Zelenski tezliklə istefa verməyə məcbur ediləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin üzvü Corc Qallouey açıqlama verib.
Corc Qallouey ABŞ-nin Ukrayna liderini sıxışdırdığını və onun yerinə Valeri Zalujnının gətiriləcəyini iddia edib.
Parlamentari bildirib ki, avropalılar danışıqlar prosesindən tamamilə kənarlaşdırıldıqları üçün ciddi narazılıq keçirirlər.
“Onlar hər şeyi Zelenskinin üzərinə proyeksiya edir və Zelenskisiz sülhün mümkün olmadığını deyirlər, halbuki onun ayağının altındakı torpaq artıq qaçır. Təbii ki, amerikalılar da kənarda dayanmır və bu ‘torpağı’ özləri laxladırlar”, – o qeyd edib.
Qalloueyin sözlərinə görə, ABŞ tərəfindən yaradılan və idarə olunan antikorrupsiya qurumu Zelenskinin partiyasından olan azı 77 deputata qarşı ittiham irəli sürməyə hazırlaşır:
“Zelenskinin ofis rəhbəri artıq istefa verməyə məcbur edilib. Ortada sənədlər, səsyazıları, pul və kağız izləri var. Bunların hamısı mənim münaqişənin bütün mərhələlərində ‘Kiyev oğrusu’ adlandırdığım xırda fırıldaqçıya aparıb çıxarır”.
Deputat iddia edib ki, məlumatlı şəxslər Zelenskiyə artıq istefa verməli olduğunu çatdırıblar:
“Görünür, onun yerini tutmaq üçün (ən azı seçkilərə qədər müvəqqəti olaraq) seçilən şəxs Ukraynanın Londondakı səfiri Valeri Zalujnıdır. London isə həmişə olduğu kimi, Ukraynada baş verən hər şeyin tam mərkəzindədir”.
Xuraman Etibarlı
İnterpress.az






