Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada əyalət rayonlarından, bu rayonların yaranma tarixi, oturuşmuş ənənələri, tanınmış şəxsiyyətlərindən bəhs olunacaq.
Haqqında bəhs edəcəyimiz növbəti məkan – Azərbaycanın cənub qapısı Masallı rayonu olacaq.
Bu ərazilərdə 15-20 min əvvəl yaşayış olub
Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları, şərqdə Xəzər dənizi, Qərbdə isə Talış dağları, Burovar silsiləsi ilə həmsərhəddir. Ən böyük çayı Viləşdir. Rayon olaraq 1930-cu ildə salınıb.
Əhalinin sıxlığına görə, Masallını Çin Xalq Respublikası ilə müqayisə edirlər. Əhalinin orta sıxlığı – 294 nəfər / kv km-dir. Ərazisi 721 km², əhalisi 220 minə yaxındır. 108 yaşayış məntəqəsi var. Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıb. Abbasqulu ağa Bakıxanovun \”Gülüstani-İrəm” (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun \”Cavahirnameyi Lənkəran” (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun \”Əxbarnamə” (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapıb. \”Masallı” coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilib.
Tarixi mənbələrdə bu toponimi \”məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər” mənasında səciyyələndirirlər. Masallı sözünün \”Mosullu” sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və buraların onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur.
Fərqli mədəniyyətlərin bir araya gəldiyi məkan…
Masallı müxtəlif mədəniyyətləri bir araya gətirən, etnik azlıqların kompakt yaşadığı bir rayondur. Burada əsasən talışlar və türklər yaşayır. Rayonun Viləş (keçmiş Kalinovka) kəndi isə əsasən ruslardan ibarət olub. Sovetlər dağılandan sonra əksəriyyət ölkədən getsə də, hələ də rus sakinlər var. Eyni zamanda kürdlər və digər etnik azlıqların nümayəndələri də Masallıda yaşayır. Əmin-amanlıq və sabitlik şəraitində yaşayan rayon sakinləri bir-biri ilə qohum olur, qaynayıb-qarışırlar.
Hazırda Masallıda 43 klub müəsisəsi, o cümlədən 1 rayon, 14 kənd mədəniyyət evi, 28 kənd klubu , 1 rayon mərkəzi kitabxanası və onun 52 kənd filialı, 1 uşaq incəsənət məktəbi, Heydər Əliyev mərkəzi, tarix diyarşunaslıq muzeyi, rəsm qalereyası, 168 tarix və mədəniyyət abidələri, 28 turist obyekti faliyyət göstərir. Rayonun kulub müəsisələrində 114 bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir.
Bu gün Prezident İlham Əliyev Ələt-Astara avtomobil yolunun açılışında iştirak edib. Bu magistral yol Masallının paytaxt və qonşu rayonlarla gəliş-gedişini asanlaşdırır.
Eyni zamanda bu gün Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı olub. Sənaye Məhəlləsində yerləşən müəssisələrdə minlərlə insan çalışaraq, ölkə sənayesinin inkişafına öz tövhələrini verəcəklər. Masallını dünyada tanıdan şəxsiyyətlər… Hər bir insanın tərcümeyi-halında onun harada anadan olduğu, harada boya-başa çatdığı öz əksini tapır.
Masallını dünyada tanıdan şəxsiyyətlər…
Masallının yetirməsi olan yüzlərlə insan müxtəlif sahələrdə – elm, mədəniyyət, idman, səhiyyə, biznes sahələrində çalışırlar. Onların arasında yüksək vəzifə daşıyan məmurlar, yüksək çinli zabitlər də var.
Masallıdan olan alimlərdən danışarkən qeyd etmək lazımdır ki, bu rayondan 308 alim yetişib. Bu alimlərdən 2-si akademik, 90-ı elmlər doktoru, 216-sı fəlsəfə doktorudur. Onlardan 31-i qadındır. Bu sırada Bahadur Tağıyev, Sabir Mirzəyev, Əlniyaz Məmmədov, Fikrət Qədiməliyev, Ağaddin Niftiyev, Mehriban İsmayılova, Bağır Bağırov, Raif Rüstəmov, Qorxmaz Mikayılov, Heybət Abdullayev və digərlərini göstərmək olar.
Xalq artisti İlham Əsgərov, xalq yazıçısı Elmira Axundova, əməkdar artist Elşən Rüstəmov, əməkdar artist Lalə Məmmədova, əməkdar artist Baloğlan Əşrəfov, tanınmış müğənnilər – Sevil-Sevinc bacıları, Coşqun Viləş və digərləri də bu rayondandır.
Masallının elm və mədəniyyət xadimləri ilə yanaşı bu rayonda böyüyüb boya-başa çatmış çoxlu sayda milyonçu sahibkarlar var. Onlardan bəziləri Azərbaycanda, bəziləri isə ölkə hüdudlarından kənarda yaşayır.
Təsadüfi deyil ki, onlardan ikisinin adı \”Forbes”in milyaderlər siyahısında keçir. Bunlardan biri Miyankü kəndində anadan olmuş Türkiyənin \”Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, digəri isə Masallı şəhərində anadan olmuş Rusiyanın \”Konrad” şirkətlər qrupunun prezidenti Vaqif Məmişovdur. Əslən Masallıdan olan yüzmilyonçular arasında Gülağa Qəmbərovu, Məşkur Qasımovu, Qasıməli Qasımovu, Məşkur Hüseynovu, Ramazan Zeynalovu, Usubəli Məmmədovu, Üzeyir Məmmədovu, Rza Həsənovu, Vüqar Babayevi, Mais Mənsimovu və digərlərini göstərmək olar.(azxəbər)
İnterpress.az