“Ədalətə və sülhə aparan bu yolda zəhməti olan hər kəsə minnətdaram” – Tənzilə Rüstəmxanlıbackend

“Ədalətə və sülhə aparan bu yolda zəhməti olan hər kəsə minnətdaram” – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans həm elmi səviyyəsinə, həm də yüksək təşkilatçılığına görə xüsusi qeyd olunmalıdır. Dünyanın nüfuzlu universitetlərinin professorlarının, tanınmış insan haqları müdafiəçilərinin iştirakı tədbirin beynəlxalq çəkisini daha da artırdı.

Beynəlxalq konfransda Qərbi Azərbaycanda qalmış və dağıdılmış milli-mənəvi və mədəni irsimizin gündəmə gətirilməsi, eləcə də 1918-ci ildə azərbaycanlıların deportasiyası ilə bağlı italyan alimlərinin araşdırmalarının təqdimatı bu məsələyə göstərilən ciddi elmi yanaşmanın və böyük zəhmətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə görülən işlərin əsas dayaq nöqtəsidir. Cənab Prezidentin beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətin konturları da göstərdi ki, bu siyasət həm ədalətin bərpasına, həm də sülhə yönəlmiş təşəbbüslərin daha da güclənməsinə xidmət edir.

Onu da qeyd etməliyəm ki, konfransın gedişində Prezidentin müraciətinin təqdimatı, proqramın hər bir detalının – ən incə texniki məqamlara qədər – düşünülməsi, fasilələr zamanı Qərbi Azərbaycandan olan millət vəkillərinin 61 ölkədən gəlmiş qonaqlarla təkbətək görüşləri, həmçinin təşkilati məsələlərin zərgər dəqiqliyi ilə idarə olunması göstərdi ki, bu tədbirin arxasında çox böyük, fədakar bir əmək dayanır.

Bu möhtəşəm konfransın keçirilməsində əməyi olan hər kəsə – ilk növbədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev başda olmaqla, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, bütün iştirakçılara və o fədakar könüllü gənc komandaya dərin təşəkkürümü bildirirəm.