Bakıda qeyri-adi fırıldaqçılıq: Özünü maşınların altına atıb pul alan adam peyda olub – VİDEObackend

Bakıda qeyri-adi fırıldaqçılıq: Özünü maşınların altına atıb pul alan adam peyda olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı küçələrinin birində kişinin özünü qəsdən maşınların qarşısına ataraq pul tələb etdiyi iddia edilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Həmin görüntülərdə şəxs sürücüyə bildirir ki, polisə şikayət etməməsi üçün ona pul versin.

Yayılan video barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında yayılan videonun köhnə olduğunu, amma bu cür vəziyyətdə belə şantajlara və qanunsuz yanaşmalara alət olmamaq üçün qanunvericiliyin tələblərini və atılmalı olan hüquqi addımları izah edib:

“Yol-nəqliyyat hadisəsi baş verdikdə, xüsusən də xəsarət halı olduqda, sürücü yol polisini hadisə yerinə çağırmalı və polisə verdiyi ilkin məlumatda xəsarətin olması vurğulanmalıdır. Əgər zərurət varsa, əraziyə təcili tibbi yardım maşını çağırmalı, yaxud da zərərçəkmişi təxirə salınmadan xəstəxanaya aparmalıdır.

Bu, gələcəkdə aparılacaq prosessual araşdırmada sürücünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Daha sonra məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aparılan araşdırma prosesinin istiqaməti müəyyən edilir.

Ekspertizanın rəyinə uyğun olaraq – dərəcəsi təyin olunmayan, yüngül, az ağır və ağır xəsarət qeyd edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, az ağır və ağır xəsarət cinayət məsuliyyəti ilə tənzimlənir. Yüngül xəsarət İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq 200 manat cərimə və yaxud məhkəmə tərəfindən bir ilədək sürücülük vəsiqəsindən məhrum olunmasını nəzərdə tutur.

Dərəcəsi təyin olunmayan xəsarət yerinə yetirilibsə, o zaman məsələyə yol hərəkəti əleyhinə edilən hər hansı qayda pozuntusu edilibsə, ona uyğun olan maddə ilə barəsində inzibati tənbeh tədbiri seçilir. Misal üçün, piyada keçidində piyadaya yol verməyibsə, sürücü 330-cu maddə ilə 50 manat cərimə olunur.

Bütün bunlarla bağlı isə əvvəlcədən hadisədə xəsarətlə bağlı verilən məlumata əsasən ibtidai istintaq araşdırılması aparıldıqdan sonra qərar verilir. Yəni vaxtında polisdən gizlədilməyən informasiya sürücünü, eləcə də piyadanı əlavə söz söhbətdən və lüzumsuz hərəkətlərdən bir növ sığorta edir”.

O qeyd edib ki, zərərçəkmiş şəxs şikayətçi olmasa belə, bunun üçün sürücü hadisə ilə bağlı məlumatı polisə aidiyyəti üzrə ərizə yazmaqla bildirməlidir:

“Bu, sürücünü gələcəkdə heç bir mənəvi və hüquqi dəyərlərə hörmət etməyən şantajçıların şər və böhtanından qoruyur. Mülki qanunvericilikdə o da qeyd olunub ki, həqiqətən hadisə baş veribsə, zərərçəkmiş dəymiş ziyanla bağlı təqsirkar tərəfdən pul tələb edə bilər.

Lakin zərərin dəyəri sübuta yetirilməlidir, sığorta öhdəliyi olduqda bu zərər sığortanın ayırdığı vəsaitlə zərərçəkmişi qane etmədikdə isə mülki qaydada məhkəmə mübahisələndirilməsi aparılmaqla edilə bilər. Bu proses isə sırf məhkəmələrin səlahiyyətindədir”.

A.Əsgərli qeyd edib ki, bu kimi hallarda sürücülər DİN-in “102” Zəng Mərkəzinə təxirə salmadan zəng etsin və məsələ barədə dərhal məlumat versin ki, araşdırmanın “isti izlər”lə aparılması polis tərəfindən təmin edilsin:

“Bir sözlə, sürücülər videodan da göründüyü belə mənəviyyatsız addımlar atan işbazların oyununa inanmasınlar, hadisə baş verən kimi dərhal hadisə yerinə polis əməkdaşlarını dəvət etsinlər!”