərdə qələbə qazanmasının bir sıra səbəbləri var. Lakin əsas səbəblər arasında hökumətin terrorla sərt mübarizəsi, qlobal güclərlə Türkiyənin eyni masada müzakirələrə qoşulması, Yaxın Şərq regionunda Türkiyənin həlledici səs hüququna malik olması, daxili sabitlik və dünya iqtisadi böhranının ən ağır illərində belə Türkiyədə iqtisadiyyatın çökməməsi, böyük sənaye layihələrinin həyata keçirilməsi, xeyli sayda sosial-tibbi islahatların aparılması başlıca yer tutur. Xüsusilə son vaxtlar Suriyada və İraqda keçirilən hərbi əməliyyatlar və terrorçular üzərində qazanılan həlledici qələbələr AKP iqtidarının əhali arasında nüfuz dairəsini bir qədər də genişləndirdi.

Göründüyü kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün bu illərdə nəinki məğlubiyyətə uğramadı, o, hətta 2016-cı ildə birbaşa özünə qarşı təşkil edilən sui-qəsdlərdən və FETO terror təşkilatının dövlət çevirilişinə cəhdindən də qələbə ilə çıxa bildi. Son seçkilərdə qazandığı qələbə isə Türkiyə Prezidenti və komandası üçün yeni siyasi üfüqlər açdı.

MHP-nin gözlənilməz demarşı

Bir sıra siyasi ekspertlər MHP-nin içindən ayrılmalarını əsas gətirərək son vaxtlar zəiflədiyini və mövqelərini itirəcəyini proqnozlaşdırsa da, seçkilərdən sonrakı nəticə əksini sübut etdi. Parlament seçkilərində AKP və MHP-nin yaratdığı birlik birinci yeri qazandı. “Cümhur İttifaqı” adı ilə mübarizəyə qatılan blok seçkidən 53,6 faiz səslə qalib çıxıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-ü Ədalət və İnkişaf Partiyasının, digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si Xalqların Demokratik Partiyasının, 49-u Milliyyətçi Hərəkat Partiyasının, 45-i isə “İYİ” Partiyasının payına düşüb.

Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, “Cümhur İttifaqı”nda birləşən AKP və MHP yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər. Bu, həm də MHP-nin nəinki mövqelərini qoruyub saxlamasını, üstəlik daha da gücləndiyini, əslində, bir hakimiyyət partiyasına çevrildiyini təsdiqlədi. MHP həmişəki siyasətinə sadiq qalaraq sabit milli dövlətçilik xəttini əsas tutdu və hakim partiyaya hər cür dəstək verməklə, həm də öz gücünü artıraraq, söz sahibinə çevrildi. Çoxları tərəfindən gözlənilməyən bu nəticə MHP-nin öz rəqibləri üzərində bir demarşı kimi qiymətləndirilir.

MHP-nin hakim partiya ilə birləşməyinin əsas səbəbi geostrateji amillərlə bağlıdır. Bu partiya hər zaman Türkiyənin regionda siyasi rəqibləri artanda və daxildə terrorla və başqa ölkələrin agentura şəbəkəsinə bağlı olanlarla mübarizə kəskinləşəndə siyasi ambisiyaların deyil, milli dövlətçiliyin yanında olduğunu sərgiləyir. Suriyanın şimalında Türkiyə Ordusunun ardıcıl qələbələri, İraqın şimalında antiterror əməliyyatlarında, daxildə FETO ilə mübarizədə MHP-nin dövləti tamamilə dəstəkləməsi buna əyani sübutdur.

Dünyaya verilən demokratiya dərsi

Son prezident və parlament seçkiləri həm də ona görə yadda qaldı ki, bu prosesdə heç bir təzyiq, saxtalaşdırma halları qeydə alınmadı. Türk iqtidarı tərəfindən müxalifətin mitinqlərinə, aksiyalarına, təbliğat-təşviqat kampaniyalarına heç bir maneçilik törədilmədi. Kampaniya müddətində təkcə CHP-nin namizədi Məhərrəm İncə 100-dən çox kütləvi mitinq keçirdi. Onun İzmir və İstanbul şəhərlərindəki mitinqlərinə milyondan çox insan toplaşdı. İnternet resursları və teleresurslar hakim partiyaya da, müxalifət düşərgəsinə də xeyli diqqət ayırdı. Seçkilər gərgin mübarizə şəraitində keçsə də, insidentsiz baş tutdu və sonda müxalifətin əsas namizədi Məhərrəm İncə də “Ərdoğanın qələbə qazandığını qəbul edirəm”-fikri ilə bir növ siyasi mədəniyyət nümayiş etdirdi və seçkilərin demokratik keçirildiyini təsdiqlədi.

Türkiyədə keçirilən prezident və parlament seçkiləri nəticə etibarilə türk demokratiyasının, söz azadlığının qələbəsi oldu. Güclü müxalifətin olduğu bir ölkədə qələbə qazanmaq və insidentsiz, demokratik prinsiplərə zidd əməllərə yol verilmədən seçkini başa çatdırmaq, uğurlu nəticə əldə etmək qardaş dövlətin böyük uğurudur. Dünyanın bir sıra gücləri Türkiyənin regional nüfuzunun artmasından ehtiyat edərək bu inkişafa radikalizm, basqı “donu” geyindirməsi cəhdi də uğursuzluqla nəticələndi. İyunun 24-də türk xalqı və Türkiyə dövləti, sözün bütün mənalarında, dünyaya demokrat mesajı verdi.

İnterpress.az