“Belə başa düşdüm ki, yaxın zamanda Hadruta köç başlayacaq”backend

“Belə başa düşdüm ki, yaxın zamanda Hadruta köç başlayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun Yenisabah.az-a müsahibəsi:

– Rauf bəy, Qarabağdan yeni qayıtmısınız. Maraqlıdır, işğaldan azad olunmuş torpaqlarımızda ötən bir il ərzində hansı işlər görülüb?

– Füzuli Hava Limanı bu bir il müddətində demək olar ki, hazır vəziyyətdədir. İstismara hazır vəziyyətə gətirilib. Bu Hava Limanının əhəmiyyəti böyükdür. Qarabağın hava qapısıdır və eyni zamanda da beynəlxalq statusalma, ərazidə hava məkanın təhlükəsizliyini geriyə dönmə şəkildə təmin olunması deməkdir. Azərbaycan bunu bacarıb. Biz Zəfər yolu ilə Füzulidən keçərək Şuşaya getdik. Zəfər yolunun sağ və sol bütün istiqamətlərində inşaat işləri davam edir. İkitərəfli yolların çağırışı davam edir. Füzulidən Şuşaya qədər yol çox mükəmməl idi. Rahat şəkildə Bakıdan maşına oturub, Şuşada enmək olur. Bu xoşbəxtliyi biz yaşadıq.

Şuşada inşaat işləri davam edir. Şuşa da ermənilərin vandalizminə məruz qalıb. Bir çox binalar darmadağın edilib. Onların çoxu da tarixi binalardır. Ermənilər yeni heç bir bina inşaa etməyiblər. Biz Şuşanın baş meydanın, İcra Hakimiyyətinin binalarının təmirinin şahidi olduq. Yeni modul tipli xəstəxana açılıb. Həmin xəstəxananı ziyarət etdik. Həkimlər növbəli prinsiplə işləyirlər. Orada yeni restoranlar açılıb. Şuşaya gəlib, orada xidmət göstərənlər xoşbəxtdirlər. Əhval-ruhiyyəmiz çox yüksəkdir. Ordumuzun zabitləri, əsgərləri ilə görüşdük. Onların Azərbaycan marşını bir səslə oxumasını müşahidə etdik. O səs əminəm ki, Xankəndində belə eşidildi.

– Hadrutdan paylaşdığınız video görüntülər maraqla qarşılandı. Rauf bəy, sizcə azərbaycanlıların tezliklə Hadrut qəsəbəsinə köçürülməsi mümkündürmü?

– Hadrut şəhərinin özünü də bir az gəzdik, dolaşdıq. Hadrut ermənilərin sıx yaşadığı məskən olduğu üçün və Azərbaycan tərəfindən azad edilə biləcəyini düşünmədikləri üçün onlar əl dəyməyiblər. Vandalizmi Hadrutda görmədik. Şəhər sağ-salamatdır. Heç bir problem yoxdur. Orada da çox qızğın iş gedir. Musiqi məktəbinin təmir prosesini gördük və çəkdik. Hazırlıq prosesi gedir.

Mənə rəsmi deyilmədi. Amma gedən proseslərdən belə başa düşdüm ki, yaxın zamanlar da Hadruta azərbaycanlılar köçürüləcək. Çünki bütün inşaat, təmir və kommunikasiya xətləri yenidən gözdən keçirilir. Hadruta hesab edirəm ki, 5 min insan rahat şəkildə köçürülə bilər. Onlar üçün orada bütün şərait var.

Yol boyunca Qarabağın dirçəlməsi, canlanması prosesini gördük. İnsanlarımız böyük məmnuniyyət, həvəslə imkan olduqca həmin əraziləri ziyarət edirlər. Qarabağa sanki yeni bir həyat, nəfəs gəlib.

İnanıram ki, artıq yaz aylarında Şuşa yolu vətəndaşlarımız və xarici görüşlər üçün tam açılacaq. Bunun üçün bütün imkanlar, şərait var. Şuşada artıq 2 otel, 1 pansionat fəaliyyət göstərir. Bir gecədə 1500 nəfərin yerləşməsi üçün bütün infranstuktur var.

– Sizcə, əhalinin Qarabağın hansı bölgəsinə köçürülməsi Azərbaycanın strateji maraqlarına cavab verir? Köç prosesinə haradan başlamaq lazımdır?

– Bütün ərazilərə köçürülmədi. Bu həm strateji, həm də millət, dövlət olaraq borcumuzdur. Qarabağlılar Qarabağa qayıtmalıdır. Birinci olaraq hesab edirəm ki, Şuşa, Hadrut buna hazırdır. Çünki binalar var. Hər ikisində də təmir prosesi gedir. Daha sonra çox strateji nöqtələrdən biri Ağdam və Zəngilandır. Ümid edirəm ki, o cür də olacaq. Ağdam Xankəndinin 18 km-dədir. Bu da ən strateji nöqtə sayılır. Eyni zamanda Zəngilan da Zəngəzur dəhlizinin və bütün kommunikasiyalarının hamısının qovşağındadır. Zənnimcə, dövlətin siyasəti də bu cürdür. Bütün bu proseslərə başlamaq üçün böyük vəsait lazımdır. Məskunlaşma vacibdir. Lakin mərhələli olacaq. Şuşa, Hadrut, Ağdam, Zəngilan. Daha sonra isə Füzuli mütləq olacaq. Orada Hava Limanı yerləşir və bütün xarici xətlər gəliş-gediş Füzuli üzərindən olacaq.

– Qarabağa səfər zamanı müşahidələriniz necə oldu? Sizin fikrinizcə, separatçılar Qarabağda uzun müddət duruş gətirə biləcəklərmi?

– Mən bunu Şuşaya səfər edəndə müşahidə etdim. Qırmızı Bazardan keçərək, ermənilərin yaşadığı yaşayış məntəqələrini adlayaraq getmişdim. Videolarını belə çəkmişdim. Bir nəfər qadın, uşaq yox idi. Bu da onu göstərir ki, onlar ailə modeli ilə yaşamırlar. Sadəcə bir- iki nəfər hər evdən gəlib, yardım alır. Bəziləri də çox qocadırlar, gedə bilmirlər. Ailəsiz qoca və ya müvəqqəti hər hansı maraqla qeydiyyata düşüb, gedənlər Qarabağda məkunlaşanlar sayıla bilməzlər. Ermənilər üçün bu məsələnin sonu yoxdur. Son mənzilə gəlib çıxa biməyəcəklər. Məskunlaşma imkanlarına malik deyillər.

Gələn məlumatlara görə, Ermənilər Qarabağ ərazisində yerləşən evlərini, əmlaklarını satışa çıxarmağa təşəbbüs göstəriblər. Bu elanların sayı həddindən artıq çoxdur. Onlar satıb, köçüb getməyi hədəfləyiblər. Köçənlərin də sayı çoxdur. Bir çoxları gəlib Xankəndində qeydiyyata düşüb və Rusiyada yaşamağa gediblər.