1950-ci ildə 65 və yuxarı yaşda olan dünya əhalisinin 20 nəfərdən 1-i, 2021-ci ildə isə hər 10 nəfərdən 1-i olduğu halda, 2050-ci ildə bu yaş qrupunun dünyada hər 6 nəfərdən 1-i təşkil edəcəyi təxmin edilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünya əhalisinin qocalması problemlərinin həlli, ahılların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması və bu mövzuda maarifləndirmə işlərinin aparılması məqsədilə hər il oktyabrın 1-i “Ümumdünya Ahıllar Günü” elan edilib.
Bu çərçivədə hər il müəyyən bir mövzu ətrafında konfranslar, tədbirlər təşkil olunur.
BMT tərəfindən 33-cü dəfə qeyd olunan Beynəlxalq Ahıllar Gününün builki mövzusu “Yaşlılar üçün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin vədlərinin yerinə yetirilməsi: nəsillər boyu” kimi müəyyən edilib.
Bu ilki bayram diqqəti yaşlıların bənzərsiz xarakterlərinə yönəldəcək və nəsillər arasında birliyin davamlı inkişaf məqsədlərini necə gücləndirə biləcəyinə diqqət yetirəcək.
2050-ci ildə yaşlı əhalinin sayı 1,6 milyarda çatacaq.
BMT-nin “Yaşlanan dünyada heç kəsi geridə qoymamaq” şüarı ilə hazırladığı 2023-cü il Dünya Sosial Hesabatına əsasən, dünya əhalisi içərisində yaşlı insanların payı artır.
2021-ci ildə 761 milyon olan 65 yaşdan yuxarı əhalinin 2050-ci ildə iki dəfədən çox artaraq 1,6 milyarda çatacağı gözlənilir. Əgər bu proqnoz özünü doğrultsa, yaşlı insanlar dünya əhalisinin 16 faizindən çoxunu təşkil edəcək.