Qeyri-qanuni satışlar dövləti vergilərdən, sahibkarı gəlirlərdən məhrum edirbackend

Qeyri-qanuni satışlar dövləti vergilərdən, sahibkarı gəlirlərdən məhrum edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar dünyada mobil texnologiyaların inkişafı yeni bazar meylləri formalaşdırıb. Bir tərəfdə Apple, Nokia, Sony, Samsung kimi şirkətlər müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək üçün yeni mobil məhsulların təqdimatı keçirdiyi zaman, digər tərəfdə onların saxta versiyasının peyda olması, qeyri–leqal satışı və digər ölkələrə qaçaqmalçılıq yolu ilə göndərilməsi problemi aktuallaşıb. Adambaşına mobil cihazların istifadəsi səviyyəsinə görə öncül ölkələrdən olan Azərbaycan da bu tendensiyaya məruz qalan dövlətlərdən biridir.

İstehlakçıların böyük bir hissəsi qiymətin ucuzluğuna aldanaraq saxta telefonları alır və istifadə edirlər. Nəticədə saxta telefonlara tələbat artır və bəzi telefon işbazları da bu fürsətdən istifadə edib həmin telefonları Azərbaycana daşımaqda davam edirlər. Ölkəyə qeyri-rəsmi yollarla gətirilən telefonlar zəmanətli və sığortalı telefonlara nisbətən ucuz satılsalar da, sonradan istehlakçıya baha başa gəlirlər.

Qaçaqmalçılıqla gətirilən saxta telefonlar

Ölkəyə saxta telefonlar qaçaqmalçılıq yolu ilə gətirilir. Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirləri həyata keçirsə də, son zamanlar aşkarlanan faktlar bir daha göstərir ki, qaçaqmalçılığın qarşısının tamamilə almaq çox çətindir və bunun üçün daha təkmil mexanizmlərin tətbiqi tələb olunur. Azərbaycana telefonlar qaçaqmalçılıq yolu ilə poçt, hava yolu vasitəsilə və Gürcüstan sərhəddi ilə gətirilir. Xüsusilə, Gürcüstan sərhədi qaçaqmalçılıq yolu ilə gətirilən telefonlar üçün ən geniş bazar hesab olunur. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib. Belə ki, asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edir. Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adı çəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir. Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır.

İqtisadi fəsadlar…

Qaçaqmalçılığın iqtisadiyyata vurduğu zərbə böyükdür. Çünki bu yolla ölkəyə telefonların gətirilməsi və satışı gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması ilə yanaşı, həm də haqsız rəqabət mühitinin formalaşmasına, qeyri-leqal bazarın formalaşmasına və ölkənin mobil telefon bazarına saxta telefonların yol açmasına səbəb olur. Qeyri-leqal bazarın iştirakçıları vergi ödəməkdən yayınır və dövlət büdcəsi kifayət qədər vəsaitlərdən məhrum olur. Ölkəmizdə telefon satışı üzrə fəaliyyət göstərən rəsmi distribütorların açıqladığı rəqəmlərə görə, qaçaqmalçıların fəaliyyəti hər ay büdcədən 4-5 milyon manat vəsaitin yayındırılmasına yol açır. Bu isə vətəndaşların rihafının təmin olunmasına maneçilik törədir.

Bu kimi hallar, kiçik və orta biznesin inkişafına problemlər yaradır. Mağaza sahibləri belə qanunsuz sxemlərin qurbanı olurlar. İşlərini qanuna müvafiq qaydada qura bilməyən mağaza sahibləri qanunları pozub, vergiləri vaxtında və tam şəkildə ödəyə bilmirlər ki, bu halın da mövcudluğu onların fəaliyyətini risk və təhlükə altına qoyur.

Bazar iştirakçıları haqsız rəqabətdən narazıdırlar

Ölkəmizdə telefon satışı üzrə bir neçə rəsmi distribütorlar fəaliyyətdədirlər. Onlar ölkəyə gətirdikləri telefonların keyfiyyəti ilə bağlı hüquq çərçivəsində məsuliyyət daşıyırlar. Distribütorlərin apardığı araşdırmalara görə, hazırda mobil telefonlar seqmentində “boz” bazarın həcmi 80 faizə çatır. Onlar bildirirlər ki, qaçaqmalçılıq yolu ilə məşhur dünya şirkətlərinin əmtəə nişanı olan malların gətirilməsi halları geniş vüsət alıb. Bu vəziyyət fəaliyyətini qanun çərçivəsində quran şirkətlərdə satışların əsaslı şəkildə azalmasına səbəb olub. Müşahidələr göstərir ki, satış nöqtələrində eyni adlı saxta telefonların qiymətləri bu malları rəsmi idxal edən şirkətlərin təqdim etdiyi qiymətlərdən vergidən yayındırılmış məbləğ miqdarında aşağıdır.

Qaçaqmalçılıq yolu ilə malların ölkəmizə daxil olmasının əsas səbəbi fiziki şəxslər tərəfindən mobil cihazların respublika ərazisinə gətirilməsinə nəzarətin və müvafiq tənzimləmə mexanimizminin təkmil vəziyyətdə olmamasından irəli gəlir. Sərt mexanimzlərin olmaması kriminal elementlərə vergidən yayınmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə malların gətirilməsinə imkan verir. Bu da öz növbəsində sözügedən malları idxal edən rəsmi distribütorların və fəaliyyətini qanuna müvafiq qaydada quran digər vergi ödəyicilərinin fəaliyyətini risk altına alır.

Mütəxəssislərin fikrincə, bu sahəni xüsusi qaydalarla tənzimləməyə ehtiyac var. Bu sahədə nəzarət mexanizminin gücləndirilməsi, fəaliyyətini qanun çərçivəsində quran və alıcıları keyfiyyətli xidmət, zəmanətlə təmin edən biznes strukturları üçün sərfəlidir. Mobil telefon bazarına təkmil nəzarət sisteminin tətbiqi qeyri-sağlam rəqabəti aradan qaldıracaq, çünki ölkəyə idxal olunan mobil telefonlara çəkilən xərclər eyniləşəcək və distribütorlar və ya idxalçılar ancaq öz xidmətlərinin və məhsullarının keyfiyyəti ilə rəqabət apara biləcək və istehlakçıların məmnunluğunu qazanmaq uğrunda mübarizə aparacaq.

Distribütorlar bildirirlər ki, dövlət qaçaqmalçılıq məhsullarının qarşısını kəsərsə, rəsmi şirkətlər öz səylərini yeni xidmətlər və məhsullar təklif etməyə yönəldə bilərlər. Belə ki, dünya şöhrətli istehsalçılar Azərbaycanda mobil bazara sərmayə qoymağa ehtiyat edirlər. Bu isə göstərilən xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Qanunsuz idxalın azalması bazarda sağlam rəqabətə səbəb olacaq və artıq bir neçə ildən sonra mağazalardakı telefonların hamısı orijinal olacaq.

Mütəxəssislər bildirir ki, qaçalmalçılığın qarşısının alınması mobil telefonların qiymətinin artımasına səbəb olmayacaq, əksinə sağlam rəqabətin formalaşması qiymətlərin enməsinə gətirəcək.

Ucuz ətin şorbası olmaz

Qeyd edək ki, mobil telefon bazarına təkmil nəzarət sisteminin tətbiqi istehlakçılar üçün də faydalı olacaq. Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən telefonlar istehlakçıların da hüquqlarının pozulmasına yol açır. Istehlakçılar bu telefonları ucuz qiymətə alsalar da, bir müddət sonra telefonların keyfiyyəti və zəmanəti ilə bağlı problemlər yaşanır. İstehlakçılar telefonu əldə edən zaman yazılı zəmanət, keyfiyyət göstəriciləri haqqında təlimat və sertifikat, çek və s. əldə edə bilmədiyi üçün telefon nasaz olduğu halda pulsuz diaqnostika və təmir xidmətindən yararlana bilmirlər. Bu isə istehlakçılarda narazılıq yaradır. Sonrakı peşmançılıq isə fayda vermir və ya necə deyərlər, ucuz ətin şorbası olmaz.

Dünya ölkələri qaçaqmalçılığa qarşı sərt cəzalar tətbiq edir

Belə hallarla rastlaşmamaq üçün bazar iştirakçılarının bu sahədə maarifləndirilıməsinə ehtiyac var. Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin nümayəndələri sahibkarlarla görüşlər keçirərək onların maarifləndiriıməsi yolu ilə leqal iqtisadiyyatın bərqərar olmasına töhfə verməyə çağırırlar. Eyni zamanda, vergi və gömrük sistemlərində aparılan islahatlar, struktur və institusional dəyişikliklər, yeni iqtisadi modellərin qurulması məqsəd etibarilə funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi və gömrük orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, şəffaf iqtisadi sistemin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulmasına xidmət edir.

Bu baxımdan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən mallara qarşı nəzarət tədbirləri gücləndirilməsi müasir çağırışlardan irəli gəlir. Yeni dövrün qlobal çağırışlarına uyğun fəaliyyət göstərmək üçün bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqi zəruridir. Məsələn, Türkiyə bu problemin qısa müddətə həlli yolunu tapa bilib. Belə ki, qonşu ölkədə qaçaqmalçılıq yolu ilə telefon gətirənlərə yüksək cərimələr və sərt cəzalar tətbiq edilir. Türkiyədə qüvvədə olan “Qaçaqmalçılıqla mübarizə qanunu”na görə, bu cəza 1 ildən 5 ilə kimi həbs və 10 000 günə qədər cərimə formasında tətbiq olunur. Məhkəmə təqsirkar şəxsin əmlak vəziyyətini və işin tərəflərini nəzərə alaraq gündəlik cərimə miqdarını 20-100 türk lirəsi miqdarında təyin edir. Türkiyədə telefonların qeydiyyata alınması prosesi ciddi nəzarət altındadır. Bu ölkədə telefonlarım İMEİ kod vasitəsilə qeydiyyat sistemi 2006-cı ildən fəaliyyət göstərir. Qeydiyyatdan keçməyən telefonlar ən geci bir aya bloklanır. Xaricdən gələn telefon 120 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bir vətəndaş Türkiyədə xarici ölkədən gətirdiyi telefonu 2 ildə yalnız 1 dəfə qeydiyyatdan keçirə bilər. Qeydiyyat üçün 170 türk lirəsi ödəmək tələb olunur.

Görünür ölkəmizdə də bu sahədə dünya təcrübəsindən yararlanaraq daha sərt nəzarət tədbirləri tətbiq etməyə ehtiyac var. (tia.az)

İnterpress.az