COP 29 və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan nümunəsibackend

COP 29 və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan nümunəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəşər tarixinin bütün dövrlərində insan-təbiət münasibətləri insan fəaliyyətinin bütün sahələrində, hətta mənəvi bağları və dini inanclarında özünə yer tapmağı bacarmış, qarşılıqlı olaraq insan və təbiət bir-birinə öz təsirini göstərmişdir. Qloballaşmadan əvvəlki bütün dövrlərdə əgər bu təsir ayrı-ayrı regionlar üçün spesifik xüsusiyyətlərə malik idisə, qloballaşma bütün təsir mexanizmlərinin də öz növbəsində beynəlxalq yayılmasına şərait yaratdı və beləcə, ayrı-ayrı insan cəmiyyətləri, millətlər, sosial qruplar bu qarşılıqlı artan təsir və asılılığın bütövlükdə və birbaşa həm törədicisi, həm də qurbanına çevrildilər. Əsrin sonlarına doğru isə bütün tədqiqatlar və xüsusilə də “insan-təbiət” münasibətlərindəki presedenti olmayan nəticələr göstərdi ki, ekoloji fəlakət hətta hesablamalardan belə daha ciddi və çox daha təhlükəli həddədir və bütün dövlətlərin kollektiv töhfəsini tələb etməkdədir.

 İqlim dəyişikliyinə qarşı mübarizədə 1992-ci ilin iyunda Rio de Janeyroda keçirilən dünya sammitinin və həmin sammitdə 154 dövlət  tərəfindən imzalanan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının vital əhəmiyyəti var. Konvensiya iqlimi qorumaq adına ilk beynəlxalq qanun kimi də xarakterizə edilə bilər. 1995-ci ildə isə BMT-nin ilk İqlim Dəyişikliyi Konfransı keçirildi və 150-dən artıq dövlətin nümayəndəsi istixana qazı emissiyalarının azaldılması məsələlərini və dövlətlərin müvafiq öhdəliklərini müzakirə etmək üçün Tərəflərin Birinci Konfransına toplandılar. Müzakirələrin leytmotivi isə bu idi ki, 2000-ci ilə kimi emissiyanın miqdarı 1990-cı il səviyyəsinə endirilsin.

İqlim dəyişikliyi siyasi ağırlıqlı məsələdir. Çünki, dövlətlərin müzakirələr nəticəsində alınmış qərarları qeyd-şərtsiz yerinə yetirməkdə istəkli olması, yaxınlaşmaqda olan qlobal fəlakətlə mübarizənin ilk mühüm şərtidir. Hətta yaxın keçmişdə bununla bağlı maraqlı nümunələr var: məsələn, 2020-ci ildə Donald Tramp ölkəsini Paris müqaviləsindən geri çəkərkən, bundan cəmi 1 il sonra Co Bayden administrasiyası gəldikdən sonra yenidən qüvvəyə mindi və hətta Co Bayden bildirdi ki, bu məsələ təcili fəaliyyətə başlamağı tələb edir. Yəni, ABŞ kimi bir dövlətin belə iqlim dəyişikliyi ilə mübarizədə oynamaqda olduğu rol prezident administrasiyaları ilə paralel olaraq dəyişiklik göstərə bilir və bu dəyişiklik beynəlxalq mübarizəni domino effekti kimi sıradan çıxarmağa qadirdir. Həmçinin, iqlim dəyişikliyinin ən dəhşətli fəsadlarına məruz qalan dövlətlərdən olan Avstraliya bir tərəfdən karbondioksit miqdarının azadılması ilə bağlı tədbirlər planını bəyan edərkən, digər tərəfdən kömür istehlakını saxlamağı iqtisadi inkişafın əsas sütünü olaraq qəbul edir (eləcə də Çin).

Atmosferə buraxılmaqda olan karbondioksit miqdarında ən aparıcı rol İnkişaf Etmiş Ölkələrin üzərinə düşsə də, iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan dövlətlər İEOÖ-dir. Bu baxımdan xüsusilə də İEÖ səviyyəsində nümayiş etdirilməli olan qərarlılıq, öz növbəsində ikinci qrup üçün də mühüm örnək təşkil edərək, yaxın gələcəkdə ciddi addımlar atılmasına gətirib çıxaracaqdır.

Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası iqlim dəyişikliyinə qarşı mübarizədə istər ölkədaxili, istərsə də beynəlxalq müstəvidə davamlı addımlar ataraq, bütün dünya üçün önəmli örnək təşkil edir. Prezident cənab İlham Əliyev Almaniyada Olaf Şoltsla birlikdə mətbuat konfransı zamanı bildirdi ki, “neft və qaza sahib ölkələr haqqında hansısa miflər yaradılmamalıdır, bu ölkələr iqlim məsələlərin həlli üçün çox böyük səylər göstərir”. Sözsüz ki, Azərbaycan bu dövlətlərin başında gəlməkdədir.

COP 29 öncəsi ölkəmizə qarşı qarayaxma kompaniyasının tərkib hissəsi olaraq sahib olduğumuz zəngin karbohidrogen ehtiyatlarına müqabil, iqlim dəyişikliyinə qarşı mübarizədə hansı rolu oynaya biləcəyimiz kimi əlaqəsiz sual gündəmə gətirilsə də, buna dövlət başçısı tərəfindən layiqli cavab verildi. Neft-qaz ehtiyatlarına sahiblik təbiətdən gələn bəxşişdir, buna insan iradəsi müdaxilə edə bilməz və bu ehtiyatlara sahib olmaq bizim seçimimiz deyil. Lakin, yaşıl enerjiyə keçid bizim öz seçimimizdir. Belə ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi dövlətimizin üçün prioritet istiqamətlərdəndir və 2030-cu ilə kimi elektrik enerjidə bərpa olunan enerjinin payının 30 %-ə çatdırılması hədəflənməkdədir. Yaşıl enerjiyə keçid Prezident cənab İlham Əliyev üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidən qurma konteksində də müşahidə etmək mümkündür ki, Qarabağın yaşıl enerji zonasına çevrilməsi istiqamətində dövlət proqramları icra edilməkdədir.

Ölkəmiz tarixində ilk dəfə olaraq COP29 kimi böyük maşstablı tədbirə ev sahibliyi edəcək. Sessiyadan həm də ona görə böyük ümidlər varki, Azərbaycan etibarlı tərəfdaş nümunəsidir və bütün dünya yaxşı bilir ki, əgər ev sahibliyi edən dövlət Azərbaycandırsa, o zaman mütləq ki əvvəlki dövrlərdən fərqli daha optimist nəticələr əldə etmək mümkün olacaq. Çünki, hazırda ölkəmiz bərpa olunan enerji ilə bağlı fərqli ölkələrə məxsus şirkətlərlə əməkdaşlıq edir və onların təcrübəsindən faydalanır. Ölkəmizin coğrafi məkanının zəngin külək, günəş enerjisi potensialına malik olduğu nəzərə alınarsa, bu tədbir ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarına da öz növbəsində töhfə verəcək.

COP29 kimi tədbirə ev sahibliyi etməklə Azərbaycan həm də iqlim dəyişikliyinə qarşı mübarizənin ön cəbhəsində olduğunu nümayiş etdirir. Çünki, bir neft-qaz ölkəsi olaraq yaşıl enerjiyə keçiddə bu qədər qərarlı olmağımız, təbikii digər dövlətlər üçün də mühüm örnəkdir. Ümid edirik ki, prezident cənab İlham Əliyev rəhbərliyində nümayiş etdirilən qərarlılıq digər dövlət rəhbərləri, xüsusilə də inkişaf etmiş ölkələrin siyasi isteblişmentləri üçün  təsiredici nümunə olar və COP 29 konteksində beynəlxalq səyləri artırmaq istiqamətində qərarlılığımız öz müsbət nəticəsini verər.

Bahadur Hüseynov,
Beynəlxalq Münasibətlər üzrə Magistr